Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-687/2025 07.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğunu etiraf etdiyi 30500 məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Cavabdeh ilə tanış olmuşdur. 2019-cu ildən başlayaraq dost-tanışlarının dəstəyi ilə al-verini bir az da genişləndirmişdir. Bunu görən Cavabdeh Oktay oğlu da, al-verini genişləndirmək üçün ondan dəstək istəmişdir. Artıq dostluq münasibətlərində olaraq etibarını qazandığı üçün cavabdehə maddi dəstək olmaq üçün, borca pul verməyə başlamışdır. Şifahi şəkildə danışıqları elə olmuşdur ki, cavabdeh onun hər dəfə borc verdiyi pul ilə etdiyi al-verdən qazandığı gəlirdən müəyyən məbləği üstünə qoyaraq borcunu qaytaracaqdır. İlk aylarda cavabdeh həmin məbləği də aldığı borcun üstünə qoyaraq ona qaytarmışdır. O, həmin məqsədlə 2019-cu ilin mart ayından başlayaraq cavabdehə pul verməyə başlamışdır. İlk dəfə cavabdehə 5000 manat pul vermişdir. Həmin məbləği cavabdeh ona qaytaranda üstünə 300 manat pul da qoymuşdur. Aradan bir ay keçməmiş ondan 25000 manat pul istəmişdir. O, da əvvəlki pulun vaxtında qaytarıldığını nəzərə alaraq cavabdehə 25000 manat pul vermişdir. Həmin pul ilə al-ver edən Cavabdeh Oktay oğlu 2-3 aya ona pul qaytarmışdır. Cavabdeh pulu qaytaranda ona demişdir ki, həmin puldan 2000 manat qazancı olub, 1000 manatını verir ona. Sonralar cavabdeh qazandığı puldan ona müyyən qədər pul verirdisə, sonralar ona pul qaytarmadan yenə də pul lazım olduğunu bildirmiş, o, da yaranmış etbarlı münasibətlərə görə cavabdehə inanıb pul vermişdir. Bu formada 2019-cu ildə cavabdehin ona olan borcu 90000 manata çatmışdır. Pandemiya düşəndən sonra, o da vəziyyəti başa düşərək, borcunu cavabdehdən ciddi şəkildə tələb etməmişdir. Pandemiya bitdikdən sonra yenə də al-ver etməyə başlayanda, o pulunu cavabdehdən tələb etməyə başlamışdır. Yaxın zamanlara kimi cavabdeh ona 90000 manat borcu olduğunu etiraf etmiş, borcdan 16000 manatını qaytararaq qalan 74000 manatını da yaxın zamanlarda qaytaracağını bildirmişdir. 2024-cü ilin əvvəllərindən başlayaraq, cavabdeh borcun müəyyən hissəsini mənimsəmək üçün müxtəlif üsullara əl atmağa başlamışdır. O, 2024-cü ilin iyun ayında Bakı şəhəri Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişdir. Ərizə üzrə araşdırma aparıldıqdan sonra 10 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh Oktay oğlu aparılan təhqiqat araşdırmaları zaman verdiyi izahatı ilə ona 30500 manat borclu olduğunu etiraf etmişdir. Cavabdeh 90000 manat borcdan yalnız bir dəfə ona 16000 manat pul qaytarmışdır. Qeyddə göstərildiyi 39000 manatı ona qaytarmamışdır. Bütün bunlara baxmayaraq o iddia tələbində ancaq təhqiqat araşdırmaları zamanı cavabdeh tərəfindən etiraf olunan borcu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, pulu cavabdehə iş görmək məqsədi ilə vermişdir. Cavabdehə verdiyi puldan cavabdeh qazanc əldə edərək ona da vermişdir. Cavabdeh ondan pul alarkən fəaliyyətini nə vaxt dayandırarsa pulunu bir ay ərzində ona qaytaracağına söz vermişdir. Hətta pandemiya zamanı pulunu bir ay müddətinə qaytaracağını bildirsə də pulu qaytarmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, pulu İddiaçı al-ver etmək üçün götürmüşdür. Aybaay iddiaçıya faiz verməli idi. Qeyd edilən 30500 manat borc mövcuddur. Belə ki, iddiaçıdan borc pul almış, 30500 manat borcu qalmış, qalan pulu qaytarmışdır. 30500 manat pulu aybaay iddiaçıya ödəməyə razı olsa da iddiaçı pulun hamısının tam olaraq qaytarılmasını istəyir. Əslində onun pulu əvvəlki şərikindədir, iddiaçı da bunu bilir. Borcunu ödəməkdən boyun qaçırmır, lakin borcu hissə-hissə ödəyə bilər. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış və material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı 30500 manat borclu olduğunu qeyd etmişdir. İş materiallarında olan yazılı qeyddən görünür ki, Cavabdeh qalıq verəcəyinin 30500 manat olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında qazanc əldə edilməsi ilə bağlı borc münasibətləri yaranmış, Əliyev X1 Zöhrab Oqtay oğluna borc pul vermişdir. Cavabdeh da İddiaçı 30500 manat məbləğində borcu qaldığını bildirmişdir. İddiaçı da həmin məbləğin tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, 30500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30500 (otuz min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-687/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-687/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver