Məhkəmə qərarları › İş №2-2(115)-69/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-69/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-69/2022 01.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun,ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmentlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 14 419 manat əsas borc, 1326,73 manat faiz borcu, 100,48 manat cərimə borcu, 17 fevral 2018-ci il tarixdən başlayaraq Mərkəzi Bankən illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 2 manat məbləğində hesablanmaqla 6 manat olmaqla, ümumilikdə, 15 852,21 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 31 manatın, 31 manat ipoteka qoyulmuş əmlakın qeydiyyatı ilə bağlı bildirişə görə ödənilmiş rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, S.Vurğun küçəsi 0,12 hatorpaq sahəsi və üzərindəki 62 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin ilkin satış qiymətinin tərəflər arasında razılaşdırılmış 25 000 manat müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, əmlak satıldıqdan sonra bir ay ərizndə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında müvafiq olaraq 050 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh1 14 500 manat məbləğində illik 6% olmaqla 18 aylıq güzəştlə 36 ay müddətinə kredit verilmiş, öhdəliyin icrası kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, S.Vurğun küçəsi 0,12 ha torpaq sahəsi və üzərindəki 62 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər yaranmış öhdəliklərini icra etməmişlər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və cavabdeh tərəfindən əsas borc üzrə müəyyən ödəniş olunduğunu bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək kredit üzrə borcu ödəyə bilmədiyini bildirmişdir. . Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayədəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 17 fevral 2015-ci il tarixli, 050 nömrəli kredit müqaviləsi üzrə Bank tərəfindən Cavabdeh1 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla 14 500 manat məbləğində kredit verilmişdir. 17 fevral 2015-ci il tarixli, 050i nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələrinin təminatı kimi X1 məxsus Göygöl rayonu, Qızılca kəndində 0,3509 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 24 may 2017-ci il tarixli, 1372 saylı və 1371 saylı bildirişlərdən görünür ki, cavabdehlər yaranmış borc ilə bağlı xəbərdar edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, S.Vurğun küçəsi 0,12 ha torpaq sahəsi və üzərindəki 62 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, S.Vurğun küçəsi 0,12 ha torpaq sahəsi və üzərindəki 62 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 01 avqust 2017-ci il tarixli, 2148 nömrəli bildirişdən görünür ki, borclular yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. 28 mart 2018-ci il tarixli, 485 nömrəli maliyyə arayışından görünür ki, 17 fevral 2015-ci il tarixli, 050 nömrəli müqavilə üzrə 14 419 manat əsas borc, 1326,73 manat faiz borcu, 100,48 manat cərimə borcu, 6 manat AR MM-nin 445.7-ci maddəsinə görə hesablanan borc, ümumilikdə 15 852,21 manat borc qeyd edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi barədə ekspertizanın nəticəsinə dair ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşəmn 0,12 ha torpaq sahəsinin və fərdi yaşayış evinin bazar qiyməti 70 000 manat, likvid dəyəri 65 000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, 17 fevral 2015-ci il tarixli, 050 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən Cavabdeh1 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faiz olmaqla 14 500 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə tələbin kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu müvafiq olaraq 6 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu tələb etdiyindən tələb bu hissədə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa iddiaçı, cavabdehdən 100,48 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 10 (on) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı hissəsi üzrə onu qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə İddiaçı ASC ləğv edilmişdir. Artıq o adda hüquqi şəxs mövcud deyildir. Belə olduğu halda evin iddiaçıya deyil, onu hərracdan alan şəxsə verilməsindən söhbət gedə bilər. Həmin şəxs isə hələ bəlli deyildir. Bundan əlavə, onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Hazırda cavabdehlər həmin əmlakın mülkiyyətçisidir. Əmlak üzrə sahiblik, istifadə və sərəncam hüquqları hərracın nəticələrinə əsasən başqa şəxsə keçməmişdir. Həmçinin ipoteka müqaviləsinin predmeti fərdi yaşayış evi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Odur ki, tələbin həmin hissəsi də əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12 328 (on iki min üç yüz iyirmi səkkiz) manat məbləğində əsas borc, 1326,73 (min üç yüz iyirmi altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6 (altı) manat olmaqla, ümumilikdə 13 670,73 (on üç min altı yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində borc, 31 (otuz bir) manat dövlət rüsumu, 31 (otuz bir) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, borc tələbi ipoteka qoyulmuş, likvid dəyəri 65 000 manat olan xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, Səməd Vurğun küçəsində yerləşən 0,12 ha torpaq sahəsinə və tam mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus həmin torpaq sahəsi üzərindəki 62 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh1 12 328 (on iki min üç yüz iyirmi səkkiz) manat məbləğində əsas borc, 1326,73 (min üç yüz iyirmi altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat cərimə borcu, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6 (altı) manat olmaqla, ümumilikdə 13 670,73 (on üç min altı yüz yetmiş manat yetmiş üç qəpik) manat məbləğində borc, 31 (otuz bir) manat dövlət rüsumu, 31 (otuz bir) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Borc tələbi ipoteka qoyulmuş, likvid dəyəri 65 000 manat olan xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Şəmkir rayonu, Sarıtəpə kəndi, Səməd Vurğun küçəsində yerləşən 0,12 ha torpaq sahəsinə və tam mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus həmin torpaq sahəsi üzərindəki 62 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Məhkəmə Ekspertiza Xidmətləri“ MMC, „Kapitalbank“ ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************,VÖEN:**********,hesab:AZ90AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar