Məhkəmə qərarları › İş №2-2(115)-69/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-69/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-69/2025 08.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Tərtər rayon İcra hakimiyyətinin nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 iştirakları ilə. İddiaçı Tərtər rayon İcra hakimiyyətinin (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tərtər rayon İcra hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh Tərtər rayon İcra hakimiyyətinə 2013-cü il tarixdə ərizə ilə müraciət edərək Çaylı kəndi ərazisindən kənd təsərrüfatı bitkilərinin əkilməsi məqsədi ilə 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi ilə örüş sahəsindən isə 215 hektar olmaqla, cəmi 265 hektar torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Tərtər rayon İcra hakimiyyəti tərəfindən Cavabdeh ərizəsi nəzərə alınmış, onunla 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən 265 hektar torpaq sahəsi 25 il müddətinə vətəndaş Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh Tərtər rayon İcra hakimiyyətini məlumatlandırmadan icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə uyğun istifadə etməmiş, torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Dəfələrlə həmin şəxsin icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilərkən sahənin təyinatı üzrə istifadə edilmədiyi, əkin üçün yararlı olan 50 hektar torpaq sahəsinin əkilibbecərilmədiyi və sahədə icarəçinin deyil, ayrı-ayrı şəxslərin heyvan otardıqları müşahidə edilmiş və bununla bağlı müvafiq olaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrindən istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın İİİ bölməsinin 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna xitam verilir. Tərtər rayon Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi nümayədəliyinin təsərrüfatbaşına uçot kitabında Cavabdeh mülkiyyətində iri və xırda buynuzlu heyvanları - 2015-ci ildə 5 baş iri buynuzlu heyvan olmuş, 2016-2019-cu illərdə olmamış, 2020-ci ildə 104 baş xırda buynuzlu heyvan olmuş, 2021-2023-cü illərdə olmamışdır. Qeyd edilənlərlə yanaşı kənd təsərrüfatı məhsulu istehsalı məqsədi ilə icarəyə götürdüyü 50 hektar əkinə yararlı torpaq sahəsindən tam və səmərəli istifadə etməmişlər. Belə ki, kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsinə görə dövlət büdcəsindən aldığı subsidiya – 2013-cü ildə 50 hektar, 2014-cü ildə 14 hektar, 2016-cı ildə 13 hektar, 2017-2023-cü illərdə istifadə edilməmişdir. İş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın əsas dəlili ondan ibarətdir ki, iddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmir. Cavabdehin həmin ərazidən istifadə edə bilməməsi məhz iddiaçının üçbatından olmuşdur. Belə ki, Tərtər rayon İcra hakimiyyəti qanunsuz olaraq torpaq sahəsinə öz əməkdaşlarını göndərərək, torpaq sahəsini zor gücü ilə cavabdehin əlindən almışdır. Bundan cavabdeh sonra müxtəlif dövlət qurumlarına dəfələrlə şikayət ərizələri ünvanlamışdır. Sonradan Tərtər Rayon Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etmiş və proseslər zamanı Tərtər rayon İcra hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 40 saylı sərəncamının ləğv edildiyini bilmiş və İcra hakimiyyətinə müraciət edərək xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamı əldə etmişdir. Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ilə qanunvericiliyin tələbləri kobud surətdə pozulduğundan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-2304/2022 saylı qərarı ilə ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Eyni zamanda Cavabdeh hazırda Tərtər Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair "xxxx" MMC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsi üçün Tərtər rayon İcra hakimiyyətinin qərarının ləgv edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işin icraatı hazırki işə görə dayandırılmışdır. Göründüyü kimi cavabdeh həmin torpaq sahəsindən məhz iddiaçı təşkilatın ücbatından istifadə edə bilməmiş və eyni qaydada çıxarış ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Tərtər rayon İcra hakimiyyətinin nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, torpaq sahələri 2013-ci ildən etibarən həmin şəxsin istifadəsində olmamışdır. Müqavilə bağlandıqdan bir neçə ay sonra cavabdeh torpaq sahəsindən istifadə etməmişdir. Torpaq sahəsi boş qaldığı üçün 2014-2015-ci illərdə başqa şəxsin istifadəsinə verilmişdir. Torpaq sahəsi "xxxx" MMC-yə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin 10 aydan artıq bağlanmış icarə müqaviləsi ilə bağlı hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh icarə müqaviləsi bağladıqdan sonra öz hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata aldırmamış, bunun üçün hər hansı müraciət etməmişdir. Cavabdeh hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədiyi üçün hazırda onun hüquqları dövlət tərəfindən tanınmır. Lakin "xxxx" MMC öz hüquqlarını dövlət qeydyyatına aldırmış, 2019-cu ildən həmin torpaq sahəsinə sərmayə qoymuşdur. Bundan başqa cavabdeh icarə haqqını da ödəməmişdir. İcra hakimiyyətinin marağı isə həmin torpaq sahəsindən gəlir əldə etməkdir. Cavabdeh torpaq sahəsindən nə istifadə edir, nə də ki, icarə haqqını ödəyir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilən qəbzlərdə ödəniş edən şəxsin imzası belə yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, sonradan cavabdehə məlum olmuşdur ki, torpaq sahəsi cavabdehin icarəsində olaola başqa şəxsə verilmişdir. Tərəflərindən həmin sərəncam mübahisələndirilmiş və məhkəmə tərəfindən sərəncam ləğv edilmişdir. Cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Toraq sahəsi başqa şəxsə verildiyinə görə 2016-cı ildən icarə haqqı ödənilməmişdir. Həmçinin həmin torpaq sahəsi başqa şəxsin istifadəsində olduğuna görə çıxarış da ala bilmirlər. Cavabdeh torpaq sahəsindən 2016-ci ilə kimi istifadə etmiş, lakin aparılan hərbi əməliyyatlarla əlaqədar 2016-cı ildə həmin torpaq sahələrinə gedişə icazə verilməmişdir. 2016-cı ildə aprel döyüşlərindən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmamışdır, yalnız 2020-ci ildən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmuşdur. Torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunduğu dövrdə icarə haqqı ödənilmişdir. Həmiçinin sözü gedən torpaq sahəsi Ağdərə rayonunun tərkibinə verildiyi üçün Tərtər rayon İcra hakimiyyətinin hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Məhkəməyə təqdim edilən qəbzlərdə olan 265 manat məbləğ icarə müqaviləsində olan məbləğdir. İddia ərizəsində isə heç 2016-ci ilədək ödənişin edilməməsi qeyd edilməmişdir, həmin hal mübahisələndirilməmişdir. Hazırda bunu nümayəndə bildirir. Lakin onlar müqavilə bağlanandan 2016-cı il daxil olmaqla icarə müqaviləsi üzrə ödənişləri etmişlər. İş materillarında olan 30 may 2016-cı il tarixli sərəncam məhkəmə qərarı ilə ləğv edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 izahat verərək bildirdi ki, onlara verilən torpaq sahəsi cavabdehə verilən torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2022-ci ildə onlar həmin sahələrə çıxarış almışlar. Dövlət reyestrinə əsasən həmin torpaq sahələrinə dair icarə hüquqları qeydiyyata alınmışdır. Faktiki olaraq həmin tarixdən 2-3 il əvvəl, 2019-2020-ci illərdən onlar sözü gedən torpaq sahəsindən istifadə edirlər. Torpaq sahəsi onlara veriləndə onun təyinatı dəyişdirilmişdir. Onlar işləri dövlət tapşırığı əsasında görmüşdür, tərəflərindən təxminən həmin torpaq sahəsinə 50 milyon manatdan çox pul xərclənmişdir. Cavabdeh həmin torpaq sahəsindən uzun müddət istifadə etməmişdir. Mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Cavabdeh hazırda mübahisə edilən torpaq üzərində öz hüququnu dövlət qeydiyyatına aldırmamışdır. Həmçinin cavabdehin üzərində hazırda onlarla kəsişməyən başqa torpaq sahələri vardır, həmin torpaq sahələrində də cavabdeh bu günədək heç bir əkin aparmamış, hər hansı fəaliyyətlə məşğul olmamışdır. Cavabdeh sadəcə hüquqdan sui-istifadə edərək onların fəaliyyətinə maneə yaratmaq istəyir. Belə ki, cavabdehin əlavə olaraq 30 hektardan çox başqa torpaq sahəsi vardır. Cavabdeh torpaq sahəsindən xəbərsiz olmuş, onunla maraqlanmamışdır. Onlar birinci dəfə bağ salmış, lakin sel həmin ağacları yuyub aparmış, sonradan ikinci dəfə bağ salmışlar. Bu müddət ərzində cavabeh bir dəfə gəlib deməmişdir ki, bura onun torpaq sahəsidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Tərtər rayon İcra hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamından görünür ki, Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh ərizəsi nəzərə alınaraq, ona Çaylı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkilməsi məqsədi üçün 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi üçün örüş sahəsindən 215 hektar, cəmi 265 hektar torpaq sahəsinin 25 il müddətinə ayrılıb verilməsi, Tərtər rayon İcra hakimiyyəti ilə sakini Cavabdeh arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Tərtər rayon İcra hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Tərtər rayon İcra hakimiyyətinin 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı əsasında 265 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları əkib-becərmək, heyvandarlığın inkişafı üçün istifadə etmək məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Hacıqərvənd kənd sakini Cavabdeh 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mal-qarasının varlığı barədə məlumat yoxdur. İş materiallarında olan 16 may 2016-cı il tarixli Tərtər rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən tərtib edilən aktdan görünür ki, Çaylı kənd ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini icarəyə götürən vətəndaşların torpaqdan istifadə vəziyyətinə baxış keçirərkən icarəçi Cavabdeh icarəsinə verilmiş torpaq sahəsini özü və ya ailə üzvləri tərəfindən deyil, ayrı-ayrı vətəndaşlar tərəfindən istifadə etdiklərini müəyyən etmişlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tərtər rayonu, Çaylı ərazi dairəsində yerləşən 40 ha, 85 ha, 175 ha torpaq sahələrinə dair xx.xx.2022-xx.xx.2068-ci il müddətinə xx.xx.2022-ci il tarixli İ/M № -3M-157 saylı icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüquqları dövlət qeydiyyatına alınmış, torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. İş materiallarında olan Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamından görünür ki, Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə Tərtər rayon İcra hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamının ləğv edilməsi və sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(114)- 2304/2022 saylı qərardan görünür ki, iddiaçı Cavabdeh Tərtər rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia təmin edilmiş, Tərtər rayon İcra Hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-1(104)-123/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(114)- 2304/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 2-1(102)-1478/23 saylı qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-1(104)-123/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzə əsasən 177 manat, xx.xx.2014-cü il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2015-ci il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 265 manat məbləğində vəsait Cavabdeh adından dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin birinci bəndindən görünür ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin maddənin 4-cü bəndinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. Həmin qanunun 19-cu maddəsinə əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir. Həmin qanunun 22-ci maddəsində göstərilmişdir ki, torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüquqdur. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, Tərtər rayon İcra hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh ərizəsi nəzərə alınaraq, ona Çaylı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkilməsi məqsədi üçün 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi üçün örüş sahəsindən 215 hektar, cəmi 265 hektar torpaq sahəsinin 25 il müddətinə ayrılıb verilməsi, Tərtər rayon İcra hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi qərara alınmışdır. Tərtər rayon İcra hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 saylı torpaq sahəsinin icarə müqaviləsinə əsasən, Tərtər rayon İcra hakimiyyətinin 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı əsasında 265 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları əkib-becərmək, heyvandarlığın inkişafı üçün istifadə etmək məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. Həmçinin Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə Tərtər rayon İcra hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmişdir. Həmin sərəncamın ləğvi ilə bağlı Cavabdeh məhkəməyə müraciət etmiş, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ləğv edilmişdir. Bundan başqa Tərtər rayonu, Çaylı ərazi dairəsində yerləşən 40 ha, 85 ha, 175 ha torpaq sahələrinə dair xx.xx.2022-xx.xx.2068-ci il müddətinə xx.xx.2022-ci il tarixli İ/M № -3M- 157 saylı icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüquqları dövlət qeydiyyatına alınmış, torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. İşin mübahisə edilən hallarından biri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə daxilində Ağdərə rayonunun yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi ilə bağlı Tərtər rayonunun digər əraziləri ilə yanaşı Çaylı kəndinin ərazi vahidlərinin də Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi səbəbindən hazırkı iddianı qaldırmaqda Tərtər rayon İcra hakimiyyətinin subyektiv hüququnun olmaması ilə bağlıdır. Qeyd edilən məsələ ilə bağlı məhkəmə bildirir ki, ləğvi tələb olunan müqavilə Tərtər rayon İcra hakimiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Müqavilə tərəfi olaraq icarəyəverən icarə müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırmaq hüququna malikdir. İcarəyə verilmiş torpaq sahəsinin hazırkı vəziyyətdə Tərtər rayonunun inzibati ərazisindən ayıraraq Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi müqavilə tərəfinin bağladığı müqaviləni mübahisələndirmək hüququnu istisna etmir. Mübahisələndirilən digər bir hal ondan ibarətdir ki, icarəçi icarəsinə verilmiş torpaq sahələrindən təyinatına uyğun istifadə etməmiş, torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi 16 aprel 2013-cü il tarixdə bağlanmışdır. Həmin tarixdən 30 iyun 2016-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş həm əkin sahəsindən, həm də örüş sahəsindən istifadə etməsi iddia tələbindən, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçı iddia tələbində cavabdehin 2013-2016-cı illər ərzində 50 hektar əkinə yararlı torpaq sahəsində əkin əkməsi və bununla bağlı dövlət büdcəsindən subsidiya almasını qeyd etmişdir. Həmçinin cavabdehin 2015-ci ildə mülkiyyətində iribuynuzlu heyvanın olması qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də izahatında 2013-2016-cı illər ərzində torpaq sahəsindən icarəçinin təyinatı üzrə istifadə etdiyini, lakin 2016-cı ildən sonra istifadə edə bilməməsini qeyd etmişdir. İddiaçı məhz cavabdehin icarə müqaviləsi bağlandığı andan 2016cı ilədək torpaqdan təyinatına uyğun istifadə etməməsi, ümumiyyətlə istifadə etməməsi və ya digər şəxslərə verərək gəlir əldə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 2016-cı ildən sonra torpaq sahəsindən təyinatına uyğun istifadə etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə Tərtər rayon İcra hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmiş, sərəncam qəbul edilərkən icarəçiyə məlumat verilməmiş, onun iştirakı ilə araşdırma aparılmamış, icarəçinin məsələyə münasibəti öyrənilməmişdir. Məhz icarəyəverən torpağın icarəyə verilməsi ilə bağlı sərəncamı ləğv etməklə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Sərəncam isə icarəçi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən ləğv edilmişdir. Tərtər rayon İcra hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamının ləğv edilməsinə dair məhkəmə qərarı isə xx.xx.2023-cü il tarixdə qüvvəsini almış, bundan sonra isə Tərtər rayon İcra hakimiyyəti icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.12-ci bəndində icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ nəzərdə tutulmuşdur. İcarəçinin icarəyə götürdüyü torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirmək niyyətinin olması iş materialları və cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, icarə müqaviləsi əsasında icarəçiyə qanunvericiliklə nəzərdə tutulan qaydada subyektiv hüququndan istifadə etməsinə icarəyəverən tərəfindən maneə yaradılmışdır və bu maneə davam etməkdədir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndindən görünür ki, tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunla əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəlməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da icarəyəverən tərəfindən iddia tələbində göstərilən nöqsanlar (torpaq sahəsinin istifadəsiz qalması və s) barədə, habelə nöqsanlar varsa onun aradan qaldırılması ilə bağlı heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Mübahisələndirilən bir hal isə ondan ibraətdir ki, cavabdeh icarə hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin icarə hüquqlarını dövlət qeydiyyatına aldırmaması icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Həmin əsasla icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddia tələbi məhz icarə müqaviləsinin ləğvi ilə bağlıdır. Bundan başqa iddia tələbində icarəçi tərəfindən icarə haqqının ödənilməməsi ilə bağlı hər hansı bir əsaslandırma olmasa da iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini də qeyd etmişdir. Məhkəmə icarə haqqının ödənilməsi ilə bağlı bildirir ki, cavabdeh tərəfindən iş materiallarına bank vasitəsilə ödəniş qəbzləri əlavə edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli qəbzə əsasən 177 manat, xx.xx.2014-cü il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2015-ci il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 265 manat məbləğində vəsait Cavabdeh adından dövlət büdcəsinə ödənilmişdir. Həmin qəbzlərdə məhz icarə müqaviləsinin tarixi və nömrəsi göstərilməsə də ödənişin təyinatı dövlət büdcəsinə nağd ödəmə kimi qeyd edilmişdir. Həmin ödənişlərin tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənişlər olmasını istisna edən hər hansı hal mövcud deyildir. Göründüyü kimi icarəyə verilmiş torpaq sahəsindən icarəçi ona icarəyəverən tərəfindən mane yaradılana kimi təyinatına uyğun istifadə etmiş, icarə haqlarını ödəmişdir. Ona icarəyəverən tərəfindən maneə yaradılandan sonra həmin torpaq sahəsindən istifadə edilməməsi, icarə haqlarının ödənilməməsi, torpaq sahələsinin tam və ya qismən digər şəxslərin istifadə və ya icarəsinə verilməsi icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Tərtər rayon İcra hakimiyyətinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar