Məhkəmə qərarları › İş №2-2(115)-695/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-695/2021

15.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-695/2021 15.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin nümayəndələri X5 və X7, Cavabdeh iştirakları ilə. İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Cavabdeh qarşı qeyri-yaşayış binasının sökülməsi və ərazinin boşaldılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şəmkirçay dəryaçasından gələn sol sahil beton kanalının mühafizə zolağında inşa edilmiş sahibkarlıq xidməti məqsədi ilə qeyri-yaşayış binasının sökülməsi və mübahisə predmeti olan ərazisinin boşaldılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Alırzayev X4 dəryaçasından gələn sol sahil beton kanalının PK 134+50 da uzunluğu 14 m, eni 4,5 m, dərinliyi 2 m olan beton kanala bitişik sahibkarlıq xidməti məqsədi ilə qeyri-yaşayış binasını tikmişdir. "xxxx" ASC-nin X6 İdarəsinə edilən yazılı müraciət zamanı məlum olmuşdur ki, həmin ərazidə (PK-134+50-də) kanalın lahiyə üzrə su buraxma qabiliyyəti saniyədə 3,0 m3-dir ki, bu da həmin ərazidə tikilən inşaat işləriylə ziddiyət təşkil edir və tikinti mühafizə zonasına yerləşir. Tikinti su kanalının mühafizə zonasında inşa edildiyindən sökülməlidir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfin digər nümayəndəsi X9 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehin Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan ekspert rəyində qeyd edilmişdir ki, ƏMDX-nin 04 avqust 2020-ci il tarixli, **********78 nömrəli mütəxəssis rəyinə əsasən beton kanalın mühafizə zolağında qeyriyaşayış binasının olduğu aşkar olunmuş və həmin mövcud qeyri-yaşayış binasının ümumi sahəsi 64,51 kv.metr, eni 5,10 metr, uzunluğu 12,93 metr olmaqla, tikilinin və beton kanalın mərkəzindən 3,22 m və 2.72 m məsafədə yerləşir. Qeyri-yaşayış sahəsi Şəmkir çay dəryaçasından gələn sol sahil beton kanalına bitişik inşa olunduğu nəzərə alaraq həmin qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarında göstərilən 5 metrlik mühafizə zonasının daxilinə bütövlükdə düşdüyü müəyyən edilir, eyni zamanda Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının tikintisinə dair yerli icra hakimiyyətindən razılıq alınsa da Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarının 22-ci bəndinə əsasən su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmadığını nəzərə alaraq həmin tikili tikinti-texniki normalara əməl edilmədən inşa olunmuşdur, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən qeyri-yaşayış binası yenidən inşa olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17-ci bəndinə əsasən tikinti-quraşdırma işlərinə aid olduğu müəyyən olunur. İddia tələbi aşağıda qeyd olunanlara əsasən əsassız sayılır. Şəmkir RİHB-nın 17 iyul 2019-cu il tarixli, 293 nömrəli sərəncamının surətindən görünür ki, Şəmkir şəhər sakini Cavabdeh tərəfindən 2019-cu ildə Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində tikilmiş, tikintialtı sahəsi 64 kv metr, ümumi sahəsi 57.04 kv metr olan qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. 12 noyabr 2019-cu il tarixli tikinti obyektinin istismarına dair 31 nömrəli icazənin surətindən görünür ki, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində Cavabdeh məxsus qeyriyaşayış binası tikinti layihəsinə uyğun inşa edildiyindən Şəmkir rayon İcra Hakimiyyəti onun istismarına icazə vermişdir. Həmin inzibati aktlar qüvvədədir. İşin hallarından göründüyü kimi hazırkı mübahisə predmetinə aid tikili 2019-cu ildə inşa edilmişdir və tikintisi başa çatmışdır. Ən əsası odur ki, hazırkı iş üzrə iddiaçı tikinti obyektinin sökülməsi barədə iddia qaldırmaq hüququna malik deyildir. Azərbaycan Respublikası Su Məcəlləsinin 12-ci maddəsində qeyd olunur ki, dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.7-ci bəndində qeyd edilir ki, həmin Məcəllənin 12-ci maddəsinin üçüncü hissəsində, 74-cü maddəsinin üçüncü hissəsində, 83-cü maddəsinin ikinci hissəsində və 104-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsi öz səlahiyyətlərinə uyğun olaraq üç dövlət orqanına aid edilmişdir. Hazırkı mübahisə tam olaraq tikintinin sökülməsi ilə bağlıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində tikinti obyektlərinin sökülməsi halları göstərilmişdir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4- cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən göründüyü kimi Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Digər orqan və təşkilatlara qanunla belə bir səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 10.4-cü bəndində qeyd edilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlardan göründüyü kimi tikinti obyektlərinin sökülməsi barədə iddianı qaldırmaq səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Cavabdeh qarşı cavabdehin Şəmkir dəryaçasından gələn sol sahil beton kanalının mühafizə zolağında sahibkarlıq xidməti məqsədilə inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və mübahisə predmeti olan ərazinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci "xxxx" ASC-nin X1 və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar