Məhkəmə qərarları › İş №2-2(115)-753/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-753/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-753/2021 27.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Qəhraman oğlundan "xxxx" BOKT ASC-nin xeyrinə 23.09.2015-ci il tarixli, 124/15 saylı kredit müqaviləsinə əsasən 13426 dollar 12 sent əsas borc, 1788 dollar 94 sent hesablanmış faiz, 3811 ABŞ dolları hesablanmış dəbbə, cəmi 19062 dollar 06 sent, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, 23.09.2015-ci il tarixli, 124/15 saylı kredit müqaviləsi üzrə tələbin X1 məxsus olan Şəmkir şəhəri, Nəsimi küçəsində mülkiyyətdə olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 107.1 kv.m ümumi, 52.3 kv.m yaşayış, 54.8 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı, 1 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Fərdi yaşayış evinin tərkibinə (Liter B) 1 mərtəbəli, 24.2 kv.m tikintialtı sahədən ibarət mətbəx, (Liter C) 1 mərtəbəli, 20.2 kv.m tikintialtı sahədən ibarət hamam, (Liter İ) 44.4 kv.m tikintialtı sahədən ibarət talvar, (Liter 11) 115.8 kv.m tikintialtı sahədən ibarət talvar, (Liter 111) 1.6 kv.m tikintialtı sahədən ibarət hasar, (Liter İV) 1.8 kv.m tikintialtı sahədən ibarət darvaza, (Liter Ç) 1 mərtəbəli 26.9 kv.m tikintialtı sahədən ibarət tövlə, cəmi 239.9 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsinə, 1 saylı fərdi yaşayış evinin dəyərinin 20000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsinə, fərdi yaşayış evində yaşayanların X3, X5, Cavabdeh1 Qəhraman oğlu, Cavabdeh4, Cavabdeh6 Elimdar qızı və Cavabdeh7 oğlunun fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmasına, fərdi yaşayış evinin məcburi boşaldılamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Qəhraman oğlu ilə əvvəlki "Parabank” ASC (indiki "xxxx" BOKT ASC) arasında 23 sentyabr 2015-ci il tarixli, 124 15/saylı kredit müqaviləsii imzalanmışdır. Müvafiq olaraq 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 23 faizlə 14000 manat məbləğində kredit verilmişdir. 23 sentyabr 2015-ci il tarixli, 124/15/ saylı kredit müqaviləsinin təminatı kimi 23 sentyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 məxsus olan Şəmkir şəhəri, Nəsimi küçəsində mülkiyyətdə olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 37.1 kv.m ümumi, 52.3 kv.m yaşayış, 54.8 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı, 1 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Fərdi yaşayış evinin tərkibinə (Liter B) 1 mərtəbəli, 24.2 kv.m tikintialtı sahədən ibarət mətbəx, (Liter C) 1 mərtəbəli, 20.2 kv.m tikintialtı sahədən ibarət hamam, (Liter İ) 44.4 kv.m tikintialtı sahədən ibarət talvar, (Liter 11) 115.8 kv.m tikintialtı sahədən ibarət talvar, (Liter 111) 1.6 kv.m tikintialtı sahədən ibarət hasar, (Liter İV) 1.8 kv.m tikintialtı sahədən rarət darvaza, (Liter Ç) 1 mərtəbəli 26.9 kv.m tikintialtı sahədən ibarət tövlə, cəmi 139.9 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular 23.09.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka(girov) müqavilələri və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 23.09.2015-ci il tarixli, 124/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Qəhraman oğlunun BOKT-a 13426.12 ABŞ dolları əsas borc, 1788 dollar 94 sent hesablanmış faiz, 3811 dollar hesablanmış dəbbə,cəmi 19062 dollar 06 sent dollar borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. 23.09.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən əmlak 20000 manat dəyərində qiymətləndirilmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(076)-1345/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan, mülki işin adiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, kredit evin təmiri ilə bağlı götürülmüşdür. Evin təmiri ilə əlaqədar alınmış kredit istehlak kreditinə aiddir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Elimdar oğlu, Cavabdeh6 Elimdar qızı və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 03.12.2019-cu il tarixdə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olmasa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Göründüyü kimi, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Şəmkir Rayon Məhkəməsində həll edilməlidir. Bundan başqa, iş materiallarında olan 23.09.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcluya evin təmiri ilə əlaqədar istehlak krediti verilmişdir. Belə olan halda, borclu sahibkar olsa belə, mübahisəyə yenə də ümumi məhkəmə tərəfindən baxılmalır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Elimdar oğluna, Cavabdeh6 Elimdar qızına və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar