Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-754/2020 26.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbinə dair iqtisadi mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-yə 1954,62 manat əsas kredit borcu, 161,77 manatfaiz borcu, 1531,46 manat cərimə borcu olmaqla cəmi 3647,85 manat və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx xxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Həmçinin digər Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə banka müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilmiş 12700 ABŞ dolları məbləğində olan krediti bankla arasında yazılı tərtib olunmuş müqavilə üzrə ödəmək iqtidarında olmadığına görə həmin kreditin restrukturizasiyasını həyata keçirərək onunla yeni şərtlərlə kreditin restrukturizasiyasına dair müqavilə imzalanmasını xahiş etmişdir. Bank Cavabdeh1 xahişini nəzərə alaraq onunla xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcuna dair yeni müqavilə bağlamışdır. xx xxxxxx 2015-ci il tarixli kreditin restrukturizasiyasına dair razılaşmaya əsasən İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə verilmiş kreditin restrukturizasiyası keçirilmiş, kredit məbləği 8637 manat müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 15 ay müddətinə illik 28% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixdə ərizə ilə banka müraciət edərək bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli kreditin restrukturizasiyasına dair razılaşma ilə tanış olmuşdurlar. Dəyişikliklər nəzərə alnımaqla, qeyd olunmuş öhdəlik icra olunmadığı yaxud lazimi qaydada icra olunmadığı təqdirdə zaminlik müqavilələri üzrə məhsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə banka yenidən müraciət edərək, İddiaçı ASC ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əlavə üzrə ona verilmiş 8637 manat məbləğində olan krediti bankla arasında yazılı tərtib olunmuş müqavilə üzrə ödəmək iqtidarında olmadığına görə həmin kreditin restrukturizasiyasını həyata keçirərək onunla yeni şərtlərlə kreditin yenidən maliyyələşdirilməsinə dair müqavilə imzalanmasını xahiş etmişdir. Bank Cavabdeh1 xahişini nəzərə alaraq onunla xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcuna dair yeni kredit müqaviləsi bağlamışdır. xx xxxxxx 2016-cı il tarixli kredit müqavibsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə verilmiş 6082 manat əsas borcun qalığını restrukturizasiyası keçirilmiş, kredit məbləği 6082 manat müəyyən edilmiş, kredit məbləğinin qaytarılması 24 ay müddətinə illik 29% kreditdənə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Lakin, bank qarşısında öhdəlikləri tam yerinə yetirmədiyindən Cavabdeh1 cəmi 3647,85 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayədəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə 1954,62 manat əsas borcu, 161,77 manat faiz borcu, 1531,46 manat cərimə borcu hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli 454 nömrəli, xx xxx 2020-ci il tarixli 173 nömrəli bildirişlərdən görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. xx xxxxxx 2016-cı il tarixli müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2016-cı il tarixli 16039-2/365739 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır, 36 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir Əvvəlki məhkəmə iclasında iştirak edərək Cavabdeh1 izahat verərək sahibkarlıq məqsədi ilə kredit götürdüyünü lakin maddi imkan olmaması səbəbindən ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin ifadəsini borcun etirafı kimi qəbul edərək mötəbər sübut hesab edir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı” ASC tərəfindən Cavabdeh1 xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Həmçinin digər Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır.Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 1531,46 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 331,46 (üç yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1954,62 (bir min doqquz yüz əlli dörd manat altmış iki qəpik) manat əsas borc, 161,77 (bir yüz altmış bir manat yetmiş yeddi qəpik) faiz borcu, 331,46 (üç yüz otuz bir manat qırx altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 2447,85 (iki min dörd yüz qırx yeddi manat səksən beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1954,62 (bir min doqquz yüz əlli dörd manat altmış iki qəpik) manat əsas borc, 161,77 (bir yüz altmış bir manat yetmiş yeddi qəpik) faiz borcu, 331,46 (üç yüz otuz bir manat qırx altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 2447,85 (iki min dörd yüz qırx yeddi manat səksən beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-754/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-754/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver