Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-791/2021 05.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13960 manat 80 qəpik və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 08.08.2018-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 26.10.2018-ci il tarixli 482-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin “X4” haqqında müqavilə imzalanmışdır. 15.11.2019-cu il tarixli 509-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19.04.2019-cu il tarixində İddiaçı MMC-nin-Oba Şəmkir 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərə vurması müəyyən edilmiş, 19.04.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 15118 manat 37 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 15118 manat 37 qəpik borcdan, 1157 manat 57 qəpik Cəmiyyət tərəfindən güzəşt edilmiş məbləğlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında borcu 13960 manat 80 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Şəmkir Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(076)-1744/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni iddiaçı kommersiya fəaliyyəti göstərərək, cavabdeh isə sahibkarlıq fəailiyyəti ilə məşğul olduğundan mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh İddiaçındə işləmişdir. Onların tələbləri əmək münasibətlərindən irəli gəlir. Bu tələblərə bir qayda olaraq ümumi məhkəmələr tərəfindən baxılır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, əmək müqaviləsi əsasında İddiaçı MMC-də satıcı-kassir işləmişdir. Sahibkarlıq fəaliyyəti məşğul olmamışdır. VÖEN-ni isə “Azəriqaz”-da işləyən zaman almışdır. İşçilər kassadan oğurluq etdiklərindən yoxlama zamanı əskiklik əmələ gəlmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçındə əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsində işləmişdir. Tərəflər arasında olan mübahisə də əmək münasibətlərindən irəli gələn mübahisəyə aiddir. Hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 18-ci bəndində məhkəmələrə izah edilmişdir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadıqlarını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-791/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-791/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver