Məhkəmə qərarları › İş №2-2(115)-820/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-820/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-820/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh araq məhsullarının dəyəri olan 754,70 manatın, pivə məhsullarının dəyəri olan 174 manatın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1012,70 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olaraq Ağstafa rayonu və digər ətraf rayonlarda NZS firmasına məxsus pivə və araq məhsullarının satışı ilə məşğul olur. Ağstafa rayonu Muğanlı kəndidə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh mənimlə əlaqə saxlayaraq Ağstafa rayonu Muğanlı kəndi ərazisində evinin yaxınlığında yerləşən kafeyə pivə verməyini xahiş etmişdir. Tərəfimdən həmin obyektə baxış keçirildi və müəyyən edildi ki, həmin kafe vaxtı ilə işləyibdir. Çünki orada pivə aparatı və kafe kimi fəaliyyət göstərməsi üçün lazımı avadanlıqlar və şərait vardır. Bundan sonra mən həmin kafeyə bir neçə dəfə pivə dolu çəlləklər göndərdim və Mirqasım adlı şəxs orada pivə satışını həyata keçirirdi. O ödənişləri vaxtı vaxtında icra edirdi deyə məndə ona qarşı inam yaranmışdır. Bir müddət işlədikdən sonra o həmin Muğanlı kəndi ərazisində yerləşən kafenin yanında yerləşən mağazaya satış məqsədi ilə NZS firmasına məxsus araq verməklərini xahiş etdi. Sonra da mən Mirqasım adlı şəxsə məxsus Muğanlı kəndi ərazisində yerləşən mağazaya satış məqsədi üçün araq verməyə başladım. Bir müddət aramızda alış-veriş olduqdan sonra o həm kafenin, həm də mağazanın fəaliyyətini dayandırdı. Həmin vaxtdan da onun NZS firmasına məxsus araq məhsullarına görə 754,70 manat, pivə məhsullarına görə isə 174 manat borcu qaldı. Sonradan dəfələrlə həmin pulu verməli olduğunu bildirsəm də o müxtəlif bəhanələr gətirərək həmin pulu ödəməkdən boyun qaçırdı. Mən də bununla bağlı şikayət ərizəsi ilə Ağstafa rayon Polis Şöbəsinə müraciət etmişdim. Ağstafa RPŞ cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh borcu olduğunu etiraf etmiş, lakin həmin pulu ödədiyini qeyd etmişdir. Ancaq ödədiyinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda qərarda ona izah edilmişdir ki, müraciəti mülki hüquq normaları ilə tənzilməndiyi üçün məhkəməyə müraciət etməlidir. Həmçinin onuda məhkəmənin diqqətinə çatdırır ki, Ağstafa RPŞ-də Cavabdeh borcunu ödədiyini bildirsə də, borcunu etiraf etdiyi və ödəyəcəyini bildirdiyi səs yazısı var oda həmin səs yazısını diskə yazmaqla iddia ərizəsinin qoşmasına əlavə edir. Hazırda Cavabdeh ona ümumilikdə 982,70 manat borcu vardır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, audio səs yazısının əks etdirən disk və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında pivə və araq məhsullarının alğı-satqısı ilə bağlı şifahi formada müqavilə münasibətləri yaranmışdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, cavabdehə müxtəlif vaxtlarda yuxarıda adı qeyd olunan məhsullar verilmişdir. Əvvəllər verdiyi məhsulların dəyərini cavabdeh vaxtı-vaxtında qaytarmış, daha sonra isə iddia ərizəsində göstərilən məhsulların dəyərini isə ödəməmişdir. Cavabdehə məhkəmə hazırlıq iclaslarının və məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin o nə məhkəmə hazırlıq iclaslarında, nə də məhkəmə baxış iclasında iştirak etməmiş və iddia tələbinə dair hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mübahisə predmeti ilə bağlı telefon danışıqlarını özündə əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, tərəflər arasında danışıqlar zamanı Cavabdeh 754,70 manat məbləğində araq məhsullarını, 174 manat məbləğində pivə məhsullarını iddiaçından aldığını etiraf etmiş və borcunun olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə predmeti ilə bağlı telefon danışıqlarını əks etdirən disk iddianın əsaslılığına dəlalət edən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa 28 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə izahatı alınmış, sonuncu da izahatında 2017-ci ilin yay aylarında Ağstafa rayonunda pivə alış-verişi ilə məşğul olan İddiaçı tanıdığını onunla aralarında pivə alğısatqısı olduğunu bildirmişdir. İddiaçı hər zaman götürdüyü pivənin dəyərini ödədiyini, halhazırda iddiaçıya heç bir borcunun olmamasını bildirmişdir. İddiaçı müraciəti ilə bağlı qeyd etmişdir ki, ona 982 manat borcu qalmayıbdır. Ondan almış olduğu pivə üçün olan borcunun hamısını verib qurtarmışdır. Cavabdehin izahatından da görünür ki, o həmin məhsulları aldığını etiraf etmişdir. Lakin cavabdeh həmin məhsulların dəyərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 928,70 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz ərizəsində dövlət rüsumu da daxil olmaqla cəmi 1012,70 manat pulun alınıb ödənilməsini tələb etsə də, tələbin əsasını təsdiq edən məbləğlərin cəmi göstərilən məbləğlə eynilik təşkil etmir. Bu səbəbdən iddia tələbi qismən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 928,70 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 928,70 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar