Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-83/2022 19.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək cavabdehdən əsas borca görə 4257,33 manat, hesablanmış cərimə borcuna görə 831,04 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5118 manat pulun alınaraq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı və cavabdeh arasında bağlanmış ********* saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 7835.58 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avans məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 4832.94 kq, 3128.24 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdarda az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddaçıya 4257.33 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağdam” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0.1 %-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 831.04 manat təşkil edir. Ağdam rayon Məhkəməsinin 2(013)-1582/2021 saylı 07.09.2021-ci il tarixli qərardadı ilə Cavabdeh əsas borca görə 4257,33 manat, hesablanmış cərimə borcuna görə 831,04 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5118.37 manat pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borcu qəbul etmir. İddiaçı MMC öhdəlikləri tam yerinə yetirmədiyinə görə məhsul əldə edə bilməmişdir. Belə ki, məhsul yığımı üçün dərman vurulmalı idi. Ona məxsus sahədən 2 hektarı dərmanlanmış, qalan 3 ha sahə isə dərmanlanmamışdır. 22.12.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də traktorçu işləyir, axırıncı dəfə 25 sentyabr 2020-ci il tarixdə Cavabdeh məxsus əraziyə dərman vurmuş, bu barədə müvafiq sənədlərə imza etdirmişdir. 22.12.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də aqranom işləyir, Cavabdeh 5 ha torpaq sahəsində pambıq əkmişdir, həmin sahənin nə qədər dərmanlanması barədə məlumatı olmamışdır. 22.12.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə X2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin İddiaçı MMC-də işləyir, traktorlara GPS nəzarəti onlardadır, müharibə olduğuna görə internet əlaqəsi kəsildiyindən görülmüş işlər sistemə gec işlənmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında İddiaçı MMC-nin Ağdam filialı və cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli ********* saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən 2020-ci il mövsümü üzrə cavabdeh 5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi kimi təqdim edilmiş ekspert rəyində qeyd olunur ki, 24.09.2020-ci il tarixli 594309 və 594416 nömrəli iş aktlarında “Cavabdeh” sözünün qarşısındakı imzalar Cavabdeh məxsus olmamış, imza qrafası başqa şəxs tərəfindən imzalanmışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlər və işlər 5 ha torpaq sahəsinin 3 ha hissəsinə münasibətdə natamam olmuşdur.Məhsulun yetişdirilməsi üçün zəruri olan dərmanlama tam şəkildə həyata keçirilməmişdir. İddiaçı MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Lakin, tərəflər arasında olan müqavilənin məzmunundan göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Müqavilə üzrə passiv tərəf mövcud deyildir. Öhdəliklərin icrası hər iki tərəfin vaxtaşırı və mütəmadi hərəkətlərin edilməsi ilə məhsulun yığımınasına qədər davam etdirilməli olmuşdur. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Məhsul birgə fəaliyyətlə əldə edilmiş olmalıdır. Bir halda ki, dərmanlama işləri müqavilədə nəzərdə tutulmuş miqdarda məhsulun əldə edilməsi üçün zəruri qaydada təmin olunmalı idi, olunmadığı halda bu çatışmazlıq məhsulun yetişməsinə mənfi təsirini göstərməyə bilməzdi. Göründüyü kimi, müqavilənin məqsədlərinə çatılmamasında iddiaçının təqsirini təsdiq edən hallar mövcuddur. Belə olan vəziyyətdə iddiaçı cavabdehdən icranı tam şəkildə tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 446.4-cü maddəsinə əsasən kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 446.7-ci maddəsinə əsasən borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 5118 manat borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 5118 manat borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-83/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-83/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver