Məhkəmə qərarları › İş №2-2(115)-831/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-831/2021

23.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-831/2021 23.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 İstehsalat Birliyinə və X7 Qaz İstismar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 İstehsalat Birliyinə və X7 Qaz İstismar İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 X1 Departamentinin tərtib etdiyi 20.10.2020-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS №-29/164-01448-9 saylı aktın və həmin akt əsasında Cavabdeh2 X4 X10 İdarəsinin Şəmkir Xidmət Sahəsinin tərtib etdiyi üzləşmə aktının etibarsız hesab edilib 6843 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istifadəsində olan Şəmkir rayonu Keçili kəndində yerləşən istilikxanda adına olan təbii qaz sayğacına Cavabdeh2 X1 Departamentinin əməkdaşları tərəfindən 20.10.2020-ci ildə baxış keçirilməsi üçün sayğac aparmışdılar. Daha sonra 31 oktyabr 2020-ci ilə onun 6843 manat borcunun olması barədə üzləşmə keçirdilər və o, həmin məbləğlə razılaşmamışdır. Belə ki, o, vaxtlıvaxtında qaz pulu borcunu ödəmişdir və heç vaxt borcu olmayıb həmçinin, sayğaca heç bir müdaxilə etməmişdir, ümumiyyətlə müdaxilə etmək mümkün deyil. Ona görə də onun heç bir günahı və.s olmadan 6843 manat borcu heç bir əsas olmadan ödəyə bilməz. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib Cavabdeh2 İstehsalat Birliyinin tərtib etdikləri aktların etibarsız hesab edilib 6843 manat borcun silinməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(076)-1592/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 İstehsalat Birliyinə və Cavabdeh2 İB-nin Şəmkir X10 İdarəsinə qarşı qüsur aktının ləğv olunması və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 X2 Departamentinin tərtib etdiyi 20.10.2020-ci il tarixli qeyriəhali qaz sayğacının yoxlanması haqqında SS №-29/164-01448-9 saylı aktın və həmin akt əsasında Cavabdeh2 X4 X10 İdarəsinin Şəmkir Xidmət Sahəsinin tərtib etdiyi akt üzrə yazılmış 6843 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 İB iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Keçili kəndində yerləşən İddiaçı adına olan istixanada quraşdırılmış G-400 markalı 80082488 nömrəli turbin tipli "Elster"qaz sayğacı 19.08.2020-ci il tarixdə ünvandan çıxarılaraq Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və yoxlama nəticəsində aşağıdakılar məlum olmuşdur: 1)İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Pbaza=1,01325, Tbaza=293,15, KC02= 0,22 %, Qaz analiz=0,69. Ekranda "A" işarəsi var. Vt=11 m3, V=2 m3 qeydə alınmışdır. 2) Sayğac yuyuldu təmizləndi mexaniki hissə işləkdir.3) 29.02.2020-19.08.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq 9=2,11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 285 m3, korreksiya olunmamış qaz həcmi 115 m3 qeydə alınmışdır. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vpb=11 m3, Vp=2 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat P-5,25 bar ilə aparılmışdır. Saatlıq arxivə əsasən 04.04.2020-ci il tarixdən elektron hissədə sərfiyyat nizamsız fasilələrlə qeydə alınıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviricisi normaldır. Elektron hissədə Vt mexaniki göstəricidən 12355 m3 azdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Pbaza=1.01325 bar, Tbaza=20 oC. Bundan sonra İddiaçı adına olan istixanaya dəymiş ziyan hesabatı (itirilmiş qazın bərpası üçün) aparılmış sənədləşdirilirərk abonent hesabına daxil edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac istixanadan 5-6 km uzaqda qaz paylayıcı stansiyada yerləşir və qaz ixracı idarəsinin əməkdaşları tərəfindən mühafizə olunur. Cavabdeh2 İstehsalat Birliyinin əməkdaşları ona sayğacın 3 ildən bir yoxlanıldığını demişdirlər. Sayğac quraşdırıldıqdan 1 il keçəndən sonra isə söküb aparmışdılar. Sayğac yoxlanılarkən ona heç bir məlumat verməmişlər. Sayğacı gətirəndə heç bir problemin olmadığı ona deyilmişdir. O, sayğaca hər-hansı müdaxilə etməmişdir. Cavabdehin işçiləri sayğaca baxış keçirib hər ay fakturanı ona göndərmişlər və o da, öz növbəsində ödənişləri etmişdir. Bununla da iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac quraşdırıldıqdan 1 il sonra sayğacı söküb aparmış və yenidən 1 ay sonra sayğacı gətirərək quraşdırıblar. Əvvəlcə akt tərtib olunarkən heç bir problem olmadığını desələr də, sonradan sayğacda problem olduğunu bildirmişlər. Sayğac sökülərkən orada olmuş, lakin sayğac labarotoriyada müayinə olunarkən orada olmamışdır. İddiaçının sayğaca müdaxilə etməyə imkanı belə olmamışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sayğacın mühafizəsi üçün abonent məsuliyyət daşıyır. Abonent sayğacda olan problemi elektron göstəricidə olan dəyişiklərlə görə bilərdi. Qeyd olunan borc qazın sərfiyyatına görə hesablanmış və qaz sayğacının laboratoriya baxışı zamanı sayğaca kənar müdaxilə olduğu aşkarlanmış və həmin müdaxilə nəticəsində qaz sərfi olaraq qarşı tərəfə borc hesablanmışdır. Həmin sayğacın olduğu ərazi Neft Şirkəti Qaz İxrac İdarəsinin balansında yerləşir. Sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyi barədə məhkəməyə sübut təqdim edə bilməsə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 27 oktyabr 2020-ci il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh2 İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istilikxanaya aid 80082488 №li sayğacın impuls ötürücüsünə vurulan plombun simi dartılmış, göstəricilər arasında fərq mövcud olmuş, saatlıq arxivlərə əsasən 04.04.2020-ci il tarixindən elektron hissədə sərfiyyat nizamsiz fasilələr ilə qeydə alınmış, elektron göstərici mexaniki göstəricidən 12355 m3 az olmuşdur. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı (abonent kodu **********00027) məxsus istilikxanaya aid G-400 markalı sayğacın impuls ötürücüsünün şteykerinin nasaz olması nəticəsində elektron göstərici mexaniki göstəricidən 12355 m3 azdır. Nəticədə 34230 m3 yəni, 6846 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2020-ci il oktyabr ayına qalıq və aktlar üzrə borcu 6843 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının hesabına daxil edilmiş 6843 manat qaz sayğacında aşkar edilmiş qüsur nəticəsində cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan məbləğidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00027) hesablamış 6843 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh2 İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00027) hesablamış 6843 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh2 İstehsalat Birliyi tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar