Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-832/2021 24.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X4 Təchizatı Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X4 Təchizatı Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 Təchizatı Satışı İdarəsinin 13 mart 2021-ci il tarixdə tərtib edilmiş elektrik enerjisindən kənardan müdaxilə etməklə istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 208533 saylı aktın etibarsız hesab edilməsinə və 5749 manat 92 qəpik borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 mart 2021-ci il tarixdə X4 Təchizatı İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Xuluf kəndində yerləşən evlərinin sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacda heç bir qanun pozuntusu aşkar edilməmişdir. Lakin, buna baxmayaraq, ona qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 208533 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən, o, küçədən keçən elektrik xətlərindən sayğacdan kənar, elektrik naqili vasitəsilə həyətyanı torpaq sahələrində quraşdırılmış istilikxana kimi fəaliyyət göstərən obyektin qızdırılması üçün istifadə etmişdir. Lakin, bu belə deyildir, o, sayğacdan kənar heç bir kənar xətlər vasitəsilə istilikxananın qızdırılmasında istifadə etməmişdir. Buna baxmayaraq, həmin işıq işçiləri ona qarşı əsassız olaraq məlum aktı tərtib etmişdirlər. İşıq nəzarətçisi onlara bildirdi ki, sizin həmin akta görə 5749 manat 92 qəpik borcları vardır. Həmin akt ədalətsiz və qanunsuzdur (Cərimə tədbiq edilən aktın surətini 13.04.2021-ci il tarixdə almışdır). Belə ki, 13.03.2021-ci ildə X4 Təchizat İdarəsinin əməkdaşları küçədən keçərkən elektrik dirəklərindən sallanan kabel aşkar etmişlər və bu səbəbdən də onun evinə gəlib, sayğaca baxış keçiriblər, sayğacda heç bir qüsur tapılmayıb, lakin həyətyanı torpaq sahəsində istilikxanaya baxış keçirmiş və istilikxanada elektrik qızdırıcıları aşkar edilmişdir. Həmin əməkdaşlar akt tərtib edərkən onlara bildirmişlər ki, siz istilikxanaya kənardan müdaxilə etmisiniz, ona görə sizin işıq xəttiniz kəsiləcəkdir, siz cərimə olunacaqsınız. O, onlara elektrik xəttinə müdaxilə etmədiklərini və onların fərdi yaşayış sahəsi üçün quraşdırılmış sayğaca müdaxilə etmədiklərini, vicdanlı vətəndaş kimi öz üzlərinə düşən elektrik borclarını vaxtlı vaxtında ödədiklərini, istilikxanada olan qızdırıcılara gəldikdə isə həmin qızdırıcılardan elektrik enerji qiymətləri bahalaşmamışdan çox əvvəl, sayğacları vasitəsilə qızdırcıya qoşmalarını və elektrikdən istifadə etdiklərinə görə ödənişini ödədiklərini bildirsə də onlar buna məhəl qoymadılar, qanunsuz, əsassız aktı tərtib etdilər. Aradan bir ay keçəndən sonra kəndlərində işığa baxan nəzərətçi onlara gəldi və 5749 manat 92 qəpik borclarının olması barədə onu xəbərdar etdilər ki, bu pulu ödəməsə onların işığını kəsəcəklər. O bildirdi ki, onlar kənardan nə sayğaca, nə də küçədən keçən elektrik xətlərinə müdaxilə etməmişlər, onların sayğacda borcları yoxdursa evin işığı niyə kəsilməlidir. Səhərisi gün onların işıqlarını məhkəmə qərarı olmadan özbaşına kəsdilər. Şəmkir Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(076)-1463/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 Təchizatı və Satışı İdarəsinə qarşı istehlakçıların hüquqlarının pozulması və elektik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni iddiaçı kommersiya fəaliyyəti göstərək İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X4 Təchizatı və Satışı İdarəsinə qarşı “istehlakçıların hüquqlarının pozulması və elektik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cərimə yazılan fərdi yaşayış evindən sahibkarlıq obyekti kimi istifadə etmir. Sahibkarlıq fəaliyyəti avtomobillərin təmirindən ibarətdir. Belə ki, avtomobillərin təmiri sexində çilingər işləməklə, qazancından vergi ödəyir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı əhali istehlakçı qrupu üzrə məişət abonenti kimi müqavilə bağlayıb, cərimə fərdi yaşayış evinin sayğacına görə yazılsa da, iddiaçı fərdi sahibkar olduğu üçün işə kommersiya məhkəməsində baxılmasına etiraz etməmişdir. Lakin, indi ona məlum olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti avtomobillərin təmiri ilə bağlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 Təchizatı Satışı İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı əhali istehlakçı qrupu üzrə məişət abonenti olaraq fərdi yaşayış evinə verilmiş elektrik enerjisindən istifadə etməklə, cavabdehin apardığı sənədləşməyə görə elektrik enerjisindən istifadə qaydalarının pozuntusuna yol vermişdir. İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs olsa da, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadıqlarını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X4 Təchizatı Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X4 Təchizatı Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-832/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-832/2021
24.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver