Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-857/2025 21.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26730 manat borc məbləği və 171 manat təşkil edən dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında ortaq tanışları vasitəsi ilə xx xxxxxxx 1984-cü il təvəllüdlü, Bərdə rayonu, Məmmədli kənd sakini Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh qəssab işləyib, o, isə mal-qara alqı-satqısı ilə məşğul olmuşdur. Cavabdeh ilə tanış olandan sonra mal-qara alqı-satqısı ilə bağlı aralarında şifahi razılaşma olmuşdur. Razılaşmanın mahiyyəti ondan ibarət idi ki, o, orta bazar qiymətinə aldığı və ya özü bəslədiyi iribuynuzlu heyvanları (erkək danaları) Cavabdeh nisyə olaraq göndərmişdir, Cavabdeh həmin heyvanları alış qiymətinə kəsdikdən sonra mal ətini orta bazar qiymətinə satmışdır, satışdan sonra öz nəfini götürüb alış qiyməti kimi aralarında təyin edilmiş məbləği ona göndərmişdir. 2022-ci ilin mart ayından sentyabr ayına kimi olan müddətdə Murad ondan nisyə satın aldığı heyvanları kəsib satdıqdan sonra ona ödəməli olduğu məbləği ödəmişdir. Lakin Murad, ödəməli olduğu məbləğləri bəzən yubatdığı üçün onunla alveri dayandırmışdır. 2023-cü ilin yanvar ayında Murad yenidən onunla əlaqə yaratmış, onunla “alver” etməyə yenidən başlamaq istəyini bildirmişdir və nisyə aldığı heyvanların pulunu vaxtında göndərəcəyinə dair and içmişdir. Bundan sonra, o, Muradın andına inanıb yuxarıda qəbul etdiyi qaydada yenidən onunla “alver”ə başlamışdır. 2023-cü ilin mart ayına qədər olan müddətdə Murad yenidən 18600 (on səkkiz min altı yüz) manat dəyərində heyvanın pulunu ona göndərməmiş və müxtəlif bahənələr ilə həmin məbləği ona ödəməkdən yayınmışdır. O, Muraddan pulunu tələb edəndə övladları və anası üzərinə müxtəlif andlar içib, həmçinin guya onu aldatmadığını göstərmək üçün özü barəsində yalan danışanın ünvanına müxtəlif ağır söyüşlər söymüşdür və onu inandırmışdır ki, “alver”ə davam etsə ona verməli olduğu pulu tam ödəyəcək. O, da Murada yenidən inanıb onunla alverə davam etmişdir. Lakin, Murad yenə də onu aldatmışdır və qazandığı etibardan sui-istifadə edib 2023-cü ilin iyun ayına kimi daha 7400 manat dəyərində heyvanın pulunu ona göndərməmişdir, ona ödəməli olduğu məbləğ 26000 (iyirmi altı min) manata yüksəlmişdir və müxtəlif bahənələr ilə məbləği ona ödəməkdən yayınmışdır. O, artıq Cavabdeh ona qarşı dələduzluq edib 26000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür və həmin pulun taleyi ilə maraqlananda Cavabdeh həmin pullarla həyat yoldaşının adına Bakı şəhəri, Zabrat qəsəbəsində ev aldığını öyrənmişdir. Murad dələduzluq yolu ilə ondan ələ keçirdiyi pullara müxtəlif bəhanələr ilə “borc” süsü verdiyi üçün onu ifşa etmək üçün fürsət gözləmişdir, vaxtaşırı 26000 manat məbləği ondan istəsə də, Murad müxtəlif bahənələr ilə həmin məbləği ona ödəməmişdir. 2024-cü ilin fevral ayında ona “atdığı” 26000 manat məbləğində pulu Muraddan istəyəndə, Murad onunla yenidən onunla “alver” etməyə başlamaq istəyini bildirdi və nisyə aldığı heyvanların pulunu vaxtında göndərəcəyinə dair and içdi. Həmçinin, guya onu aldatmadığını göstərmək üçün özü barəsində yalan danışanın ünvanına yenidən müxtəlif ağır söyüşlər söymüşdür və bildirmişdir ki, əgər kredit götürsə onunla “alver” davam etdirəcəyi təqdirdə həmin kreditin 26000 manat məbləğini özü ödəyəcək. Muradın ona vurduğu 26000 manat maddi ziyana görə başqa şəxslərə həmin məbləğdən də artıq borcu yaranmışdır və kredit götürməyə məcbur olmuşdur. Bundan başqa, Muradın dələduz olduğunu göstərmək üçün gözlədiyi fürsət gəlib çatmışdı, onun vədlərinin yalan olduğunu başa düşmüşdür, onunla “alver” etsə onu yenidən aldadacığına əmin olmuşdur. Buna görə də, Murada yenidən heyvan göndərmişdir və onun müqabilində Murad ona ödəməli olduğu 730 (yeddi yüz otuz) manat məbləği ödəməmişdir. Beləlikdə, Muradın ona ödəməli olduğu pul 26730 (iyirmi altı min yeddi yüz otuz) manata yüksəlmişdir. Həmçinin 2024-cü ilin mart ayında “Acsess Bank”dan 42000 (qırx iki min) manat məbləğində kredit götürsə də, Murad vədinə əməl edib həmin kredit məbləğinin ödənilməsində ona hər hansı köməklik etməmişdir. Əlavə olaraq bildirir ki, 2022-ci ildən hazıradək bazarda dana ətinin qiyməti vaxtaşırı dəyişdiyi üçün Muradla ona göndərdiyi heyvanların kəsildikdən sonra ətinin hər kiloqramı üçün ona ödəməli olduğu məbləğ 10 (on) manat 50 (əlli) qəpik ilə 13 (on üç) manat 30 otuz) qəpik arası dəyişib, bununla bağlı Muradla aralarında şifahi razılaşma olub, Muradla “whatsapp” mobil tətbiqində yazışmalarım və bir-birinə göndərdiyi səs yazıları ounu təsdiq edir. Bundan başqa, o, heyvanları Murada göndərdikdən sonra o, heyvanları ortaq tanışları X1 iştirakı ilə kəsmişdır, Mahmud heyvanın ətinin çəkisi barədə qeydlərini ona göndərmişdir. Murad onunla tanış olduğu müddətdə ***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-** nömrələrini istifadə edib, həmin nömrələr vasitəsi ilə onunla əlaqə saxlayıb, hazırda da sonuncu qeyd etdiyi mobil nömrəni istifadə edir. 10 iyul 2024-cü il tarixdə Cavabdeh əməlləri barədə Bərdə rayon polis şöbəsinə şikayət etmişdir və faktla bağlı ilkin araşdırma təyin olunmuşdur. Lakin, araşdırmanın nəticəsində Cavabdeh əməlində hər hansı cinayət tərkibinin əlaməti olmadığı, aralarında olan münasibtlərin mülki xarakterli olduğu qənaətinə gəlindi, 20 iyul 2024-cü il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və ona mülki iddia qaydasında müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Daha sonra Cavabdeh 26730 manat məbləğində pulun və 171 manat iddia rüsumunun məbləğinin alınıb ona verilməsinə dair müvafiq qətnamə çıxarılması üçün Bərdə Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin hakimi cənab Fuad Babaşov tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət olunmadan tərtib edilməsinə görə geri qaytarılması barədə 24 sentyabr 2024-cü il tarixli qərardad qəbul etmişdir. Həmin qərardad "xxxx" MMC-nin Ağdam poçt filialı tərəfindən 07 dekabr 2024-cü il tarixdə ona təqdim edilmiş və qərardadda iddia ərizəsinin forma və məzmununa dair nöqsanlar aradan qaldırılmışdır. Beləliklə, Cavabdeh əməlləri nəticəsində ona 26730 (iyirmi altı min yeddi yüz otuz) manat məbləğdə maddi ziyan dəyib, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.
II. Tərəflərin mövqeyi
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında uzunmüddətli mal alğı-satqısı olmuş, cavabdeh aldıqlarının əksər hissəsinin dəyərini ödəmiş və hazırda cavabdehin ona 26730 manat borcu qalmışdır. Cavabdeh polis idarəsində verdiyi izahatında borcunun 12000 manat olduğunu bildirsə də, ümumi borcu 26730 manatdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilən X2 bildirdi ki, o, Elvinin dostudur və onlar birlikdə işləmişlər. Elvin heyvan kəsəndə o, həmin malın ətinin çəkilərini yazırdı. Murada verilən malların çəkilərini də yazıb qeyd edirdi. Dəfələrlə Muraddan pul almaq üçün getsə də ödəniş etmirdi. Onun bildiyi qədər Muradın 26-27 min aralığında borcu qalıb. Apardığı qeydiyyatların hamısı telefondadır və qeydlər kəsilən heyvanların çəkiləri barədədir. Ümumilikdə Murada nə qədər mal satıldığını bilmir, lakin çox satılırdı. 1 həftəyə 5-7 baş mal kəsilib satılırdı. Cavabdehin Vasif adlı qəssabı var idi. Malları onun evinə kimi aparırdı. Murad ona 100 manat bir, 500 manat da bir verib.
6. Məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilən X4 bildirmişdir ki, səs yazısı olan danışıq cavabdehlə onun arasında idi. O pulun 18200 manatı onun idi. Mal onun idi, lakin ticarəti qardaşı edirdi. 26700 manat borc qalıq borcdu. Murad malın pulunun bir qismini verib, bir qismini saxlayırdı. O, Muradla danışanda Muradın 25200 manat borcu var idi. Lakin sonra qardaşı ilə aralarında yenə də alğı-satqı olub və hazırda 26730 manat borc yığılıb. Murad onlara demişdi ki, kredit götürsünlər və aylığı o ödəsin, lakin onu da ödəməmişdir.
II. Sübutların tədqiqi
7. Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 20 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/2751 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. Aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, təxminən 7-8 il olar ki, qəsablıqla məşğul olmuşdur, belə ki, Bakı şəhərində Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi ərazisində icarə olaraq ət kəsimi və satışı obyekti işlətmişdir, lakin son 8 ay olar ki, ziyana düşdüyümə görə işlərini dayandırmış və hazırda heç bir yerdə işləmir. 2022-ci ilin yay aylarında İddiaçı ilə tanış olmuş, İddiaçıla aralarında olan söhbət zamanı İddiaçı ona iribuynuzlu mal-qara verməsini və onun heyvanları kəsib satandan sonra onun pulunu verməyini təklif etmiş, onlar razılaşaraq həmin həftədən başlayaraq işləməyə başlamışlar, İddiaçı hər həftənin 5-ci günü Bərdə rayonundan ona iribuynuzlu mal-heyvan göndərmiş, o da hər həftənin 4-cü günü ət kəsimindən İddiaçı çatacaq pulu onun kart hesabına və ya müxtəlif şəxslərlə nağd şəkildə özünə göndərmiş, onlar bu qaydada təxminən 1 ilə yaxın işlədikdən sonra İddiaçı ona əlavə bir qəssabxana icarəyə götürməyi və onu da həmin qəssabxananın qazancına şərik etməyi təklif etmiş, o, razılaşaraq Bakı şəhərində Əhmədli qəsəbəsi ərazisində 2-ci bir qəssabxana icarəyə götürmüş, İddiaçıla birlikdə oraya Nizami adlı bir qəssab işə götürmüşlər və həmin qəssabxananın qazancı ikisi arasında bölünmüşdür, lakin həmin qəssabxana təxminən 6 ay işlədikdən sonra ziyana getdiyinə görə onlar həmin qəssabxananı bağlamışlar, həmin qəssabxanada onların ümumilikdə təxminən 6000 manat ziyanı yaranmışdır, aralarında olan söhbət zamanı həmin obyektlə bağlı olan ziyanı bərabər olaraq öz aralarında bölməyə razılaşmışlar, ancaq onun özünün işlədiyi qəssabxanada işlər normal getdiyinə görə birgə işləməyi davam etdirmişlər, birgə işlədikləri dövrdə aralarında olan bütün hesabat işlərini İddiaçı aparmış, onun isə bu sahədə səriştəsi və savadı olmadığına görə və Elvinlə aralarında səmimi münasibət olduğuna görə tam inanmış, buna görə də onunla aralarında olan hesabatla bağlı Elvinin dediyi hər bir sözlə razılaşmışdır. 2023-cü ilin sonlarında onun işlədiyi qəssabxanada işlər zəifləmiş, ət bahalaşmış, bununla bağlı ət satışı çox zəifləmiş və sonda demək olar ki, iş tam dayanmış və o, tamamən ziyana getmişdir, buna görə də işi dayandırmışdır. Bu ərəfədə və ümumilikdə birgə işlədikləri 2 il ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla onun İddiaçı ümumilikdə təxminən 12000 manat borcu yaranmışdır. Xeyli müddətdir ki, işləmədiyinə görə İddiaçı həmin borcu qaytara bilməmişdir. Daha sonra verilmiş suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, o, İddiaçı qarşı heç bir dələduzluq etməmişdir, təxminən 2 il müddətində onunla aralarında şərikli və müştərək iş birliyi olmuşdur, həmin müddət ərzində ikisi də qazanmışdır və sonda o, bankrot olaraq işini dayandırmış, lakin İddiaçı ziyanlığın hamısını onun üzərinə qoyaraq ondan almağı düşünür, İddiaçı hesabına görə onun İddiaçı 26730 manat borcu yaranmışdır, ancaq onun hesabatına görə onun İddiaçı ümumilikdə təxminən 12000 manat borcu vardır və həmin borcu İddiaçı az-az verməklə qaytarmağı təklif etmiş, lakin İddiaçı pulun tam və bütöv ödənməsini tələb etmişdir.
III. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
IV. Məhkəmənin mövqeyi
a) alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı orta bazar qiymətinə aldığı və ya özü bəslədiyi iribuynuzlu heyvanları (erkək danaları) alıcıya nisyə olaraq göndərməyi, alıcı isə həmin heyvanları alış qiymətinə kəsdikdən sonra mal ətini orta bazar qiymətinə satmağı və satışdan sonra öz payını götürüb alış qiyməti kimi aralarında təyin edilmiş məbləği satıcıya göndərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək mal-qaranı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 26730 manat borcu qalmışdır.
13. Hazırda iddiaçı şifahi nisyə alğı-satqı müqaviləsi üzrə 26730 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə şifahi nisyə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
17. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Məhkəmə iddiaçının təqdim etdiyi onun qardaşı X4 ilə Cavabdeh arasında keçən telefon danışığını əks etdirən “flashcard”dakı səs yazısı ilə bağlı qeyd edir ki, həmin sübut birbaşa əlaqədar tərəflər arasında olan danışıqları əks etdirmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübut hesab edilir və istifadə olunmasına yol verilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
20. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 20 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh İddiaçı 12000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh borc məbləğinin 12000 manat hissəsini etiraf etdiyi üçün iddiaçı həmin hissədə iddia tələbini sübut etmək yükündən azad edilir.
21. Məhkəmə iddia tələbinin geri qalan hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilən X2 və X4 da həmçinin Elvinlə Murad arasında şifahi alğı-satqı müqaviləsinin bağlandığını bildirmiş və Muradın Elvinə qalıq borcunun qaldığını bildimişdir. Borc məbləği ilə bağlı X2 cavabdehin iddiaçıya 26.000- 27.000 manat borcunun qaldığını bildirsə də, X4 həmin məbləğin 26730 manat olduğunu qeyd etmişdir. Məhkəmə şahidlərin ifadələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi şahid ifadələri sübut hesab edilir. Lakin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həm iddiaçının izahatını, həm də cavabdehin polis idarəsində verdiyi etirafedici izahatını şahid ifadəsi ilə birlikdə qiymətləndirərək hesab edir ki, şahid ifadələrinin mötəbərsizliyi ilə bağlı hər hansı bir əsas yoxdur.
22. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
23. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 26730 tutulması hissəsində əsaslıdır.
24. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada SMS-bildiriş vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş nömrələrə sms göndərilmişdir) məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
25. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
b) Məhkəmə xərcləri ilə bağlı
29. İddiaçı eləcə də 171 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
30. 0.09.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, 171 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,19 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26730 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 26730 (iyirmi altı min yeddi yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,19 (bir yüz yetmiş manat on doqquz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli