Məhkəmə qərarları › İş №2-2(115)-884/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-884/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-884/2021 27.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdehnə, üçüncü şəxslər “Azəriqaz” İB-yə və X1 İstismar İdarəsinə qarşı qaz təchizatının bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə, üçüncü şəxslər “Azəriqaz” İB-yə və X1 İstismar İdarəsi-nə qarşı qaz təchizatının bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibkar kimi ona məxsus olmaqla Bərdə rayonunun Yeni Əyricə kəndində yerləşən çörəkbişirmə sexinə cavabdeh X1 İstismarı İdarəsinin Bərdə xidmət sahəsi tərəfindən 25 may 2021-ci il tarixdən dayandırılmış qaz təchizatının təxirəsalınmadan bərpa edilməsi, cavabdehə və üçüncü şəxslər “Azəriqaz” İstehsalat Birliyinin və X1 İstismar İdarəsinə gələcəkdə bu cür qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdehnə, üçüncü şəxslər “Azəriqaz” İB-yə və X1 İstismar İdarəsinə qarşı qaz təchizatının bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə, üçüncü şəxslər “Azəriqaz” İB-yə və X1 İstismar İdarəsinə qarşı qaz təchizatının bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar