Məhkəmə qərarları › İş №2-2(115)-890/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-890/2025

22.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-890/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, Üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) qarşı cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) qarşı cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun İnzibati ərazisində, Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedib-gəlmək üçün, Cavabdeh istifadəsində olan torpaq sahəsindən (örüş yerindən) 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolunun ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisidir. Ona Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Gədəbəy rayonunun İnzibati Ərazisində Gölməc yaylağı adlanan ərazidə 122 ha örüş yeri verilmişdir. Həmin örüş yeri cavabdehin istifadəsində olan örüş yeri ilə qonşudur. Həmin torpaq sahəsindən 2005-ci ildən istifadə edir və həmin otlaq sahəsinə görə onun istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. Son iki ilədək o həmin örüş yerinə maneəsiz gedib-gəlmişdir. Lakin son iki ildə cavabdeh həmişə istifadə etdiyi ərazidən öz sahəsinə gedib-gəlməsinə ona maneə yaradır. O, dəfələrlə cavabdehdən ona yaratmış oldğu maneəni aradan qaldırmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Bu isə ona arzu olunmayan çətinliklər yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə ona istifadə hüququ ilə məxsus olan, Gədəbəy rayonunun inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş torpaq sahəsinə gedib-gəlməyisinə, cavabdehin istifadəsində olan torpaq sahəsindən 2000 metr uzunluğunda, 10 metr enində zəruri keçid yolu müəyyən etsin. Çünki onun istifadəsində olan torpaq sahəsinə gedib-gəlməsinə başqa yol yoxdur. Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-307/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu və mütəxəssis xərcinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2025-ci il tarixli 2(104)-468/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 307/2024 nömrəli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 1997-ci ildən etibarən torpaqdan istifadə edir. Müqaviləni isə 2005-ci ildə bağlamışdır. 118 ha torpaq sahəsidir. 2010-cu ildən cavabdeh torpaqdan istifadə edib. O, isə həmin yerdən istifadə etməyə imkan vermir, lakin oradan mal-qaranı keçirmək üçün başqa yol yoxdur. Cavbdeh digər vətəndaşlara həmin yoldan istifadə etməyə icazə verir, lakin R.Vüqara icazə vermir. Bunu da onunla əlaqələndirir ki, heyvanlara baxan şəxslərə guya R.Vüqar nəsə edə bilər. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən yenidən ekspertiza təyin edilməsini xahiş etdi. Hesab edir ki, mütəxəssis düzgün nəticəyə gəlməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 72 ha torpaq sahəsi var. 2000-ci ildən etibarən torpaqdan istifadə edir. Sənədi sonradan almışdır. Ona qarşı iddiaçı 1 dəfə də iddia qaldırmışdır. Orada çəpər, hasar və s. yoxdur. İstədiyi yoldan gedə bilər. Lakin qərəzli şəkildə məhz onun yolundan istifadə edirlər. Mütəxəssis rəyi də var. Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin də qərarı var ki, iddiaçının digər yolu var, lakin qərəzli şəkildə onun yolundan istifadə etmək istəyir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, mütəxəssis rəylərinə uyğun olaraq qərar verilməsini xahiş edirlər. İddiaçı və cavabdeh tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sərəncam, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, məhkəmə qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servituttorpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; -torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt vəşəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; -torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); -torpaq sahəsindən mal-qaranı keçirmək; -yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və malqara otarmaq; -torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçünmüvəqqəti istifadə etmək; -qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçəntikililər və qurğular ucaltmaq; -qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğularınucaldılmasını qadağan etmək; -torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digərtəbiətqoruyucu obyektlər yaratmaq; -qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digərservitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçilərinin öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılarından və su ehtiyyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyən olunmuş qaydada istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər Belə ki, işdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy RİH Başçısı ilə Düzyurd kənd sakini İddiaçı arasında yay otlaq sahəsində 23 nömrəli sahədən 122 hektar otlaq sahəsi 15 (on beş) il müddətinə istifadə etmək üçün icarəyə verilməsi barədə bağlanmış 11 iyul 2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi təsdiq edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, 23 saylı yay otlağında yerləşən 111.50 ha torpaq sahəsinin Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 102 nömrəli sərəncamı və Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 12 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu yoxdur. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçı məxsus torpaq sahəsinə avtomobil yolunun açılması ancaq Cavabdeh icarəyə verilmiş torpaq sahəsindən keçən və hal-hazırda bağlanmış yoldan servitut qaydasında mümkündür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla cavabdehin icarəsindədir və onun hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri keçid yolunun verilməsi barədə tələbinin hüquqi əsası yoxdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-70/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3701 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-2290/2023 saylı mütəxəssis rəyi ilə mövcud uçot xəritələrinə əsasən Gədəbəy rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən İddiaçı icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və eyni zamanda kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən Cavabdeh icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sahəyə yol keçmir. İddiaçıya icarəyə verilmiş 122 ha örüş sahəsinin qonşuluqda yerləşən digər icarədarların istifadəsində olan ərazidən icarədarın razılığı əsasında gediş-gəliş yolu kmi istifadə edə bilər. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı və eyni zamanda kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən Cavabdeh icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sahəyə yol keçmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə keçid digər qonşuların vasitəsi ilə də mümkündür. İddiaçı cavabdehin icarəsində olan torpaq sahəsindən zəruri keçid açılmasını tələb etməsinə baxmayaraq, məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı həmin keçidi piyada istifadəsi üçün yox, mal-qaranı örüş sahəsinə aparmaq üçün istifadə etmək istəyir. Belə olan halda cavabdehin istifadəsində olan örüş sahəsindən istifadə etməsinə əhəmiyyətli maneə yarada bilər və ona ziyan vurulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının zəruri keçid üçün tələb etdiyi yolun uzunluğunu və enini nəzərə alsaq, belə bir zəruri keçidin açılması tələbi əsassızdır və cavabdehin hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh icarəsində olan örüş sahəsindən iddiaçıya zəruri keçid yolunun açılması onun öz mükiyyətindən maneəsiz istifadə etmək hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) qarşı cavabdehin istifadəsində olan örüş torpaq sahəsindən zəruri keçid yolunun açılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar