Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-935/2021 20.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin 2726 manat 68 qəpik əsas, 36 manat 87 qəpik faiz, 0 manat cərimə, cəmi 2763 manat 55 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 01.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2729 manat 87 qəpik məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı Cavabdeh məxsus 440nkSMKR/13 saylı, 29.01.2013-cü il tarixli kredit müqavilələri üzrə restruktuzasiya olunan kredit borcunun 2729 manat 87 qəpik qalıq məbləğinin ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank'’ “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri ”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağl öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1 maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bank borcun qaytarılmasıı “Müştərin” dən tələb edə bilər. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 24 may 2021-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 2726 manat 68 qəpik əsas, 36 manat 87 qəpik faiz, 0 AZN cərimə, cəmi 2763 manat 55 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(076)-1821/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan yəni bank kommersiya fəaliyyəti göstərərək cavabdehə kommersiya məqsədilə kredit verildiyindən, həmin kredit problemlik kredit olduğundan hazırkı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nörməli Fərmanına əsasən problemli kreditlərin restrukturzasiya edilməsi məqsədilə cavabdehə bank tərəfindən kredit verilmişdir. Bundan başqa, tərəflərdən iddiaçı hüquqi şəxs, cavabdeh isə VÖEN-ə malik olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, mülki işin aidiyyəti Gəncə Kommersiya Məhkəməsinə aiddir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırki iddia ərizəsi düzgün olaraq Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Belə ki, borclu Cavabdeh ilə "xxxx" ASC arasında 2013-cü ildə bağlanmış kredit müqaviləsi üzrə cavabdehə vaxtilə istehlak krediti verilmişdir. Borc ödənilmədiyindən, sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nörməli Fərmanına uyğun olaraq restrukturizasiya olunmuşdur. Fərmanın adında da göründüyü kimi, həmin Fərmanla fiziki şəxslərin problemli kreditlərinin həlli nəzərdə tutulmuşdur. Həmin Fərman sahibkarlıq subyektlərinin problemli kreditlərinin həllini tənzimləmir. Hesab edir ki, mülki işə ümumi məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında olan kredit mübahisəsi iddiaçı tərəfindən 29.01.2013-cü il tarixdə cavabdehə verilmiş istehlak kreditinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nörməli Fərmanına uyğun olaraq restrukturizasiya olunması nəticəsində bağlanmış 01.10.2019-cu il tarixli kredit müqaviləsindən yaranmışdır. Həmin Fərmanla sahibkarlıq subyektlərinin deyil, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Belə olan halda, borclu sahibkar olsa belə, mübahisəyə yenə də ümumi məhkəmə tərəfindən baxılmalır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadıqlarını nəzərə alaraq, bununla da, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 32, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-935/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-935/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver