Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-937/2021 22.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin uzadılması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin uzadılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsinin 2 ha olan hissəsinə dair onlar arasında 19 aprel 2020-ci ildə bağlanmış icarə müqaviləsinin müddətinin növbəti 1 il müddətinə uzadılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsinin 2 ha olan hissəsini əvəzsiz olaraq onun uzun müddətli istifadəsinə vermişdir. Baxmayaraq ki, həmin torpaq sahəsinə dair aralarında formal olaraq 1 il əvvəl, 19 aprel 2020-ci ildə Gəncə şəhər ASAN xidmət mərkəzinin notariusunda icarə müqaviləsi bağlamışlar, cavabdeh həmin torpaq sahəsindən onun istifadəsinə dair heç bir haqq tələb etməmişir. Buna səbəb cavabdehin digər iş şərikləri ilə onun əmlakını bankda girova qoyaraq 635000 ABŞ dolları məbləğində kredit götürmələri və krediti ödəmədikləri üçün əmlakının hərrac vasitəsi ilə 844900 manata satılmasıdır. Belə ki, X3, X2 və Cavabdeh 21 sentyabr 2012-ci il tarixli 107536-1- 3807/1 müqavilə əsasında Bank VTB-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmin vaxt onun həyat yoldaşı sağ idi. Onlarla ailəvi dostluq edən həmin adamlar onun həyat yoldaşını razı salmışlar ki, mülkiyyətlərində olan Gəncə şəhəri Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 m2 ümumi sahədən ibarət olan qeyri- yaşayış sahəsini girov qoysunlar. Sonradan həmin kredit ödənilməmiş, nəticədə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə, X3, İddiaçı, X2 və Cavabdeh müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273 ABŞ dolları 82 sent faiz və 30 ABŞ dolları 50 sent cərimə, cəmi 434120 ABŞ dolları 32 sent məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qənaətinə gəlmişdir. Həmin məbləğin isə, X1 məxsus Gəncə şəhəri Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsi, 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə və onun adına olan Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilib. Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında ona məlumat vermədən ona məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsni ilkin və təkrar hərraca çıxarmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiymətindən 35% ucuzuna tələbkar "xxxx"-yə satmışdır. Satış məbləği isə, borcu ancaq bağlamışdır. Əmlakı hərrac satışı yolu ilə əlindən çıxdıqdan sonra, ağır maddi vəziyyətə düşmüşdür. Ona kömək məqsədilə Cavabdeh mülkiyyətində olan əmlakı onun əvəzsiz istifadəsinə vermişdir ki, oradakı köhnəlmiş parniki bərpa edib, sahibkarlıq məqsədilə istifadə etsin. O həmin sahədə dağılıb yararsız hala düşmüş parniki öz hesabına bərpa etmiş və parnik əkini üçün tam əlverişli vəziyyətə gətirmişdir. Bunun üçün 200000 (iki yüz min) manatdan artıq pul xərcləmişdir. Bundan sonra, onlar sahibkarlıq fəaliyyətini rəsmiləşdimək üçün formal olaraq, 1 il müddətinə icarə müqaviləsi bağlamışlar. Lakin, aralarındakı razılığa əsasən, həmin sahə onun əmlakının əldən çıxmasına görə ona vurulmuş ziyanın tam ödənilməsinə qədər onun istifadəsində olmalıdır. Əslində bu məqsədlə torpaq sahəsini X3 ona sataraq, mülkiyyətinə vermişdi. Sonradan cavabdeh torpağı ona əvəzsiz istifadəyə verəcəyinə inandırıb, ondan formal alqı-satqı ilə alaraq, öz mülkiyyətinə keçirdi. İcarə müqaviləsinin müddəti 1 iyun 2020-ci ilədək olmuşdur. Bundan sonra cavabdeh vaxtında məhkəməyə müraciət etmədiyindən həmin müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab edilmişdir. Hazırda həmin müqavilənin müddəti 1 iyun 2021-ci il tarixdə bitəcəkdir. O həmin müqavilənin müddətinin uzadılması üçün cavabdehə təklif göndərmişdir. Lakin cavabdeh ona müsbət cavab verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. O, icarəyə götürülmüş torpaq sahəsində pomidor əkmişdir və hazırda cavabdeh ona xəbərdarlıq edərək torpaq sahəsindən çıxmağını tələb edir. Hazırki vəziyyətdə o, torpaq sahəsindən çıxsa, əkmiş olduğu məhsul xarab olacaq və ona külli miqdarda ziyan dəymiş olacaqdır. Bu səbəbdən də həmin müqavilənin müddətinin daha 1 il müddətinə uzadılmasına zərurət vardır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1721/2021 saylı 08 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin uzadılması tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən müraciəti nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 19 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Şəmkir rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 4.7703 ha olan torpaq sahəsindən yalnız 2.0 ha hissəsini (torpaq sahəsini) kənd təsərrüfatı məhsulları əkib becərmək üçün aylıq icarə haqqı 300 manat olmaqla 01.06.2020-ci il tarixədək icarəçi İddiaçı icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 29.04.2021-ci il və 28.05.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdeh icarə müqaviləsinin müddətinin uzadılması barədə iddiaçının təklifini qəbul etməyərək, iddiaçı tərəfindən icarə haqqının ödənilmədiyi və torpaq sahəsi cavabdehin istifadəsi üçün zəruri olduğu üçün 01.06.2021-ci il tarixdən icarə müqaviləsinin ləğv ediləcəyi barədə iddiaçını xəbərdar etməklə, həmin tarixdən torpaq sahəsindən çıxmasını iddiaçıdan tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda yəni, müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə və torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə tələb edə bilər. Mülki Məcəllənin 720.3 və 720.3.4-cü maddələrinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti bitənədək, icarəçi müqavilənin müddətinin uzadılması barədə icarəyə verənə bildiriş göndərmiş, lakin icarəyə verən icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq niyyətində olduğunu bildirib, icarəçinin təklifini qəbul etməmişdir. Torpaq icarəsi müqaviləsinin müddəti qurtardığından və icarə müqaviləsinin müddətinin uzadılması barədə içarəçinin təklifi icarəyə verən tərəfindən qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, icarə müqaviləsinin uzadılması barədə icarəçinin tələbini təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin uzadılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin uzadılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-937/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-937/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver