Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-938/2021 20.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 89000 manat pulun alınaraq ona verilməsinə, əlavə olaraq ona dəymiş 20000 manat maddi və mənəvi ziyanın, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o hal-hazırda Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Bildirmək istəyir ki, o Şəmkir rayonunda tərəvəz əkib-becərməklə məşğuldur. Parnikləri var və müxtəlif iş adamları ondan tərəvəzləri alıb daxili və xarici bazarlarda satışa çıxarır. Bildirir ki, cavabdeh Əliyev X1 rayonu Keçili kənd sakinidir və o onunla artıq bir neçə ildir ki, tərəvəz alveri etmişlər. Cavabdeh 2019-cu ildə ondan 89000 AZN dəyərində tərəvəz alaraq pulunu bir neçə gün sonra verəcəyini bildirmişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Cavabdeh borcunu ona qısa müddətəqaytarmağı öhdəsinə götürsə də hələ də ona borclu olduğu 89000 manat puldan bir manat da olsa qaytarmayıb. O isə pulunu cavabdehdən istəsə də verməyərək imtina etmişdir. Əlavə olaraq ona məlum olmuşdur ki, Cavabdeh ondan başqa bir neçə adamdan da pul alaraq aldatmışdır. Bu səbəbdən də hesab edir ki, Cavabdeh əməlində cinayət tərkibi var. Bu səbəbdən də aralarında yaranan borc üstündə mübahisəyə görə iddiaçı olaraq o Cavabdeh Şəmkir Rayon Polis Bölməsinə şikayət etmişdir. Orada onların izahatlarını almışdırlar, Cavabdeh polisə gələrək ona 89000 manat borclu olduğunu öz izahatında etiraf etmişdir və borcunu qaytaracağını bildirmişdir. O yenədə cavabdehdən borclu olduğu 89000 manat məbləği tələb etmişdir. O da ona borclu olduğu 89000 manat pulu qaytarmamaq üçün min bir bahanə gətirmişdi. Artıq uzun müddətdir Cavabdeh ona olan 89000 manat borcunu ödəməməsi ucbatından təsərrüfatında ciddi geriləmə olmuşdur, ona əlavə olaraq 20000 manat maddi və mənəvi ziyan dəymişdir. Şəmkir Rayon Polis Bölməsində onun şikayət ərizəsi araşdırıldıqdan sonra həqiqətən Cavabdeh ona 89000 manat borcu olduğu müəyyən edilmişdir və orada ona bildirmişdilər ki, məhkəməyə müraciət etməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehlə əvvəllər alveri olduğu üçün ona nisyə mal vermişdir. Cavabdeh və onun adamları özləri malı seçib yığmışlar. Lakin, cavabdeh aldığı malın dəyərini bu günə kimi ödəməyək, onu çətin vəziyyətə salmışdır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 89000 manat məbləğində malı iddiaçıdan qəbul edib satmaq üçün Rusiyaya göndərmişdir. Lakin, iddiaçıdan aldığı mal Rusiya bazarına çatmamış, mal yolda xarab olmuşdur. İddiaçıya köməklik etmək üçün ondan mal almışdır. İndi isə iddiaçı onu məhkəməyə verir. Borcun 89000 manat borcun bir hissəsi iddiaçıya aiddir. Ona görə ki, iddiaçı ona keyfiyyətli mal verməmişdir. İddia tələbinin 20000 manat maddi və mənəvi ziyan hissəsi isə ümumiyyətlə əsassızdır. Ziyanı iddiaçı deyil, özü çəkmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Salman Atayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31.05.2021-ci il tarixli qərarından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 89000 manat pul tələbi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Şəmkir RPŞ-nə verdiyi izahatında Cavabdeh bildirmişdir ki, barəsində şikayət edən İddiaçı tanıyır. 2019-cu ilin aprel-may aylarında İddiaçıla istilikxanada görüşüb ondan hissə-hissə 89000 manat dəyərində pomidor məhsulunu nisyə olaraq almışdır. Lakin maddi imkanı zəiflədiyi üçün Eynurun borcunu bu günə qədər verə bilməmişdir. Hazırda isə ümumilikdə İddiaçı cəmi 89000 manat dəyərində borcu vardır. Yaxın vaxtlarda imkanı olan kimi Eynurun borcunu qaytarmaq fikri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından, həmçinin cavabdehin etirafından görünür ki, Cavabdeh İddiaçıdan nisyə mal almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, 89000 manat məbləğində borcu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 89000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, İddiaçı ona mənəvi ziyan dəyməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, bu hal da öz təsdiqini tapmır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Lakin iddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 89000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-938/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-938/2021
20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver