Məhkəmə qərarları › İş №2-2(115)-950/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-950/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-950/2021 03.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X2 və Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon şöbəsinə qarşı yararsız vəziyyətə düşmüş 11 200 ədəd qaz yumurtasının maya dəyəri olan cəmi 22 400 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçılar tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edilərək Cavabdeh ASC-nin əsl cavabdeh kimi tanınmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçılar Şəmkir rayonu Aşağı Seyfəli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, Cavabdeh ASC-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində iddiaçılara küllü miqdarda zərər dəyilmişdir. Belə ki elektrik xəttində yaranmış problemlər vaxtında aradan qaldırılmadığı üçün 11 200 ədəd qaz yumurtası məhv olmuş və bununla da 22 400 manat dəyərində ziyan dəymişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2021-ci ilin may ayının 5-dən 6-na keçən gecə fəaliiyət göstərdiyi ərazidə elektrik verilişi verilişinin 12 saata yaxın müddət ərzində dayanmış, nəticədə inkubator sexində olan 11 200 ədəd qaz yumurtası zay olmuşdur. Hər orda olan yumurtalardan 70% həcmində cücə alınır ki, onlar da həmin cücələrin satışını edirlər. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ilin may ayının 5-dən 6-na keçən gecə fəaliiyət göstərdiyi ərazidə elektrik verilişi 12 saat ərzində dayanmış. Avadanlıqlarda olan istilik aşağı düşmüş və nəticədə sexdə olan 11 200 ədəd yumurta xarab olmuşdur. Sexdə quraşdırılmış elektrik generatoru da nasaz olduöundan 2-3 saat işləyə bilmişdir. Aparatlara yerləşdirilən yumurtalardan 70% həcmində cücə alınır. Xarab olmuş yumurtalar kəndin kənarında torpağa basdırılmışdır. Hər bir yumurtanın dəyəri 2 manat olduğundan onlara 22 400 manat ziyan dəymişdir. Həmin məbləğ onlara ödənilməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı elektrik enerjisinin verilişində fasilə yaranmışdır. Bu, fors-major hadisədir. Səbəb fors-major hadisə olduğundan Cavabdeh ASC heç bir məsuliyyət daşımır. İddiaçının obyektinə aid transformator və oradan çıxan elektrik xətti şəxsi olduğu üçün ASAN xidmətə ərizə ilə müraciət olunmalı idi. Odur ki, iddia tələbi əsassızdır. 23 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, Cavabdeh ASC-nin Şəmkir REŞ-də sahə ustası işləyir, əsas işi əhaliyə dayanıqlı və fasiləsiz elektrik enerjisinin verilməsini təmin etməkdir, hava şəraiti ilə əlaqədar xətlərdə qəza yaranmış, may ayının 6-da iddiaçı ona zəng edərək onların elektrik xəttinin qırılması barədə məlumat vermiş, o isə bildirmişdir ki, hava şəraiti ilə bağlı xətlərdə qəza olduğu üçün ona kömək edə bilməmişdir, ona görə ki, əsas işləri əhaliyə verilən elektrik enerjisini bərpa etmək idi, iddiaçının obyekti isə transformator və oradan çıxan elektrik xətti şəxsi olduğu üçün Cavabdeh ASC-yə ərizə ilə müraciət olunmalı idi, bundan sonra baxış keçirilərək işin smetası çıxarılmalı idi. 03 noyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, mütamadi olaraq iddiaçılara məxsus obyektə gedib-gəlmiş, onlardan qaz cücələri almışdır. 2021-ci ilin may ayının 5-i gecəsi səhərə yaxın işıq dayandığından onlara məxsus inkubatorda olan yumurtalar məhv olmuşdur, Həmin vaxt hava şəraiti küləkli və yağışlı olmuşdur. Qaz yumurtasının birinin təqribi qiyməti 1,5-2.0 manatdır. 03 noyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, iddiaçılar kənddə sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, təqribən may ayında elektrik enerjisinin verilişi bir sutka dayanmış yumurtalar məhv olmuşdur, həmin yumurtaları da Şəmkir çayının altında olan çuxurda basdırılıb. Həmin gün enerjinin verilişinin dayanmasına səbəb ola biləcək külək və yağış olmamışdır. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki,iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Qida təhlükəsizliyi X8 sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, fiziki şəxs İddiaçı2 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində sahibkarlıq fəaliyyəti ev quşlarının yetişdirilməsindən ibarətdir. Şəmkir RİHB-nin Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsinin 18 may 2021-ci il tarixli, 517 nömrəli arayışından görünür ki, İddiaçı1 özünə məxsus inkubatora elektrik enerjisinin fasilələrlə verilməsi səbəbindən külli miqdarda ziyan dəymişdir. 29 may 2021-ci il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində tərtib olunan aktda qeyd olunur ki, yararsız vəziyyətdə olan 11 200 ədəd qaz yumurtası torpağa basdırılmışdır. ETSN yanında Milli Hidrometrologiya Xidmətinin Qərb RHM-nin 12 oktyabr 2021-ci il tarixli məktubunda əks olunan məlumatda qeyd edilir ki, 05 may 2021-ci il tarixdə hava çox buludlu, meteoroloji görünüş 4 km, havanın temperaturu 16,8 dərəcə, minimal temperatur 13.9 dərəcə, maksimal temperatur 27,7 dərəcə, küləyin orta surəti 4 metr/saniyə, maksimal surət Qərb istiqamətindən 17 metr/saniyə olmuşdur, göy gurultusu, şimşək müşahidə olunmuş, yağıntı miqdarı 23,2 mm olmuşdur. Şəmkir Elektrik şəbəkəsinin 11 oktyabr 2021-ci il tarixli, 01/696 nömrəli xidməti məlumatda qeyd edilir ki, Rəhman Atakiçiyev və 5 nəfər ayrı qeydi-əhali qrupunun istifadə etdiyi mövcud TM 04kv-luq hava xəttində yaranmış qüsurların aradan qaldırılması Şəmkir EŞ-nin səlahiyyətinə aid edilməmişdir. Şəmkir EŞ-nin əməkdaşı X6 ximdəti məlumatında qeyd olunur ki, İddiaçı1 ******* saylı transformatoru şəxsi olduğundan orada baş vermiş qəzaları onların özləri tərəfindən və ya “ASAN XİDMƏT” mərkəzinə müraciət edilməklə aradan qaldırılır. Məhkəmə ilk öncə qeyd edir ki, mövcud olan zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından göründüyü kimi iddiaçılara məxsus inkubator sexi vardır. Həmin sex Cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin edilmişdir. 2021-ci ilin may ayında həmin ərazidə elektrik enerjisinin verilişində 12 saata yaxın müddət ərzində fasilə yaranmışdır. Cavabdeh tərəf elektrik enerjisinin verilişinin neçə saat ərzində dayanması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Elektrik enerjisinin verilişində yaranmış fasiləni küləkli və yağışlı hava şəraiti ilə bağlı olaraq fors-major hal ilə əlaqələndirmişdir. Göründüyü kimi zərər ilə enerjinin kəsilməsi arasında səbəbli əlaqə mövcuddur. Burada cavabdehin təqsiri və həmin zərəri ödəməli olması məsələsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, məişətdə və ya istehsalatda istifadə olunan bütün cihazlar və avadanlıqlar elektrik enerjisi ilə işlədilir. Elektrik enerjisini əvəz edə biləcək enerji növü mövcud deyildir. İddiaçılara məxsus inkubator sexi Cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, onun əvəzi abonent tərəfindən ödənilməklə elektrik enerjisinin alqı-satqısı üzrə öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçılar elektrik enerjisinin etibarlı təminatına güvənərək inkubator sexinə yumurtalar yığmışlar. Məqsəd həmin yumurtaları bir ay ərzində yetişdirmək və onlardan çıxan cücələri satmaqla gəlir əldə etmək olmuşdur. Elektrik enerjisinin kəsilməsi nəticəsində inkubator sexinin fəliyyəti müəyyən müddətə dayanmışdır. Məhkəmənin qənaətinə görə hər bir yağışlı və küləkli hava şəraiti fors-major hadisə hesab edilmir. Milli Hidrometrologiya Xidmətinin hava haqqında rəsmi məlumatları nəzərdən keçirilərkən məlum olur ki, 2021-ci ilin may ayı ərzində, o cümlədən 5-6 may tarixlərində təbii fəlakət dərəcəli külək və ya yağıntı olmamışdır. Yaz mövsümündə dağlıq və dağətəyi rayonlarda küləkli və yağışlı hava şəraitinin olması normal haldır. Əgər, adi küləkli və ya yağmurlu hava şəraitində elektrik enerjisinin verilişi bu səbəbdən kəsilirsə, bunun səbəbi elektrik hava xəttlərinin saz vəziyyətdə olmamasıdır. Belə vəziyyətdə də məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Çünki həmin təşkilat elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edilməsi öhdəliyini daşıyır. Bununla cavabdehin təqsirli olması təsdiq olunur. İddiaçı tərəfin cəlb etdiyi şahidlərin ifadələrindən də görünür ki, yumurtalar elektrik enerjisinin olmaması səbəbindən məhv olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıların sexində 11.220 yumurtanın olması 29 may 2021ci il tarixli akt ilə və hər bir yumurtanın qiymətinin 2 manat olması iddiaçıların və şahidlərin ifadələri ilə, habelə kənd təsərrüfatı məhsullarının ticarətini həyata keçirən kommersiya hüquqi şəxslərin internet portallarında olan məlumatlara əsasən təsdiqini tapır. Həmçinin iddiaçılar izahatlarında qeyd etmişlər ki, inkubatora yerləşdirilmiş yumurtaların 70% həcmində bala çıxa bilər. Deməli, səbəbindən asılı olmayarq hər 10 ədəd yumurtadan 3 yumurta yararsız ola bilərdi. İddia tələbində göstərilən 22 400 manatın 70 faizi 15.680 manat təşkil edir. Məhkəmə işin bu halını, habelə iddiaçıların gözlənilən zərərin qarşısını almaq üçün bütün mümkün imkanlardan istifadə etməməsini, yəni elektrik enerjisi verən generatoru saz vəziyyətdə saxlamamalarını və belə olan halda yaranan zərərin əsasında iddiaçıların hərəkətsizliyinin də dayanmasını nəzərə alaraq zərərin əvəzinin 12 400 manat həcmində müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.2.1-ci bəndinə görə fors-major hadisə olduqda məsuliyyət yaranmır. 10.18-ci bəndinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.1-ci bəndinə əsasən öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə; 10.18.2-ci bəndinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 10.18.5-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin və X3 Agentliyinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 12 400 manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar