Məhkəmə qərarları › İş №2-2(115)-950/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-950/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-950/2025 22.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair (açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi. I. Mübahisənin mahiyyəti

1. İddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas məbləğ üzrə 14165.89 manat, hesablanmış faiz üzrə 2100.93 manat, cərimə borcu üzrə 0 manat, cəmi 16266.82 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması, tutmanı ipoteka ilə yüklü edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə birgə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin tərəflər arasında razılaşdırılmış 30000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə birgə satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra qeydiyyatda olanların yaşayış hüquqlarına xitam verilərək boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Goranboy Rayon Məhkəməsinin 2(045)-20/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiаçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “16 may 2014- cü il tarixli 80 saylı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Taleh Mustafayev).

3. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mübahisə hüquqi şəxslə (İddiaçı ASC) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh1) arasında yaranmışdır, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq (İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 may 2014-cü il tarixli, 80 saylı müqavilə) fəaliyyəti ilə bağlıdır. Yəni, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir).

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

II. Tətbiq edilən hüquq

5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı

5. Məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir.

6. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti (2020-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyada) 25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”

III. Məhkəmənin mövqeyi

9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir.

10. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 xx.xx.2014-cü il tarixdə, Cəfərova (Şərifova) Səbinə Etibar qızına isə xx.xx.2024-cü tarixdə (iddia ərizəsi icraaata qəbul edildikdən sonra) VÖEN verilmiş, Cavabdeh3 və Cavabdeh2 isə VÖEN-i mövcud deyil.

11. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər qismində fərdi sahibkarla (Cavabdeh1) yanaşı, fiziki şəxslərə də qarşı (Cəfərova (Şərifova) Səbinə Etibar qızına, Cavabdeh3 və Cavabdeh2) xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan isə məhkəmə hesab etmişdir ki, hazırki mübahisə hüquqi şəxslə (İddiaçı ASC) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh1) arasında yarandığından, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq (İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 may 2014-cü il tarixli, 80 saylı müqavilə) fəaliyyəti ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır.

12. 2020-ci il yanvarın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 5-ci bəndinə görə, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir.

14. Göründüyü kimi 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Goranboy Rayon Məhkəməsində həll edilməlidir.

IV. Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

16. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25, 32, 263-264-cü maddələrinin tələblərinə əsasən məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar