Məhkəmə qərarları › İş №2-2(115)-953/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-953/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-953/2021 28.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1489,44 manat əsas borc, 14,32 manat faiz borcu, 13,2 manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1516,96 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumnun tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-2057/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon Məhkəməsinin işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə 2(076)-2057/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərardadında işin kommersiya mübahisəsi olmasının əsaslandığı hal kimi kredit müqaviləsinin məqsədinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsi qeyd edir ki, 21 noyabr 2014-cü il tarixli, 10-MZ-2-0- 2596-14 nömrəli kredit müqaviləsinin surətindən göründüyü kimi kreditin məqsədi olaraq borclunun istehlak təlabatlarının ödənilməsi qeyd edilir. Belə olan halda kreditin təyinatının cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması istisnadır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, oda nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisənin məhkəmə aidiyyatının müəyyən edilməsi üçün iş kasasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar