Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-956/2021 20.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 034R********** saylı kredit razılaşması üzrə 1909,59 manat məbləğində kredit borcu, 634,33 manat məbləğində faiz borcu və 4336,65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6880,57 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması,Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsində mülkiyyətində olan 0,1133 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.2 m2 yaşayış, 47.6 m2 yardımçı, 89.8 m2 ümumi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 6880,57 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Əliyeva Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması, Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsində mülkiyyətində olan 0.1133 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.2 m2 yaşayış, 47.6 m2 yardımçı, 89.8 m2 ümumi sahədən ibarət 29 nömrəli fərdi yaşayış eviə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-985/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon Məhkəməsinin işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə 2(076)-985/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qərardadında işin kommersiya mübahisəsi olmasının əsaslandığı hal kimi kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlamış tərəflər - Cavabdeh2, Cavabdeh3, habelə ipoteka qoyulmuş fərdi yaşayış evində qeydiyyatda olan digər tərəf Cavabdeh4 fərdi sahibkar kimi qeydiyyatda olması və adlarına vergi ödəyicisinin eyniləşdirmə nörməsinin (VÖEN) olması qeyd edilmişdir. Gəncə Kommersiya Məhkəməsi qeyd edir ki, kredit müqaviləsinə əsasən pul vəsaiti Cavabdeh1 verilmişdir. Yalnız, həmin şəxs pul vəsaitindən istifadə etmək hüququnu əldə etmişdir. Kreditin təyinatı kredit müqaviləsi bağlayan şəxsə münasibətdə müəyyən olunmalıdır. Kredit müqaviləsinin tərəf olan, borclu Cavabdeh1 fərdi sahibkar statusu olmamış, habelə, kreditin təyinatının sahibkarlıq məqsədi olması müqavilədə qeyd edilməmişdir. Zaminlərin və ya ipoteka qoyan şəxslərin sahibkar statusunun olması kreditin sahibkarlıq məqsədilə verilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, oda nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisənin məhkəmə aidiyyatının müəyyən edilməsi üçün iş kasasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-956/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-956/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver