Məhkəmə qərarları › İş №2-2(115)-986/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-986/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-986/2021 03.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 15 fevral 2019-cu il tariхli, 014 saylı kredit müqaviləsi üzrə 8834,86 manat əsas borc və 166,36 manat faiz borcu olmaqla, cəmi 9001,22 manat məbləğində borcun, 30,4 manat dövlət rüsumu və 41,42 manat ipoteka bildirişlərinin qeydiyyata alınması ilə bağlı xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi,əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia həcminin artırılması barədə ərizə təqdim edilərək Cavabdeh 15 fevral 2019-cu il tariхli, 014 saylı kredit müqaviləsi üzrə 7553,58 manat əsas borc və 300,62 manat faiz borcu olmaqla, cəmi 7854,20 manat məbləğində borcun, 30,4 manat dövlət rüsumu və 41,42 manat ipoteka bildirişlərinin qeydiyyata alınması ilə bağlı xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi,əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsindən Cavabdeh İman qızının istifadə hüquqlarına xitam verilməklə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh İman qızından tutularaq iddiaçı «X3» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh İman qızı arasında bağlanmış 15 fevral 2019-cu il tariхli, 014 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 15 000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında 15 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 15 fevral 2019-cu il tarixli, 014 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Bank 15 000 manat dəyərində kredit məbləğini 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 15 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində оlаn Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsi, ev 66 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsi ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindənRX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində оlаn Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsi, ev 66 ünvanda yerləşən 0,0830 ha torpaq sahəsi "xxxx" ASC -nin xeyrinə yüklü edilmişdir. 18.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə 9001,22 manat borc hesablanmışdır. 19 yanvar 2021-ci il tarixli 1/2021 nömrəli bildirişdən görünür ki, cavabdeh yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 29 000 manat, likvid dəyəri 26 100 manat kimi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 15 fevral 2019-cu il tarixli, 014 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X1 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 26 noyabr 2019-cu il tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalar əsas borc üzrə 6744.37 (altı min yeddi yüz qırx dörd manat otuz yeddi qəpik ) manat, faiz borcu üzrə 1278.26 (mln iki yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat, cəmi 8022.63 ( səkkiz min iyirmi iki manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30,40 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməli, borcun tutulması ipoteka ilə yüklü edilmiş X5 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 kv.m ümümi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə iddia tələbinin cavabdehin torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməklə torpaq sahəsindən çıxarılması hissəsi üzrə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Hazırda Cavabdeh həmin əmlakın mülkiyyətçisidir. Əmlak başqa şəxsin mülkiyyətinə keçməmişdir. “X7 haqqında” Azərbaycan Respublikası Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddənin məzmunundan göründüyü kimi burada torpaq sahəsinin sahəsinin boşaldılması nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış 15 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin 3.3.7-ci bəndində də yaşayış sahəsinin boşaldılmasından bəhs olunur. Odur ki, iddia tələbi həmin hissə üzrə də əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 fevral 2019-cu il tarixli, 014 saylı kredit müqaviləsi üzrə 7553,58 manat əsas borc, 300,62 manat faiz borcu olmaqla, ümumilikdə 7854,20 manat məbləğində kredit borcu və 30,4 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh məxsus olan likvid dəyəri 26 100 manat olan ünvan 2 ünvanında yerləşən 0,0830 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar