Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-988/2021 29.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 26 noyabr 2019-cu il tariхli, 047 saylı kredit müqaviləsi üzrə 6744,37 manat əsas borc və 475,45 manat faiz borcu olmaqla, cəmi 7219,82 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 131,95 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşə n 111,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi,əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia həcminin artırılması barədə ərizə təqdim edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-n n xeyrinə 26 noyabr 2019-cu il tarixli 047 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş qalar əsas borc üzrə 6744.37 (altı min yeddi yüz qırx dörd manat otuz yeddi qəpik ) manat, faiz borcu üzrə 1278.26 (min iki yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat, cəmi 8022.63 ( səkkiz min iyirmi iki manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30.4 manat dövlət rüsumu və 131.95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 26 noyabr 2019-cu ii tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, Cavabdeh2 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 kv.m ümümi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilsin və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borc ödənilməsi, ipotekaya qoyulmuş Şəmkir şəhərində 0.0144 ha torpac sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 kv.m ümümi sahədən ibarət qeyri yaşayış sahəsindən Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «X1» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tariхli, 047 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 7500 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında 26 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka qoyanın mülkiyyətində olan Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək borcu etiraf etmiş, ödəmə qabiliyyətləri olmadıqları üçün ödəniş apara bilmədiklərini və yaxın aylarda ödəniş edəcəklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 26 noyabr 2019-cu il tarixli, 047 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Bank 7500 manat dəyərində kredit məbləğini 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. 26 noyabr 2019-cu il tarixli, 035 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. 26 noyabr 2019-cu il tarixli, 048 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası "xxxx" ASC -nin xeyrinə yüklü edilmişdir. 11.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehə 6744,37 manat əsas borc hesablanmışdır. 19 yanvar 2021-ci il tarixli 2/2021 nömrəli bildirişdən görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 58 600 manat, likvid dəyəri 52 740 manat kimi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli, 035 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 26 noyabr 2019-cu il tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalar əsas borc üzrə 6744.37 (altı min yeddi yüz qırx dörd manat otuz yeddi qəpik ) manat, faiz borcu üzrə 1278.26 (mln iki yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat, cəmi 8022.63 ( səkkiz min iyirmi iki manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30,40 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməli, borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 kv.m ümümi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 və Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehlərdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, ordan çıxarılma və binanın boşaldılması hissəsi üzrə onu qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddənin məzmunundan göründüyü kimi burada qeyri-yaşayış binasını sahəsinin tərk edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə onu qeyd edir ki, əmlakın boşaldılması ilə bağlı tərəflər arasında mübahisə o halda yarana bilərdi ki, bu öhdəlik onu üzərinə götürənlər tərəfindən razılaşmada müəyyən olunmuş müddət ərzində icra edilməmiş olsun. Ən başlıcası budur ki, cavabdehlər qeyri-yaşayış binasının boşaldılmasını həmin əmlakın hərracda satılmasından sonra bir ay ərzində öhdəlik olaraq üzərlərinə götürmüş olsalar da belə, həmin zaman hələ yetişməyibdir. Həmin müddətin axımı əmlakın hərracda satılmasından sonra başlanır. Bundan sonra cavabdehlərin əmlakı boşaldılması üçün bir ay vaxtları vardır. Belə də olar bilər ki, cavabdehlər öhdəliklərinə əməl edərək yaşayış evini hərracda satılmasından sonra bir ay ərzində tərk edərlər. Bu, hələ bəlli deyil. Bu tələbin irəli sürülməsi üçün zaman və şərait yetişməmişdir. Göründüyü kimi iddiaçı yaranmamış və mövcud olmayan mübahisənin həllini tələb edir. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 26 noyabr 2019-cu il tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalar əsas borc üzrə 6744.37 (altı min yeddi yüz qırx dörd manat otuz yeddi qəpik ) manat, faiz borcu üzrə 1278.26 (mln iki yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat, cəmi 8022.63 ( səkkiz min iyirmi iki manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30,40 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Borcun tutulması ipoteka ilə yüklü edilmiş, likvid dəyəri 52 740 (əlli iki min yeddi yüz qırx) manat olan, Cavabdeh2 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 kv.m ümümi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev