Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1051/2021 01.11.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 63 nömrəli icarə müqaviləsi üzrə 1298 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 63 nömrəli icarə müqaviləsi üzrə 1298 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 3-cü bəndində izah edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq izah edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. İddiaçı hazırki tələblə 15.09.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, sonuncu 12.10.2021-ci il tarixli qərardadla işi baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsini qərara almış və iş Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı hazırki mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş və hazırki mübahisəyə Kommersiya Məhkəmələri tərəfindən baxılmalıdır. Kommersiya Məhkəmələrinə müraciət edilməsi ilə bağlı qanunvericiliyin yuxarıda göstərilən tələblərinə isə iddiaçı tərəfindən riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 3-cü bəndində nümayiş etdirdiyi mövqeyini, habelə 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bunlardan başqa iddiaçının adından iddia ərizəsini imzalamış nümayəndənin buna səlahiyyəti də mövcud deyildir. Belə ki, iddia ərizəsi Rafiq Cəlilov tərəfindən imzalansa da, sonuncunun iddia ərizəsini imzalamaq səlahiyyətinin olması barədə sübutlar, habelə onun nümayəndə olmasını təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş etibarnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Hazırkı işin araşdırması zamanı müəyyən edilmişdir ki, 07.09.2021-ci il tarixli iddia ərizəsi X1 tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda Fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələrinin təsdiq edilənədək onların öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirmələri müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli 2034 nömrəli sərəncamı ilə X1 xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilən 12.05.2020-ci il tarixədək Xidmət öz fəaliyyətini Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsi və həmin Komitə tərəfindən xidmət sahəsini əhatə edən sənədlər (əmr, və s.) əsasında həyata keçirmişdir ki, Xidmətin Əsasnaməsinin təsdiq edildiyi 12.05.2020-ci il tarixdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini tənzimləyən sənədlər əsasında hər hansı hərəkətlərin həyata keçirilməsi qanuni deyil və həmin sənədlərin hüquqi qüvvəsi yoxdur və iddia ərizəsini imzalamış R.Cəlilovun buna səlahiyyəti olmamışdır. Bundan başqa iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş 27.02.2018-ci il tarixli 43 nömrəli əmr Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsənov tərəfindən qəbul edilmişdir. Əmrin giriş hissəsində əmrin “İddiaçı fəaliyyət sahələrinin idarə edilməsi haqqında” qəbul edilməsi göstərilsə də bəlli olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi xidmət statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna 23.10.2019-cu il tarixldən sonra daxil edilmişdir. Bundan başqa Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçı qismində iştirak etdiyi işlərin materiallarından əldə edilmiş 27.02.2018-ci il tarixli 43 nömrəli əmrin əsl məzmunundan müəyyən edilmişdir ki, əslində 27.02.2018-ci il tarixli 43 nömrəli əmr “Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələrinin idarə edilməsi haqqında” həmin dövrdə komitənin sədri olmuş K.Həsənov tərəfindən qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəməyə təqdim edilmiş 27.02.2018-ci il tarixli 43 nömrəli əmrin məzmunu tam təhrif edilmiş və bu əmrə istinadən xitmət tərəfindən məhkəmələrə təqdim edilmiş iddia ərizələri imzalana bilməz. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə iddia ərizəsini imlamamış vəzifəli şəxsin buna səlahiyyəti olmadığından, habelə iddiaçı tərəfindən “Mediasiya” haqqında Qanunun və Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 63 nömrəli icarə müqaviləsi üzrə 1298 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-1051/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1051/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver