Məhkəmə qərarları › İş №2-2(117)-106/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-106/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-106/2025 15.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 133190 min manat pulun və ödənilmiş 423 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Tütünçülük və tütünqurutma fəaliyyəti ilə məşğul olur. Təxminən üç il əvvəl Oğuz rayonunda Kənd Təsərrüfatı yarmarkasına olarkən, cavabdeh Ayparə ilə tanış oldu. Söhbət zamanı Ayparə də tütünçülük fəaliyyəti ilə məşğul olduğunu bildirdi. Həmin vaxtı Ayparə ona tütün qurutma aparatının satışını həyata keçirməsi barədə danışdı. Söhbət zamanı bu sahədə birgə əməkdaşlıq etmək qərarına gəldilər. O, Ayparədən özü üçün əkdiyi tütün məhsulunu qurutmağa və istehsal etməyə avadanlıq və texnika istəmişdir. Razılaşma əsasında ona müəyyən məbləğdə pul verməyini bildirdi. Bu məqsədlə o, 2023cü ili iyul ayında Ayparəyə 13.400 (on üç min dörd yüz) manat pulu tütün qurutma və siqaret aparatları satması üçün vermişdir. Ayparə həmin vaxtı ona iki ədəd tütünqurutma aparatı satdı. Həmin aparatlar Masallı rayonuna gəldikdən sonra o, sonradan başqa avadanlıqlar da ona sifariş etdi. Buna görə də yəni ikinci dəfə üçün aparat gətirməsi ilə bağlı 10.000 (on min) manat pulu cavabdehə göndərdi. O, yenidən Qazvinə kəndinə gedib, Ayparəyə hissə-hissə olmaqla 35.000 (otuz beş), 600 (altı yüz) manat, 4.500 (dörd min beş yüz) manat, 2.000 (iki min) manat pul və 4.070 (dörd min yetmiş) manat dəyərində bir yük maşını tütün məhsulunu göndərdi. Sonradan bir neçə dəfə Balakən rayonuna gedib, Ayparə ilə görüşdü və ona müxtəlif məbləğlərdə ümumilikdə, 165.190 (yüz altmış beş min yüz doxsan) manat pul vermişdir. Ayparə buna görə ona doğrama aparatı, üç ədəd qurutma aparatı, siqaret yığmaq üçün qutular, qutuları yapışdırmaq üçün yapışqan və siqaret, içinə qoyulan aliminium kağızlar verməyi öhdəsinə götürmüşdür. Həmin qeyd edilən avadanlıq və məhsulları pul tam şəkildə ödənildikdən sonra Ayparə Masallı rayonuna göndərməli idi. Ayparə bir neçə dəfə avadanlıq və məhsulları göndərəcəyi yük maşınlarının şəkillərini çəkib ona telefonla göndərmişdir. Cavabdeh hazırki vaxta qədər iki ədəd tütün qurutma aparatı və bir ədəd aksiz markası vuran aparat göndərmişdir. Tütün qurutma aparatlardan biri saz olsa da digəri istifadəyə yararsız halda olmuşdur. Ayparə ümumi dəyəri 32.000 (otuz iki min) manat olan iki ədəd tütün qurutma aparatı göndərmiş olsa da geri qalan 133.190 (yüz otuz üç min yüz doxsan) manat pulu hələ də qaytarmamışdır. Bir neçə dəfə Ayparə ilə bununla bağlı söhbəti olmuşdur. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu verməkdən boyun qaçırmışdır. Bundan əvvəl cavabdeh ona 165.190 (yüz altmış beş min yüz doxsan) manat borcu olmasını etiraf etmişdir. Onun pulunu vermədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir.

4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh iddiaçı Best Friend MMC-nin direktoru ilə şifahi müqavilə bağlayıb ona tütün qurutma kamerasını satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfdən müxtəlif vaxtlarda cavabdehə pul ödənişləri olunmuşdur. Cavabdeh 2 ədəd tütün aparatı göndərmişdir. Aparatın biri yararsız, digəri isə təzə idi. Cavabdeh müqavilə üzrə üzərinə başqa öhdəliklər götürsə də icra etməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis Şöbəsinin KK-1/185 nömrəli xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə Masallı rayon Polis Şöbəsinə müraciət edərək ona qarşı Cavabdeh tərəfindən dələduzluq olunduğunu bildirmiş və bununla bağlı istintaq orqanı tərəfindən müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Həmin ərizə əsasında polis şöbəsi tərəfindən qeyd olunan qərar qəbul edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

8. Masallı Rayon Polis Şöbəsinin HK-1/185 nömrəli, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onun heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. O, İddiaçı MMCnin direktoru işləyir, özü tütünçülük və tütünqurutma fəaliyyəti ilə məşğul olur. Təxminən 3 il əvvəl Oğuz rayonunda kənd təssərüfatı nazirinin qəbulunda oalarkən Aypara Dadayeva ilə tanış olub. Aypara tütünkülüç fəaliyəti ilə məşğuldur, ona dedi ki, tütün istehsalı və qurutma aparatının satışı və ölkəyə gətirilməsi ilə məşğuldur. Həmin vaxt Aypara ilə dostluq münasibəti yaranıb. O, Aypara ilə razılaşıb ki, ona əkdiyi tütün məhsulunu qurutmaq və istehsal etmək üçün texniki avadanlıq və siqaret aparatı gətirəcək. O, da ona gətirdiyi əşyaların pulunu ödəyəcək. 2023-cü ilin iyul ayında Ayparəyə Balakən rayonunda gedib ilkin ödəniş olaraq 13400 manat pulu tütün qurutma və siqaret aparatları satmaq üçün vermişdir. Həmin vaxt Aypara ona iki ədəd tütünqurutma aparatı satmışdır. Həmin aparatlar Masallı rayonuna gəldikdə o, yenidən başqa avadanlıqlar sifariş vermişdir. Belə ki, o, Ayparəyə ikinci dəfə tütün qurutma və siqaret hazırlayan aparat gətirməsi üçün 10000 manat məbləğdə pulu hissə-hissə göndərmişdir. Daha sonra yenidən Qazvinə kəndinə gedib Ayparəyə hissə-hissə olmaqla 35000 manat, 600 manat, 4500 manat, 2000 manat pul və 4070 manat dəyərində bir yük maşını tütün məhsulu göndərmişdir. Sonradan bir neçə dəfə Balakən rayonuna gedib Ayparə ilə görüşmüş və ona müxtəlif məbləğlərdə pullar verməklə ümumilikdə 165190 manat pul vermişdir. Cavabdeh ondan həmin məbləğdə pulları alarkən ona bir ədəd siqaret aparatı, bir ədəd doğrama aparatı, üç ədəd qurutma aparatı, siqaret yığmaq üçün qutular, qutuları yapışdırmaq üçün yapışqan və siqaret içinə qoyulan aliminium kağızlar verməyi öhdəsinə götürmüşdür. Həmin qeyd edilən avadanlıq və məhsulları pulu tam şəkildə ödənildikdən sonra Ayparə Masallı rayonuna göndərəcəkmiş. Ayparə bir neçə dəfə avadanlıq və məhsulları göndərəcəyi yük maşınlarının şəkillərini çəkib ona telefonla göndərmişdir. Lakin Ayparə ona hazırki vaxta qədər iki ədəd tütünqurutma aparatı və bir ədəd aksiz markası vuran aparat göndərmişdir. Həmin tütünqurutma aparatlarının biri saz olsa da, digəri istifadəyə yararsız halda olmuşdur. Ayparə ümumi dəyəri 32000 manat olan iki ədəd tütünqurutma aparatı göndərmiş olsa da, yerdə qalan 133190 manat pulu hələ də qaytarmamışdır. Bu səbəbdən aralarında alqı-satqı müqaviləsindən yaranan mülki-hüquq münasibətləri yaranmışdır. O, dəfələrlə Ayparə ilə əlaqə saxlayıb pulunu geri qaytarmasını, ya da həmin pulun müqabilində avadanlıqların göndərməsini tələb etdikdə Ayparə ilk əvvəl ona həmin məbləğdə borcun olmasını etiraf etsədə, hazırda guya ona borcu olmadığını, bütün avadanlıqların aldığı pulun müqabilində göndərdiyini bildirimişdir və mübahisə yaratmışdır. Lakin ilk vaxtlarda telefon əlaqəsi zamanı Ayparə ondan ümumilikdə 165190 manat pul almasını dilə gətirmişdir. O, həmin yazışmanı şəklinin müraciətinə əlavə etmişdir. Hazırda Cavabdeh ona 133190 manat borcu var. Ayparə həmin pulu qaytarmaqdan boyun qaçırır. O, Ayparəyə sonuncu dəfə pulu Balakən rayonu Qazvinə kəndində yerləşən sexində vermişdir. O, sonradan Ayparənin müxtəlif şəxslərə borcu olduğunu öyrənmişdir.

9. Masallı Rayon Polis Şöbəsinin HK-1/185 nömrəli, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında Cavabdeh verdiyi izahatda bildirmişdir ki, Nümayəndəla tütünçülüklə bağlı Yardımlı DAİM-də olarakən tanış olmuşdur. O, özü tütünçülük fəaliyyəti ilə məşğul olmuşdur və hazırda vergi ödəyicisi kimi fərdi sahibkardır. Onun Balakən rayonu, Mahamalar kəndində tütünqurutma məntəqəsi vardır. Mais ilk dəfə ondan tütün vuran iynə (kaset) istəmişdir. O da özü üçün gətizdirdiyi kasetlərdən 100 ədədini 1700 ABŞ dolları pul qarşılığında satmış, Nümayəndə həmin pulun bir hissəsini ödəmədiyi üçün aldığı kasetlərin yarısını nasaz vəziyyətdə geri qaytarmışdır. 2023-cü ilin avqust ayında Mais ona zəng edib iki ədəd tütünqurutma apartının satmasını istəmişdir. O da Maisə həmin aparatların bir ədədini 11000 manata satmağa razılıq vermişdir. O, Nümayəndə ödənişləri az etdiyi üçün çox sayda deyil, yalnız iki sayda tütünqurutma aparatı satmışdır. Mais həmin aparatları tanışı olduğu Cavid adlı şəxs vasitəsi ilə almış və Cavid ona 13400 manat pul vermişdir. Yerdə qalan pulu isə Mais ona hər ay 600 manat olmaqla geri qaytarcağını bildirmişdir. Mais ona bir neçə ay hər dəfə 600 manat olmaqla ümumilikdə 2400 manat məbləğdə pul göndərmişdir. Lakin geri qalan 8300 manat pulu hələ də geri qaytarmamışdır. Həmçinin aksiz aparatı alarkən Mais ona elektron qaimədə 2750 manat pul ödəməli olduğunu öhdəsinə götürmüşdür. O, avtomobil idarə edərkən Mais ona “votsap” tətbiqi vasitəsi ilə yazaraq ona nə qədər pul verdiyini və aralarında nə qədər məbləğdə pul məsələsinin qaldığını soruşmuşdu. O da avtomobil idarə etdiyi üçün Maisə cavab olaraq “sən mənə 2000 yox, 1650 manat və 190 manat pul göndərmisən” yazmaq istəsə də, rəqəmləri ayrı-ayrı yazmağı bacarmamış və 165190 manat yazmışdır. Mais onun yanlışlıqla 165190 manat yazmasından sonra ondan həmin pulu geri qaytarmasını istəmişdir. Mais ondan ümumiyyətlə hissə-hissə olmaqla 2700 manatlıq, 13400 manatlıq və 20000 manatlıq “karvan pramida” markalı siqaret almışdır. Maislə bunlardan əlavə aralarında heç bir alqı-satqı müqaviləsi olmamışdır. Maisin hazırda ona 2750 manat qaimə ilə və ayrıca 8300 manat borcu vardır. Maisin eyni zamanda onun işlədiyi X1 işçisi Eldəniz adlı şəxsə 24800 manat da borcu vardır. Mais həmin məbləğdə siqaret götürsə də hazırki vaxta qədər qaytarmır. Mais hazırda ona və işlədiyi şirkətə olan borclarını qaytara bilmədiyi üçün tək yolu böhtan atmaqla yəni, avtomobil idarə edərkən guya 165190 manat məbləğdə borcu olması etiraf edən yazışmanı əsas götürmüşdür. Mais həqiqətdə dediyi məbləğdə verdiyini təsdiq edən qəbzi təqdim etməmişdir. O, Maisdən əlbəl pul almamışdır. Pulları həmişə Cavid adlı şəxs gətirib vermişdir. Hazırda Maisin ona və şirkətə ümumilikdə 38950 manat məbləğdə borcu vardır. Onun Maisə 165190 manat məbləğində borcu yoxdur. O, Maisdən həmin məbləğdə pul almamışdır.

10. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətindən və “whatsapp” yazışmalarında əksini tapan ödəniş qəbzlərindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh məxsus “552209******2974” nömrəli kart hesabına müxtəlif vaxtlarad cəmi 6677 manat pul köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. VI. Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd edir ki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Məhkəmə əvvəlcə qeyd edir ki, işin hallarından və tərəflər arasında olan hüquq münasibətinin xarakterindən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasında alqı-satqı münasibətləri olmuş, cavabdeh iddiaçıya müfaviq tütünqurutma və istehsalı ilə bağlı avadanlıqları satmağı, iddiaçı isə həmin avadanlıqları qəbul edib onun dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Bu hal iş materillarında olan Masallı Rayon Polis Şöbəsinin HK-1/185 nömrəli xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilən izahatlarda öz əksini tapmış və bu işin mübahisələndirilməyən halıdır.

15. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan alqı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıya 2 ədəd tütünqurutma aparatı satmış, iddiaçı da ona cəmi 15800 manat pul ödəmişdir. Bu hal da iddianın mübahisələndirilməyən hissəsidir. Masallı Rayon Polis Şöbəsinə verdiyi izahatda Cavabdeh iddiaçı ilə arasında olan alqı-satqı münasibəti üzrə ona 2 ədəd tütünqurutma aparatı verdiyini, həmin aparatın birinin dəyərinin 11000 manat olduğunu, Nümayəndə isə ona 13400 manat məbləğində, sonradan bir neçə ay hər dəfə 600 manat olmaqla ümumilikdə 2400 manat məbləğdə pul verdiyini, qalan pulu isə borclu qaldığını bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən Cavabdeh iddiaçı tərəfindən cəmi 6677 manat ödəniş olunduğu görünür. İddiaçının nümayəndəsi Nümayəndə iddia etdiyi kimi Cavabdeh 10000 manat, 35000 manat, 600 manat, 4500 manat, 2000 manat pul ödədiyini, həmçinin 4070 manat dəyərində bir yük maşını tütün məhsulunu göndərdiyini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin tərəflərin izahatından müəyyən edilir ki, 2 ədəd tütünqurutma aparatı hazırda iddiaçıdadır və onların dəyəri olan 22000 manat ödənilməli olan puldan cəmi 13400+2400=15800 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Göründüyü kimi, iddia ərizəsində tələb edilən 133190 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

16. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

18. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

19. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 423 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Vİ. Nəticə:

20. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar