Məhkəmə qərarları › İş №2-2(117)-1075/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-1075/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1075/2025 03.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia ürzə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 Əlisafa oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la 14 aprel 2021-ci il tarixində bağlanılmış 24 №li müqavilənin ləğv edilməsi və alqı-satqı müqaviləsi üzrə verilmiş 28000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia üzrə tələbin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı 23000 manat pulun alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özünü gözəllik salonlarında istifadə olunan bir sıra avadanlıqların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdıb. İnam və etibarını qazandıqdan sonra salonda işlətmək üçün tələb olunan “Candela” X7 lazer aparatının gətirilməsini söz verib. Bu səbəbdən onunla xx.xx.2021-ci il tarixdə 24 nömrəli müqavilə bağlayıb. Müqavilə qiymətinin 28000 manat olaraq müəyyən ediblər. “Candela” X7 lazer aparatının sifariş verilməsi üçün tərəfindən ilkin olaraq 23000 manat ödəniş edilmişdir və bu, həmin müqavilə üzrə təsdiqini tapıb. Bir həftə sonra isə 5000 manat ödəniş edib. Sonuncu ödəniş edən zaman həmin vaxt cavabdehin şəklini çəkib. Eyni zaman bu ödənişi təsdiq edən şahidlər var. Lazer aparatının gətirilmə müddəti isə 15-20 gün olaraq qeyd edilmişdir. Lakin Cavabdeh1 tərəfindən öhdəlik yerinə yetirilməş və aparat göstərilmiş müddətdə özünə təhvil verilməmişdir.

4. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, saxta “Candela” X7 lazer aparatına görə İddiaçı tərəfindən ilkin ödəniş kimi ödənilmiş 28000 manat məbləğində pulun, maddi və mənəvi zərər kimi 10000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilikin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü ilə ümumi qiyməti 46000 manat olmaqla “Candela” X7 lazer aparatının alqı-satqısı ilə bağlı razılığa gələrək ümumi qiymətin yarısını, yəni 23000 manat ödəniş edib, buna görə aralarında müqavilə bağlayıb və aparatı cavabdehə verib. Razılığa görə isə pulun qalan hissəsini işləyib ödəyəcəyini bildirdi. Bir müddət İddiaçı aparatı işlətdikdən sonra öz səhvlərindən aparatın ekranını yandırdılar. (ekrana lazer vurmaqla). İddiaçı ona müraciət edərək aparatı təmir etdirib satmaqda ona köməklik göstərməsini bildirdi, o isə müraciət edən olarsa ona yönləndiriləcəyini deyib. Daha sonra aparatı təmir etdirmək üçün X4 ustanın yanına apararaq təmir etdiriblər. Bir müddət sonra Cavabdeh2 adlı şəxs istifadə olunmuş aparatı almaq üçün özünə müraciət edən zaman onunla İddiaçı əlaqələndirib və onlar öz aralarında pulunu kredit yolu ilə hissə-hissə ödəməklə razılaşaraq aparatı Cavabdeh2 satıblar. Buna görə də xx.xx.2021-ci il il tarixdə İddiaçı həyat yoldaşı X3 ilə Cavabdeh2 arasında aparatın alqı-satqısını və aralarında olan razılaşmanı, yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün formal olaraq, yalan əqd 34000 manat məbləğində notarial qaydada kredit müqaviləsi bağlandı. Lakin daha sonra öyrəndiyinə görə Cavabdeh2 ödənişlə bağlı çətinlikləri olmuş, aparatı geri qaytarmaq istəmiş buna görə aralarında narazıçılıq yaranmışdır. Buna görə də İddiaçı özünə qarşı əsassız iddia ərizəsi ilə müraciət etmişdir. Bildirir ki, aralarında olan ilkin razılığa görə İddiaçı hazırda ona 23000 manat borcu var.

6. Qarşılıqlı iddia ürzə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək ilk İddiaçı tərəfindən iddianın məhkəməyə verilməsində qanunla nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə və dəyişikliklərin edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilə 24 nömrəli Tapşırıq müqaviləsi imzalayaraq ümumi qiyməti 46000 manat olan Candela” X7 lazer aparatının sifariş verilməsi üçün ilkin olaraq 23000 manat ödəniş etmiş, borcun qalan hissəsini isə işləyib hissə-hissə ödəyəcəyini bildirmişdir. İddiaçı bir müddət aparatı işlətdikdən sonra öz səhvlərindən, yəni ekrana lazer vurmaqla apartaın ekrarını yandırdılar. İddiaçı ona müraciət edib aparatı təmir etdirib satmaqda ona köməklik göstərməsini xahiş etdi, o da ona müraciət olarsa yöndəndirəcəyini demişdir.

II. Tərəflərin mövqeləri:

8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, Röyal bəyin ofisinə getmiş, ona bir cihaz göstərmişdir. Sonra Röyal bəy ondan lazer aparatının qarşılığında 28000 manat məbləğində nağd pul aldı və 10-15 gün içində orijinal Candela cihazını gətirəcəyini bildirdi. Bir həftə keçən kimi məlumat verdi ki, cihaz hazırdır. O özü həkim olduğundan aparatla maraqlanmışdır. Lazer aparatı onun rəfiqəsinin salonuna qoyulmalı idi. Röyal bəy cihazı onun iştirakı olmadan salona gətirdi. Sonradan o gəlib cihazla tanış olmuş, başqa mütəxəssis gətirmiş, cihaza baxıb dəyərləndirmiş və bu cihazın saxta olduğunu bildirmişdir. Hətta qeyd etdi ki, cihazın içərisində sağlamlığa zərər olan elementlər var. Cihazın Səhiyyə Nazirliyindən sağlamlıq sertifikatı və Gömrük orqanından keçid sənədi olmalıdır. Müəyyən orqanlarda qeydiyyatda olmalı və cihazın özünün necə istifadə edilməsi haqda sənədi olmalıdır. O, Röyal bəydən bunları tələb etdi, həmçinin cihazın saxta olduğu haqqda məlumat verdi. Röyal bəy bu haqda ona heç bir məlumat vermədi. Bildirdi ki,o, bu cihazı başqa adama satar və pulu geri qaytarar. Röyal bəy də cihazı yaxın tanışı Ceyhun bəyə satdı ki, Ceyhun bəy ona ödəniş edəcək. Ceyhun bəy isə aparatı bir ay işlətdikdən sonra aparatın xarab olduğunu bildirdi. Ceyhun bəy puldan ona 2 400 manat geri qaytardı, sonra isə cihazın işləmədiyini, xarab olduğunu və Röyal bəyə geri qaytaracağını bildirdi.

9. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, Röyal bəy aparatları alan və satan şəxsdir. Ceyhun bəy həmin lazer aparatını sexə gətirmiş, özlərinin daimi işlədiyi usta var idi. O, bir saata yaxın orda video çəkiliş etmişdir. Mütəxəssis gətirilmiş və mütəxəssis aparata baxmış və bildirmişdir ki, aparat saxtadır. Röyal bəy Kamilə xanıma Candella cihazı gətirəcəyini bildirmiş,lakin gətidiyi cihaz isə Candela cihazı deyildir, yəni bu cihaz saxtadır. Ona görə də həmin aparatın sənədi yoxdur. Kamilə xanımla Röyal bəy arasında bağlanılan müqavilə ilkin müqavilədir. Aparat gəlməli idi və aparat gəldikdən sonra alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin növbəti alqı-satqı müqaviləsi bağlanılmayıb. Çünki tərəflərin arasında mübahisə yaranıb. Bu cihazın nə məişət sertifikatı, nə keyfiyyət sertifikatı, nə də uyğunluq sertifikatı var və təlimatı ilə bağlı heç bir sənəd yoxdur. Lazer aparatı saxta olduğundan Kamilə xanım geri qaytarmaq istəmiş, Röyal bəy də həmin aparatı başqa şəxsə satmışdır. Hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia isə əsassızdır.

10. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanılıb. Qarşı tərəfin vəkili deyir ki, bu ilkin alqı-satqıdır. İlkin alqı-satqının özünün də müəyyən forma və strukturu olmalıdır. Tərəflər arasında həqiqi hüquqi niyyət var. Həqiqi hüquqi niyyətə əsasən bu alqı-satqı müqaviləsi deyil. Kamilə xanım özü Röyal bəyə müraciət edərək, ona aparat lazım olduğunu bildirmişdir. Röyal bəy də bu işlə peşəkar məşğul olan şəxsdir. Özünün avadanlıqları da var, əgər ordakı mallar alıcının xoşuna gəlmirsə, sifariş verir və sifariş üzrə Röyal bəy də həmin aparatı xaricdən Azərbaycana gətirə bilir. Kamilə xanım sifariş verir ki, ona X6 Pro lazer aparatı lazımdır. Tərəflər arasında tapşırıq müqaviləsi bağlanılır və 24 nömrəli tapşırıq müqaviləsinə əsasən ümumi qiyməti 46000 mant məbləğində razılaşırlar və lazer aparatının sifariş verilməsi üçün Kamilə xanım ilkin olaraq 23000 manat məbləğində ödəniş edir və pulun geri qalan hissəsini sonrakı mərhələdə ödəyəcəyini bildirir. Aparat gəldikdən sonra Röyal bəy aparatı gömrükdən rəsmiləşdirir və rəsmi şəkildə alır. Daha sonra xanımın göstərdiyi gözəllik salonuna həmin aparatı təqdim edir. Yəni həmin aparat Röyal bəyin öz anbarına daxil olmur, öz anbarında saxlamır, öz mülkiyyətinə keçmir. Yəni birbaşa Kamilə xanımın göstərdiyi salona təqdim edir. Bir müddət aparatı işlətdikdən sonra öz səhvlərindən, yəni ekrana lazer vurmaqla aparatın ekranını yandırırlar. Daha sonra Röyal bəyə müraciət edərək, aparatın təmir edilməsini bildirirlər. Lakin aparat təmir edilsə belə yenə qarşı tərəfi qane etmir. Həmin lazer aparatını satması üçün Röyal bəydən köməklik göstərməsini xahiş edir. Kamilə xanım və onun həyat yoldaşı Cavabdeh2la razılaşırlar. Satıcı Kamilə xanımın həyat yoldaşı olur, alıcı isə Cavabdeh2. Razılaşırlar ki, Cavabdeh2 onlara hər ay 2125 manat məbləğində ödəniş edəcək, lakin Cavabdeh2 1 ay ödəniş edir, sonra ödənişləri dayandırır. Kamilə xanımın həyat yoldaşı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi başqa bir əqdi pərdələmək üçün bağlanmış, əslində bu alqı-satqı münasibətidir. Bu səbəbdən hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir.

11. İlkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

V. Tədqiq olunan sübutlar:

13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “alıcı” İddiaçı ilə “satıcı” Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 24 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “satıcı” Cavabdeh1 müqavilənin predmenti olan 1 ədəd “Candela” X7 lazer aparatını sifariş yolu ilə gətirib “alıcı” İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən qeyd olunan lazer aparatının gətirilmə müddəti 15-20 gün təşkil etmişdir. Müqavilədə “alıcı” İddiaçı tərəfindən 23000 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Həmin müqavilə tərəflərin imzaları ilə, həmçinin Cavabdeh1 məxsus möhürlə təsdiq edilmişdir.

14. İş materiallarında olan “Araş firması” tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 4814 nömrəli nasazlıq aktından görünür ki, “Candela” X7 lazer aparatına mütəxəssis tərəfindən baxış keçirilmiş baxış nəticəsində, qeyd olunan lazer aparatının “Candela” şirkətinin lazer aparatları ilə heç bir uyğunluğu olmadığı qeyd edilmişdir.

15. İş materiallarında olan “Qiymətləndirmə və Consulting” Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli QCM/009/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, “Candela” X7 lazer aparatının xx.xx.2021-ci il tarixinə bazar dəyəri 46000 manat təşkil edir.

16. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33/2-020176/2025 nömrəli məlumatdan görünür ki, “Candela” X7 lazer aparatı xx.xx.2021-ci il tarixli bəyannamə ilə Azərbaycan Respublikasına Cavabdeh1 tərəfindən Çin Xalq Respublikasından idxal edilmişdir. Həmin “Candela” X7 lazer aparatının idxal dəyəri mövcud vergiləri çıxmaqla 7000 ABŞ dolları təşkil etmişdir.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” səs yazılarından müəyyən edilir ki, lazer aparatı İddiaçı istifadəsində oluğu vaxtda onun tərəfindən Cavabdeh1 əlavə 5000 manat məbləğində pul ödənilmişdir. Belə ki, “whatsapp” səs yazılarında Cavabdeh1 İddiaçı ona ümumi 28000 manat pul ödədiyini və həmin aparatı başqa şəxsə verdikdə həmin pulu ona geri qaytaracağını bildirmişdir.

VI. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

18. Məhkəmə ilk öncə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 24 №-li müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən “satıcı” Cavabdeh1 müqavilənin predmenti olan 1 ədəd “Candela” X7 lazer aparatını sifariş yolu ilə gətirib “alıcı” İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən qeyd olunan lazer aparatının gətirilmə müddəti 15-20 gün təşkil etmişdir. Müqavilədə “alıcı” İddiaçı tərəfindən 23000 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Daha sonra qeyd olunan lazer aparatı iddiaçının istifadəsinə verilmiş, İddiaçı qısa müddət lazer aparatından istifadə etdikdən sonra narazılığını bildirərək geri qaytarmaq istəmişdir. Cavabdeh1 isə lazer aparatının keyfiyyətsiz olmasını qəbul etməmiş və həmin aparatın başqa şəxsin istifadəsinə verilməsində vasitəçilik etmiş və həmin aparat Cavabdeh2 istifadəsinə verilmişdir. Qeyd olunan hallar İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilmir. Bu hallar işin mübahisəsiz hallarıdır.

20. Hazırki mübahisə üzrə qeyd olunan lazer aparatı İddiaçı istifadəsində qalmadığından, Cavabdeh1 tərəfindən başqa şəxsin istifadəsinə verildiyindən o, həmin aparata görə Cavabdeh1 ödədiyi pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

21. Bundan başqa İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” səs yazılarından müəyyən edilir ki, lazer aparatı İddiaçı istifadəsində olduğu müddətdə onun tərəfindən Cavabdeh1 əlavə 5000 manat məbləğində pul ödənilmişdir. Belə ki, “whatsapp” səs yazılarında Cavabdeh1 İddiaçı ümumi 28000 manat pul ödədiyini və həmin aparatı başqa şəxsə verdikdə həmin pulu ona geri qaytaracağını bildirmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi “Candela” X7 lazer aparatına görə İddiaçı tərəfindən ödənilmiş 28000 manat məbləğində pulun Cavabdeh1 tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

22. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilə Cavabdeh2 arasında hər hansı bir müqavilə bağlanmamış, lazer aparatının Cavabdeh2 istifadəsinə hansı şərtlə və İddiaçı tərəfindən verilməsi iş materialları ilə təsdiqlənmir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən X3 tərəfindən borcalan Cavabdeh2 34000 manat məbləğində borc pulu hissə-hissə ödəmək şərtilə verilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Cavabdeh2 34000 manat pul X1 xeyrinə tutulmalıdır. Qeyd olunan kredit müqaviləsi ürzə tərəflər arasında olan mübahisə həll edilmiş və hazırki mübahisənin mahiyyətinə təsir etmir.

23. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmin kredit müqavilənin başqa bir əqdi pərdələmək üçün bağlandığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçının Cavabdeh2 qarşı pul tələbi əsassız olduğundan ilkin iddia həmin hissədə rədd edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. 617.3. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğısatqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 625.4. Lazımi keyfiyyətli olmayan malı satıcıya qaytararkən alıcı malın pərakəndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə qərarının çıxarıldığı gün üçün müvafiq malın qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilər.

25. Məhkəmə habelə qeyd edir ki, ilkin iddia tələbinin “maddi və mənəvi zərər kimi 10000 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi” hissəsinin əsaslı olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən həmin hissə də təmin edilməməlidir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.”

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

29. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia tələbi üzrə mübahisə predmeti olan lazer aparatı iddiaçı tərəfindən qəbul edilməyərək Cavabdeh1 tərəfindən başqa şəxsin istifadəsinə verildiyindən və bu halla bağlı tərəflər arasında olan mübahisə məhkəmədən kənar həll edildiyindən həmin lazer aparatının saxta olub-olmamasının araşdırılmasına zərurət qalmamışdır.

30. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ilkin iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış və icra müddəti 15-20 gün müəyyən edilmişdir. Göründüyü kimi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti 2024-cü il tarixdə başa çatmış, İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassız olduğundan rədd edilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

32. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 lazer aparatını İddiaçı satmaq üçün xarici ölkədən gətirdiyini, onun istifadəsinə verdiyini və ona 23000 manat ödənildiyini qəbul edir. Lakin həmin lazer aparatının İddiaçı tərəfindən Cavabdeh2 satıldığını və lazer aparatının dəyərindən qalan borcun İddiaçı tərəfindən ona ödənilməli olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, lazer aparatının dəyəri İddiaçı tərəfindən tam ödənilmədiyindən ona sahiblik və satmaq hüququ da Cavabdeh1 məxsus olmuşdur. Həmçinin lazer aparatının məhz Cavabdeh1 vasitəsilə Cavabdeh2 istifadəsinə verildiyi də mübahsələndirilmir. Bu səbəbdən Cavabdeh1 lazer aparatının dəyərini Cavabdeh2 tələb etmək hüququ olsa da, İddiaçı qarşı pul tələbi əsassızdır.

33. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

34. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir.

35. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh1 28000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qalan alan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.

36. Bundan başqa məhkəmə qeyd edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 159 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

37. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh1 28000 manat məbləğində pul və ödənilmiş 159 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar