Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1123/2024 05.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı “cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Ağsu şəhəri, X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh 66500 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 7000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməlidir. Cavabdeh qalan 59500 manat məbləği xx.xx.2024-cü il tarixədək hər 6 ayda bir dəfə 10000 manat olmaqla 5 ödəniş, sonuncu ödəniş 9500 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 36300 manat ödənilmiş, lakin qalan məbləğ ödənilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" QSC-nin mülkiyyətində olan Ağsu şəhəri, X1 küçəsi ünvanında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh 66500 manat qiymətinə satılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 7000 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 59500 manat məbləği isə hər altı ayda bir dəfə ödəniş salınmaqla, ilk ödəniş 10000 manat, sonuncu ödəniş 9500 manat ödəmək şərtilə xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 17-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Müqavilənin 18-ci bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağsu şəhəri, X1 küçəsi ünvanında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 040109 nömrəli müqavilənin ləğvinə dair təklifdən göründüyü kimi İddiaçı QSC Cavabdeh müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Bu təklifə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin təklif xx.xx.2023-cü il tarixində Cavabdeh göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixli vəsatət daxil olmuş və həmin vəsatətdə bildirilmişdir ki, mübahisənin predmetini cavabdehin əldə etdiyi qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması təşkil edir. Hal-hazırda həmin obyektin bazar dəyəri 100.000 manatdan yuxarı məbləğ təşkil edir, cavabdehin iddiaçıya borcu isə 30.000 manata yaxın bir məbləğ təşkil edir. Əgər əmlak iddiaçının mülkiyyətinə keçərsə, bu cavabdehə böyük maddi ziyan dəyməsinə gətirib çıxaracaq. Mübahisə predmeti olan əmlakın bu günə olan bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli sorğunun icra olunması ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ƏEM/O 43-681/24 saylı mütəxəssis rəyindən göründüyü kimi Ağsu şəhəri, X1 küçəsində 0.24 ha torpaq sahəsi üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 320 000 manat, likvid dəyəri 272 000 manat olaraq müəyyənləşdirilmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim olunmuş mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il tarixində 10 000 manat, xx.xx.2022-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2023-cü il tarixində 1800 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 5000 manat ödəniş edilmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş OUT-2024/11/28-10 nömrəli arayışdan da görünür ki, təqdim edilmiş mədaxil qəbzlərindən əlavə olaraq cavabdeh müqavilə üzrə ilkin olaraq 7000 manat məbləğində ödəniş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daşınmaz əmlakın alqı-satqı müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına uyğun olaraq məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" QSC-nin mülkiyyətində olan Ağsu şəhəri, X1 küçəsi ünvanında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh 66500 manat qiymətinə satılmışdır. Bundan əlavə olaraq Cavabdeh ilkin olaraq 7000 manat məbləği satıcı "xxxx" QSCyə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş və onun 59500 manat (66500-7000=59500) məbləğində borcu qalmışdır. Həmin borcu isə hər altı ayda bir dəfə ödəniş salınmaqla, ilk ödəniş 10000 manat, sonuncu ödəniş 9500 manat ödəmək şərtilə xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən aydın olduğu kimi cavabdeh daha sonra xx.xx.2022-ci il tarixində 10 000 manat, xx.xx.2022-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2023-cü il tarixində 1800 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 5000 manat olmaqla, ümumilikdə 29300 manat ödəniş etmiş, onun nəticədə 30200 manat (59500-29300 =30200) məbləğində borcu qalmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı müqavilədən də göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixinə kimi müqavilədə nəzərdə tutulan qaydada ödəniş etməyi öhdəsinə götürmüş, lakin iddiaçı tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf öhdəliklərini lazımi qaydada və tam şəkildə yerinə yetirməmiş, müqavilədə razılaşdırılmış müddət keçsə də, hal-hazırda iddiaçıya 30200 manat məbləğində borcu qalmışdır. Əlavə olaraq iş materiallarından da göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh 040109 nömrəli müqavilənin ləğvinə dair təklif göndərilmiş, cavabdehə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi bildirilmiş, lakin cavabdeh müəyyən edilmiş müddətdə təklifi cavablandırmamışdır. Şərh edilən hallardan da müəyyən edildiyi kimi iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə vəsatət daxil olmuş və həmin vəsatətdə hal-hazırda həmin obyektin bazar dəyərinin 100.000 manatdan yuxarı olduğunu, cavabdehin iddiaçıya borcunun isə 30.000 manata yaxın bir məbləğ olduğunu bildirmişdir. Əgər əmlak iddiaçının mülkiyyətinə keçərsə, bunun cavabdehə böyük maddi ziyan dəyməsinə səbəb olacağını qeyd etmişdir. Mübahisə predmeti olan əmlakın bu günə olan bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu mövqeyinə və mütəxəssis rəyinə münasibətdə o qənaətə gəlmişdir ki, nəzərdə tutulan əmlakın dəyərinin hansı məbləğdə olmasının hazırkı işin mahiyyəti üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, iş materiallarından da aydın olduğu kimi tərəflər arasında müəyyən şərtlərlə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqaviləni öz üzərinə düşən həddə icra etsə də, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və lazımi qaydada icra etməmişdir. MPM-nin 328.4-cü maddəsinə əsasən, pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Beləliklə nəticə ondan ibarətdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı müqavilə əsasında ümumilikdə ödəməli olduğu 66500 manat məbləğində pulu xx.xx.2024-cü il tarixinə kimi tam şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilədə nəzərdə tutulan məbləği tam ödəməmişdir. Belə ki, müqavilədə müəyyənləşdirilmiş müddət bitdiyi və öhdəlik icra edilmədiyi səbəbindən şərt qüvvədən düşmüş hesab edilir. Eyni zamanda əgər Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Bundan əlavə iddiaçının məhz müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etməsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdehdən qalan məbləğin ödənilməsini deyil, məhz müqavilənin ləğv edilməsi tələb etmişdir. Bu iddiaçının seçim azadlığı baxımından qiymətləndirilməlidir. Digər tərəfdən cavabdehin qeyd edilən qeyri-yaşayış sahəsi üçün ödənilən vəsaitin taleyi necə olmalıdır. Düzdür qeyd edilən qeyri-yaşayış sahəsi alqısatqı müqaviləsi bağlanan xx.xx.2021-ci il tarixdən cavabdehin istifadə və sahibliyində olmuş, həmin qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Bununla belə MM-in 424.5-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş, yaxud dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin məhkəmədənkənar qaydada ləğv edilməsi müqavilə şərtlərindən də müəyyən edilir ki, tərəflərin razılığı ilə mümkün olmadıqda bu ləğv etmə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin üzərinə isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə hesab edir ki, əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 400 manat məbləğində pul tərəflərdən tutulmamalıdır.Belə ki, həmin rəy əsasında Ağsu şəhəri, X1 küçəsində 0.24 ha torpaq sahəsi üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixinə olan bazar və likvid dəyəri müəyyənləşdirilmişdir ki, nəzərdə tutulan hal işin mahiyyəti üzrə həll edilməsində heç bir əhəmiyyət kəsb etmədiyi üçün həmin məbləğ tərəflərdən tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Ağsu şəhəri X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılsın və əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov