Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-126/2025 19.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya hesablanmış borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 003006 nömrəli akt əsasında əsassız hesablanmış 1639.99 manat borcun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şəki şəhəri, Oğuz yolu 2 ərazisində qeyri yaşayış sahəsi mövcuddur. Həmin sahibkarlıq subyektində olan sayğaca əsassız olaraq borc yazılmışdır. Belə ki, uzun müddət həmin sahibkarlıq subyekti problemsiz fəaliyyət göstərib, vaxtı-vaxtında kommunal xərclər də ödənilmişdir. Sonradan yeni tipli sayğac quraşdırılmış və o, online olaraq pul ödənişlərini etmişdir. Lakin sonradan, 2024-cü ilin noyabr ayında cavabdeh tərəfin əməkdaşları özbaşına şəkildə qanunsuz olaraq obyektin ərazisinə daxil olaraq yoxlama aparmaq adı ilə özbaşınalıq etmişdirlər. Bundan sonra cababdeh tərəfinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 003006 nömrəli AKT-ı əldə etmişdir. Həmin AKT-ı tərtib edən cavabdeh tərəfin əməkdaşları 1 kvts elektrik enerjisinə görə hesabat 11 (on bir) qəpiklə aparılmalı olduğu halda komputer bazasında 1 kvts görə 10 (on) qəpik aparılması aşkarlamışdırlar. Heç bir hal şahdi olmadan, onu gözləmədən qanunsuz, özbaşına daxil olmaqla yalan məlumatlar göstərilən bu AKT-ı tərtib etmişdirlər. Həmin akta cavabdeh tərəfin əməkdaşlarından başqa heç kim imza atmamışdır. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən elektrik təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın nümayəndələrinin ona məxsus sahibkarlıq subyektində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı əvvəlcədən məlumatı və iştirakı olmamışdır. Həmçinin yoxlayıcıların (Şəki EŞ-nın əməkdaşları Kazımov H, Ömərov A.) yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamışdır. Cavabdeh "xxxx" ASC-nin sahibkarlıq fəaliyyəti göstərdiyim qeyri yaşayış sahəsində yoxlamalar aparmaqla və sonda cərimə yazmaqla aşağıdakılara münasibətdə qüvvədə olan normativ aktların tələblərini kobud şəkildə pozmuş, eyni zamanda qanunsuz yoxlamalar aparmaqla özləri inzibati xəta hadisəsi törətmişdir.
3. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin enerji bazasında İddiaçı adına olmaqla **********21001 (**********2) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il taixində "xxxx" ASC-nin əməkdaşları H.Kazımov və A.Ömərov tərəfindən Şəki şəhərində yerləşən və "xxxx" ASC-nin enerji satış bazasında **********2 saylı abunə kodu ilə İddiaçı adına qeydiyyatda olan sayğac uçot dəstinə “X1ydalarına” uyğun olaraq baxış keçirilmişdir. Baxış zamanı abonentlə qarşılıqlı hesablaşmanın 1 kvts elektrik enerjisinə 0,11 manatla aparılmalı olduğu halda kompyuter məlumat bazasına 1 kvts elektrik enerjisinə görə 0,10 manatla aparıldığı aşkar edilmişdir. Tarif şurasının xx.xx.2021-ci il tarixdə qəbul etdiyi 14 saylı qərara əsasən 2021-ci ilin noyabr ayından obyektin fəaliyyət növünə uyğun olaraq qarşılıqlı hesabat 1 kvts üçün 0.11 manatla aprılmalıdır. Nəzərininzə çatdırmaq istəyirəm ki, faktiki olaraq obyekt yerində ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1ydalarının 8.17-ci bəndinə uyğun olaraq yuxarda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli NİQ 003006 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli NİQ 003006 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə 0.11 manatla 14909 kvts, dəyəri 1639,99 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlarımız tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərinin ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, akt tərtib edilərkən elektrik təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməlidir. Həmin aktı onlar da imzalamalıdır. Bildirmək istəyirik ki, “EEİQ”-nin 8.17-2-ci bəndində hal şahidi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı öz iddia ərizəsinin əsası kimi göstərmişdir ki, cavabdehin əməkdaşları tərəfindən ona məxsus qeyri-yaşayış sahəsində “X1ydalarına riayət olunması yoxlanılsada bu yoxlama yoxlamaların vahid reyestrində qeydiyyat alınmamışdır. Bildirmək istəyirik ki, "xxxx" ASC tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrində qeydiyyatdan keçməklə çıxarış alınmış və yoxlama aparılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 334,86 manat pulun onun abonent hesabından silinməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, işlətdiyi obyektdə sms tipli smart sayğac vasitəsilə işıqdan istifadə edir. Smartkartda balans qurtarana yaxın Azərcell nömrəsi ilə onlayn ödəniş edir. Ödəniş indiyə qədər 0.10 manatdan hesablanır. Cavabdeh tərəfin əməkdaşı gəlib dedi ki, elektrik enerjisini 0.10 manatdan yox 0.11 manatdan ödəməlidir Buna görə də işıq idarəsinə borcu yaranıb. O da bu borcla razılaşmayıb. Onun icazəsi olmadan yoxlama aparılıb və cərimə yazıblar. Yoxlamanı qanunsuz sayır, o heç bir aktda da imza etməmişdir. "xxxx" ASC tərəfindən ona hesablanmış borcun bir hissəsi silinib, hazırda 334,86 manat borc qalmaqdadır. Odur ki, əsassız yaranmış 334,86 manat borcun silinməsini xahiş edir.
6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İş materiallarında olan tərəflər arasında Şəki rayonunda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsi üçün enrjitəchizatı müəssiəsi ilə abonent arasında xx.xx.2024-cü il tarixli 087712 nömrəli “enerjitəchiztı müəssiəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və həmin qeyri yaşayış sahəsi müvafiq qaydada elektrik enerjisi ilə təmin edilməklə **********2 nömrəli abonent kodu verilmişdir.
9. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 003006 nömrəli aktdan görünür ki, İddiaçı oğluna məxsus qeyri-yaşayış sahəsi P**********1 seriya nömrəli elektrik sayğacına Azərişıq ASC-nin əməkdaşları Kazımov H. və Ömərov A. tərəfindən baxış keçirilmiş baxış zamanı abonentlə qarşılıqlı hesablaşmanın 1 kvts elektrik enerjisinə 0,11 manatla aparılmalı olduğu halda kompyuter məlumat bazasına 1 kvts elektrik enerjisinə görə 0,10 manatla aparıldığı aşkar edilmişdir.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli KY242258823 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialının xx.xx.2025-ci il tarixli 3-15-2-5/2-M-6127-5-33/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan elektrik sayğacı enerji təchizatı müəssisəsinin elektron bazasında **********2 nömrəli abonent kodu ilə iddiaçının adına qeydiyyatdadır. “Elektrik Enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı qüvvəyə mindikdən sonra həmin obyektdə sərf olunan elektrik enerjisinin dəyəri 10 qəpik tarifi ilə ödənilmişdir. Azərişıq ASC-nin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə tarifin düzgün tədbiq edilməməsi barədə NİQ 003006 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən ötən dövr üçün əsassız hesabat aparılmış və 1639,99 manat sözü gedən abonent kodu üzrə enerji hesabatına daxil edilmişdir. Bununla da enerji təchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “ X1ydaları” nın (bundan sonra- Qaydalar) 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Qaydaların 8.2-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə **********2 nömrəli abonent kodu üzrə enerji hesabatına daxil edilmiş 1639,99 manat borcun silinməsi üçün aidiyyəti üzrə verilmiş göstərişə əsasən enerji təchizatı müəssiəsi tərəfindən həmin borcun 1305,13 manat hissəsi silinmiş, 334,86 manat hissəsi isə enerji hesabında saxlanılmışdır.
V . Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
VI. Məhkəmənin mövqeyi:
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan elektrik sayğacı enerji təchizatı müəssisəsinin elektron bazasında **********2 nömrəli abonent kodu ilə iş üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tarifin düzgün tədbiq edilməməsi barədə NİQ 003006 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən ötən dövr üçün əsassız hesabat aparılmış və 1639,99 manat sözü gedən abonent kodu üzrə enerji hesabatına daxil edilmişdir. Bununla da enerji təchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları” nın 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Qaydaların 8.2-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə **********2 nömrəli abonent kodu üzrə enerji hesabatına daxil edilmiş 1639,99 manat borcun silinməsi üçün aidiyyəti üzrə verilmiş göstərişə əsasən enerji təchizatı müəssiəsi tərəfindən həmin borcun 1305,13 manat hissəsi silinmiş, 334,86 manat hissəsi isə enerji hesabında saxlanılmışdır. Hazırki iddia tələbində iddiaçı (istehlakçı) tərəfindən həmin borcun silinməmiş hissəsi olan 334,86 manat borcun silinməsi məhkəmədən xahiş olunur.
14. “X1ydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı: 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
15. Məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti onun tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış 334,86 manat məbləğində elektrik enerjisinin dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edir ki, bu da qanuni və əsaslı deyildir. Odur ki, iddiaçı enerji təchizatı müəssisəsi tərəfindən ona əsassız hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 003006 nömrəli akt əsasında İddiaçı hesablanmış 334.86 manat məbləğində borc silinməlidir.
17. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinə uyğun olaraq ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
Vİİ. Nəticə:
18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 334.86 manat borc silinsin. İş üzrə iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova