Məhkəmə qərarları › İş №2-2(117)-22/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-22/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-22/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “56620 manat pul tələbi və 260 manat ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı “56620 manat pul tələbi və 260 manat ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, sonuncu məhkəmə tərəflərin vergi ödəyicisi olan fiziki şəxs olması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması səbəbindən hazırkı işi məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayonu Mərkəzi Bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh X1 vasitəsilə tanımış, bundan sonra cavabdeh xx.xx.2016-cı il tarixdə mağazaya gələrək ondan nisyə alqı-satqı ilə 672 qram çəkidə olan 57.120 manat dəyərində qızıl-zinət əşyası almış və həmin qızıl-zinət əşyasını sataraq ona olan borcunu müəyyən müddətə qaytaracağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə həmin borcdan 500 manat pul ödəmiş, lakin qalan borcunu isə bu günədək ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, göstərilən məbləğdə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etmişdir. İş materiallarına iddiaçı tərəfindən cavabdehə qızılın satılmasını, cavabdehin nə qədər ödəniş etdiyini və etməli olduğu ödənişin miqdarını özündə əks etdirən işin 1-ci və 2-ci vərəqində olan dama-dama qeyd dəftərinin vərəqləri əlavə edilmişdir. İşin məhkəmə araşdırması zamanı AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 4/67 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyi ilə işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra edilməsi müəyyən edilmişdir. Lakin işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “7.07.2016.”, “21400 m” və +20,000+23600m” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən edilə bilməmişdir. İşin məhkəmə araşdırması zamanı AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sənədlərin texniki ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 5/27 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir:

1. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

2. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

3. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları ilə həmin mülki işin materiallarının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

4. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

5. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80” yazıları ilə həmin mülki işin materialının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, min vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

6. Tədqiqata təqdim edilmiş 2-2(117)-1172/2024 nömrəli mülki iş materialının 1-ci vərəqinin 2-ci səhifəsində olan “cəmi 672 qr” və 2-ci vərəqdə olan “cəmi 672 qr” yazıları ilə həmin mülki işin materiallarının 1-ci vərəqinin 1-ci səhifəsində olan “30 m qaldı”, “40” yazıları, həmin vərəqin 2-ci səhifəsində olan “№1172”, “...əcək” və bu yazının qarşısındakı, bu səhifənin ən üst hissəsində olan imza, “20.20.12”, “21.500 m verdi Anar”, “cəmi 672 qr”, 2-ci vərəqdə olan “Qadir Səmədov”, “Mingəçevir 20 yanvar 20 A”, “Mama tel. *** *** ** **”, “23.03.80”, “cəmi 672 qr” yazıları istisna olmaqla, 1-ci vərəqin hər iki səhifəsi və 2-ci vərəqdə olan digər yazılar, rəqəmlər və imzalar (o cümlədən “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısındakı imzalar) rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar.

7. Rəyin tədqiqat hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “2. İş materiallarının 1-ci və 2-ci vərəqlərinin səhifələrinin hər birində qeyd edilmiş borc barədə məlumatlar, borc məbləği barədə sözlər, həmçinin rəqəmlər və icra edilmiş imzalar eyni vaxtda icra edilmişdirmi?” və “3. İş materiallarının 1-ci vərəqinin 2-ci səhifəsində qeyd edilən “19580 m”, “7.07.2016”, “21400 m”, və “11400 m +20.000 +23600m” ifadələrinin qarşısındakı imzaların hər biri Cavabdeh tərəfindən icra edildiyi təqdirdə qeyd edilən yazı (sözlə ifadə edilən və rəqəmlə) və imzalrın hansı eyni vaxtda icra edilmişdir?” sualları üzrə tədqiqat aparılmamışdır. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Orxanın anası ilə onun arasında alqı-satqı olmuş, Orxanın anası ona Anar adlı şəxsin qızıl almaq istədiyini, eyni zamanda Orxan da, anası da Anarın etibarlı, yaxşı adam olduğunu bildirmişdir. Bundan sonra o da razı olmuş və bir dəfə Anara 5000 manatlıq qızıl vermiş, o isə pulunu gətirib vermişdir. Sonradan Anar yenə gəlib anasına, bacısına qızıl almaq istədiyini bildirmiş və qızılı götürmüş, ancaq pulunu gətirməmişdir. Bununla bağlı Qazax rayon Polis şöbəsinə müraciət etmişdir. Qızılı verdiyi vaxt Anara sənəd imzalatdırmışdır. Cəmi 672 qızıl vermiş, həmin qızılların pulunu Anar qaytarmamışdır. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasında da dediyi kimi onun bu işlə əlaqəsi yoxdur. Orxan ona bildirmişdi ki, Minayə xanım qızıl alışı və satışı ilə məşğuldur. Minayə xanımla söhbət etdiyi vaxt Orxan ondan 7000 manatlıq qızıl almışdır. Lakin o heç bir şey almadı və ona da dedilər ki, sənədə qol çək, o da çəkmişdir. Orxan həmişə Minayə xanımdan qızıl alıb satıb. Ola bilsin ki, sonuncu dəfə Orxan qızıl alıb pulunu ödəməyib. Onun üstündə qalıb. O, Minayə xanımdan qızıl almamışdır. Ekspert rəyı ilə razı deyildir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara dəftər vərəqləri, ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materillarını tədqiq edib qeyd edir ki, tərəflər bir-birini tanıyır, cavabdeh hazırkı alqı-satqı münasibətinin mövcudluğunu qismən təsdiq edir, lakin borc məbləği üzrə yalnız 7000 manatla bağlı hissədə imzanın onun aidiyyətinin olduğunu bildirir, digər hissədə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hüquq və vəzifələri ətraflı formada qeyd edilən müqavilə bağlanmasa da, tərəflər arasında qızıl əşyalarının alqı-satqısı həyata keçirilmiş, tərəflər qızılın satılmasını, cavabdehin nə qədər ödəniş etdiyini və etməli olduğu ödənişin miqdarını özündə əks etdirən dama-dama kağız olmaqla qeyd dəftəri vərəqlərində bu barədə qeydlər aparmış, eyni zamanda müvafiq qeydlərin qarşısında öz imzalarını edərək doğruluğunu təsdiqləmişlər. Həmin qeyd vərəqələrində tərəflərin öhdəlikləri dəqiqliklə yazılmasa da, cavabdehin aldığı qızılın miqdarı və bunun əsasında iddiaçıya yaranmış borcu qeyd edilmiş və tərəflər müəyyən hissələrdə həmin qeydi imzalayaraq öz aralarında bu barədə razılaşmışlar. Məhkəmə hesab edir ki, tərəflərin əqdi bağlamaq iradə və iradə ifadəsi mövcud olmuş, iş materiallarına əlavə edilmiş həmin sənəd yazılı formada müqavilə olaraq qəbul edilməlidir. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmə qanunvericiliyin qeyd edilən tələbləri baxımından tərəflər onlar arasında dəftər vərəqində yazılı olaraq rəqəmlərin qarşısına imza etməklə qeyri-rəsmi üslubda məişət dialoqu səviyyəsində qeydlər aparmaqla öz üzərinə müəyyən öhdəliklər götürmüş, bu öhdəliklər isə tərəflərin razılığı ilə qanunun ifadəsi ilə desək onlar arasında müqavilə bağlanmasını sübut edir. Qeyd edilən iradə ifadəsi nəticəsində bağlanmış müqavilənin etibarsız olması halı ilə bağlı tutarlı arqument mövcud deyil, ona görə həmin müqavilə etibarlı müqavilə olaraq qəbul edilir. Bundan əlavə tərəflər arasında öhdəliyin yaranması və icrası vaxtından xeyli müddət keçsə də, cavabdeh tərəf müddətin tətbiqi ilə bağlı hər hansı bir vəsatət irəli sürməmişdir. Bu baxımdan hazırkı iş üzrə tərəflərin imzaladığı müvafiq kağız qeydlərində olan məlumatları, yəni hüquq və vəzifə yaradan hərəkətlər olaraq tərəflər arasında sadə yazılı formada müqavilənin bağlanması faktını məhkəmə qəbul edir. İş materiallarına əlavə edilmiş qeyd vərəqləri məhkəmə tərəfindən araşdırıldıqda cavabdehin sadəcə olaraq işin 1-ci vərəqində olan dama-dama qeyd vərəqinin 2-ci səhifəsində yazılmış “19580 m”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısında imzasının yazıldığı müəyyən edilir. Bundan sonra məhkəmə tərəfindən həmin imzaların hər birinin cavabdeh tərəfindən icra edilməsi, icra edildiyi halda yazı və imzaların eyni vaxta icra edilib-edilməməsi, həmçinin, işin 1-ci və 2-ci vərəqində qeyd edilən məlumatların eyni vaxtda və eyni qələm vasitəsilə icra edilib-edilməməsi hallarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizasından ibarət kompleks ekpertiza təyin edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməxətşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 4/67 nömrəli ekspert rəyi ilə işin 1-ci vərəqində olan dama-dama qeyd dəftəri vərəqinin arxa tərəfində “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra edildiyi müəyyən edilmişdir. Digər hissədə isə imzaların cavabdeh tərəfindən icra edilib-edilməməsi müəyyən edilə bilməmişdir. İşin məhkəmə araşdırması zamanı AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sənədlərin texniki ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 5/27 nömrəli ekspert rəyinin 4-cü və 6-cı bəndlərində eyni məsələ ilə bağlı fərqli yanaşmalar müəyyən edilir. Belə ki, həmin bəndlərdə iş materiallarının mübahisə predmetinə aid əsas məsələ 1ci vərəqin 2-ci səhifəsində olan “19580”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələr və onların qarşısındakı imzaların rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə fərqli və eyni diyircəkli qələmlə icra olunduğu müəyyən edilmişdir. Məhkəmə bu məsələyə yanaşması ondan ibarətdir ki, qeyd edilən yazıların fərqli və ya eyni diyircəkli qələmlə icra edilməsi qeyd edilən imzalarla yazıların eyni vaxtda icra edilib-edilməməsini müəyyən etmək məqsədini daşımışdır. Bu baxımdan məhkəmə müvafiq ekspert rəyinin həmin nəticəsində qeyd edilən hissələrə tənqidi yanaşmışdır. Belə ki, ekspert rəyləri və qeyd vərəqləri qarşılıqlı təhlil edildikdə aydın olur ki, qeyd vərəqəsində yazılmış məlumatlardan sadəcə “19580 m”, “7.07.2016”, “21400 m” və “11400 m+20.000+23600 m” ifadələrinin qarşısından cavabdeh tərəfindən imza çəkilməsi ehtimal edilsə də, ekspert rəyi ilə “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların Cavabdeh tərəfindən icra edildiyi təsdiqlənmiş, digər hissələrdə isə imzaların ona aid olub-olmaması müəyyən edilə bilməmişdir. Qeyd edilən vərəqin yuxarı hissəsində “Anar 171.1 qr-19580m” yazılarının qarşısındakı imzanın cavabdehə məxsus olması təsdiqlənir və xx.xx.2016-cı ildə yazılması qeyd edilir. Sonrakı yazıların isə xx.xx.2016-cı ildə yazıldığı müəyən edilir. Eyni zamanda, cavabdehin dediyi söz olaraq “avqust ayının axırında verəcəm” qeydinin yazılması da müəyyən edilir. Həmin hissədə qeyd edilən “11400 m +20000+23600m” rəqəm və hərflərin qaşısında olan imza Cavabdeh məxsus olsa da, qeyd edilən rəqəmlərdə olan qaralamalar, yazı üstündən yenidən yazılma halları müəyyən edildiyindən məhkəmə həmin “11400 m” yazıları istisna olmaqla sonrakı yazıların vaxt baxımından sonra yazılması, cavabdehin razılığı olmadan yalnız iddiaçı tərəfindən yazılması və qaralamalar olmaqla yazılması və həmin yazıların birtərəfli yazılması ehtimalını daha da artırır. Ona görə də cavabdeh tərəfindən imzalanan hissədə məhkəmə yalnız “11400m” ifadə olunan məbləği cavadehin borcu olaraq qəbul edir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında qeyd edilən hər iki imzanın ona məxsus olduğunu bildirmiş, o yalnız 7000 manatlıq qızılın dəyəri ilə bağlı imza etdiyini bildirmişdir. Qeyd edilən imzaların hansı səbəbdən imzaladığını konkret arqumentlərlə izahını vermə bilməmişdir. Məhkəmə müşahidə etmişdir ki, hazırkı müqavilə münasibətin mövcudluğundan xeyli vaxt keçsə də, tərəflər bir-birini tanımış, cavabdeh iddiaçının qızıl satdığı mağazanın Qazax şəhərində “Bazar” adlanan ərazidə yerləşməsi bildirmiş, həmin mağazada olmasını, hətta sənədləri imzaladığını bildirmişdir. Tədqiqat aparılan mübahisəyə birbaşa aid olan vərəqdə öz əksini tapan “19580 m” və “11400m” qeydlərinin vaxt baxımında aralıq məsafəsi az müddət təşkil etdiyindən, 19580 manat məbləğində qızıl-zinət əşyalarından ödəniş etməklə məbləğin azaldılaraq 11400 manat məbləğə enməsi real görünmür. Həmin hissəsə 20000+23600 m qeydlərini məhkəmə qaralama və sonradan əlavə edilmə ehtimal yaratdığından həmin rəqəmlərin doğruluğunu qəbul edilməmişdir. Eyni zamanda, həmin vərəqdə 2020-ci ilin 21 dekabr tarixində cavabdeh tərəfindən 500 manat ödənişin olması öz əksini tapmışdır. Bu halı iddiaçı ərizəsində də qeyd etmişdir. Bu səbəbdən məhkəmənin qənaəti odur ki, iddiaçının cavabdehə verdiyi qzıl-zinət əşyalarının dəyəri olaraq 19580 manat və 11400 manat məbləğində vəsaitdən yalnız 500 manat məbləğində vəsait cavabdeh tərəfindən geri qaytarılmış, qalan məbləğ isə qaytarılmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya hər hansı pul məbləğini qaytarmadığını bildirmişdir. Məhkəmə sübutların əlaqəli təhlili nəticəsində müəyyən edir ki, cavabdeh iddiaçıdan 30980 manat (19 580 + 11400 = 30980) məbləğində qızıl-zinət əşyaları alması faktı öz təsdiqini tapır. Eyni zamanda, iddiaçı cavabdehin borcundan 500 manat ödədiyini etiraf etmişdir. Buradan da göründüyü kimi iddiaçı cavabdehdən 30480 manat məbləğində pul tələb etməkdə haqlıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını qismən əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin isə konkret dəlillər və arqumentlərdən yayınması onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi kimi qiymətləndirməsinə əsas vermişdir. İddiaçı 56.620 manat məbləğində pul tələb etsə də, tələb edilən məbləğ təqdim edilmiş qeyd vərəqəsi ilə təsdiq olunmadığından və iddiaçı tərəfindən bu borcu təsdiqləyən əlavə sübut təqdim edilmədiyindən məhkəmə iddiaçının tələbinin qismən təmin edilməsini əsaslı hesab edir. Həmçinin, cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında borcunu qəbul etməyərək yenidən ekspertiza təyin edilməsini xahiş etsə də, bu vəsatətini əsaslandırmadığından, həmçinin məhkəmə hazırkı iş üzrə ekspert rəyinin mövcudluğu səbəbindən yenidən ekspertiza təyin edilməsinə zərurət olmadığından cavabdehin şifahi vəsatətini təmin etməmişdir. Belə ki, ekspert rəyi ilə cavabdehin ötən məhkəmə iclasında verdiyi imza nümunələri ilə “19.580m.” və “11400m+” rəqəmlərinin qarşısında olan imzaların eyniliyi təsdiqlənmişdir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yekun olaraq məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki,iddia tələbi 30480 manat hissəsində əsaslı olduğundan iddia bu hissədə təmin edilməli, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 259.86 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən, dövlət rüsumunun 139,89 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 119.97 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30480 manat məbləğində pul və 139,89 manat ödənilmiş dövlət rüsumunun hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar