Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-225/2025 25.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin Cavabdeh qarşı “Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 12 saylı qərarına əsasən Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsi Cavabdeh qarşı “Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 12 saylı qərarına əsasən Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia ərizəsini onunla əsaslandırmışdır ki, Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə 15 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi 99 il müddətinə kənd sakini Cavabdeh icarəyə verilmişdir. Vətəndaşla Bələdiyyə arasında xx.xx.2006-cı il tarixli, 21 saylı müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən icarəyə verilmiş torpaq sahəsində süni balıq gölü yaradılmışdır. Gölün idarəetməsi icarəçinin həyat yoldaşı Vidadi Əsgərov tərəfindən həyata keçirilir. Göyçay rayonu Çaxırlı kənd sakinləri X4, X5 və şəhid ailələri Tehran Məmmədov, Bağır Şirinov müxtəlif dövlət orqanlarına bələdiyyəyə məxsus torpaq sahəsində balıq gölü yaradılması, torpaq sahəsindən təyinatına uyğun olmayaraq istifadə edilməsi və bununla bağlı tədbirlər görülməsi barədə müraciətlər etmişlər. Vətəndaşların müraciətləri 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinin, rayon polis şöbəsinin, rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Eyni zamanda torpaq sahəsindən qanunsuz istifadə edilməsi ilə bağlı vətəndaşların müraciətləri Göyçay Regional Ədliyyə İdarəsində də araşdırılmışdır. Araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, icarəyə verilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş təyinatlıdır. İcarəçi tərəfindən 15 ha torpaq sahəsində təyinatdan kənar göl yaradılmışdır. Bununla bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən akt tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Göyçay Regional Ədliyyə İdarəsi Çaxırlı Bələdiyyəsinə müraciət edərək vətəndaşın icarəsinə torpaq sahəsinin verilməsi barədə bələdiyyənin xx.xx.2006-cı il tarixli 12 saylı qərarının və icarə müqaviləsinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılması, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, məsələnin iclasda müzakirə edilməsi ilə bağlı Çaxırlı Bələdiyyəsinə təklif məktubu göndərmişdir. Göyçay Regional Ədliyyə İdarəsinin təklif məktubu bələdiyyədə müzakirə edilmiş, bələdiyyənin xx.xx.2024-cü il tarixli, 05 saylı iclas qərarına əsasən Çaxırlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ləğv edilmişdir. Torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edilməsi və gölün ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən bunun üçün tədbirlər həyata keçirilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən torpaq sahəsində göl yaradılarkən həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə (tikinti norma və qaydaları) uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin icazəsi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı alınmamışdır. Cavabdeh tərəfindən aidiyyəti orqanların icazəsi olmadan göl yaradılması faktı da onun icarə müqaviləsinin 2.13-cü bəndinin şərtlərinin pozulmasına səbəb olmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş rəydə bələdiyyənin kənd təsərrüfatına yararsız bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarının “quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişafı” məqsədlə Cavabdeh uzun müddətli icarəyə verilməsinin məqsədə müvafiq olması qeyd edilmişdir. Göyçay rayonu Çaxırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixli ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin hazırladığı sənədlər əsas tutularaq, Çaxırlı bələdiyyəsinin kənd təsərrüfatına yararsız bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarının quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişafı məqsədi ilə Cavabdeh uzun müddətli icarəyə verilməsi və bu məqsədlə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Göyçay rayonu Çaxırlı Bələdiyyəsi (icarəyəverən) və Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2006-cı il tarixli 21 saylı “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən, icarəyəverən tərəfindən 15 ha kv.m olan torpaq sahəsi, o cümlədən su ilə örtülmüş sahəsi quşçuluq və balıqçılığın inkişafı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. AR Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Göyçay rayon Çaxırlı Bələdiyyəsinə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubun məzmunundan göründüyü kimi bələdiyyənin xx.xx.2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi, xx.xx.2006-cı il tarixli 21 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması istiqamətində tədbirlər görülməsi təklif edilmişdir. Göyçay rayon Çaxırlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 5 nömrəli iclas protokolundan göründüyü kimi Göyçay rayon Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli tövsiyyə məktubu nəzərə alınmış, Çaxırlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ləğv edilmiş, icarə müqaviləsinin ləğv edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması istiqamətində tədbirlər görülməsi qərarına gəlinmişdir. İş materiallarına əlavə edilmiş AR Göyçay rayon Çaxırlı Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 34 nömrəli məktubla cavabdehdən xx.xx.2024-cü il tarixə kimi gölün boşaldılması və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması istiqamətində işlər görülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş “Daşıınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış 15 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətləri mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı Cavabdeh nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemləri məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, kənd təsərrüfatına yararlı torpaqlar olmaqla islahat uqodiyası örüş, Cavabdeh tərəfindən nohur kimi istifadə edildiyi üçün uqodiyası sututar (nohur) qeyd edilməklə Çaxırlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq sututar, göl kimi istifadə olunur. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(116)-2751/2024 nömrəli qərarından görünür ki, Göyçay rayon Çaxırlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 05 saylı qərarı ləğv edilmişdir. Tərəflər məhkəmə iclasında qeyd edilən qərarı mübahisələndirmədiklərini bildirmişlər. İş materiallarına Göyçay rayonu, Çaxırlı kənd sakinləri tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq ərizə və şikayətlər əlavə edilmiş, həmin sənədlərin məzmunundan aydın olduğu kimi həmin şəxslər iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, hazırkı iş üzrə nəzərdə tutulan süni balıq gölünün onların əkin sahələrini məhv etdiyini, ciddi ziyan vurduğunu, həmin süni balıq gölünün qanunsuz yaradıldığını, bu səbəbdən örüş torpaqlarının azaldığını, həmçinin, həmin gölün qurunt suları yaradaraq kənd torpaqlarını şoranlaşdırdığını bildirmişdirlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Keçən məhkəmə iclasından sonra kənddə bələdiyyəyə qarşı çoxlu müraciətlər edilmişdir. Kənd sakinləri gölün onlara məxsus torpaq sahələrinə ziyan vurması səbəbindən gölün bağlanmasını təkid etmişlər. Bununla bağlı kənd sakinlərinin ərizələri var. Həmin ərizələrin məhkəməyə təqdim edilməsini xahiş etmişlər. Keçən məhkəmə iclasından sonra sakinlərə danışıb razılığa gətirməyə çalışsa da, razılıq alınmamışdır. Bundan başqa gölün kənd sakinlərinə məxsus torpaq sahələrinin aşağı hissəsində yerləşdiyini, gölün yerləşdiyi torpaq sahəsinin anti-sanitariya vəziyyəti yaratmadığını bildirmişdir. Sadəcə olaraq torpaq sahəsinin örüş təyinatlı olduğundan, həmçinin kənd sakinlərinin torpaqlarını şoranlaşdırdığı üçün gölün ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin kənd sakinləri dediyi şəxslər cavabdehin qohumlarıdır. Həmin şəxslər keçən məhkəmə iclasında da deyildiyi kimi qohumlar arasında olan ədavət səbəbindən bu cür ərizələrlə məhkəməyə müraciət edirlər. Ərizədə adları olan şəxslərin bəziləri heç Azərbaycan ərazisində yaşamırlar, Rusiyadadırlar. Həmin şəxlərin adından da ərizə yazıb imzalayıb göndərirlər. Ərizədə adı yazılan cavabdehin qohumlarından başqa heç bir kənd sakini gölün maneə yaratması barədə hər hansı dövlət orqanlarına, məhkəməyə müraciət etməmişdir. Həmin qohumlardan Əsgərov Xətai cavabdehin həyat yoldaşına qarşı göldən istifadənin onun torpaq sahəsinə ziyan vurması və həmin ziyanın ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Həmçinin, cavabdehə məxsus göllə onların qohumlarına məxsus torpaq sahəsi arasında məsafə böyük olmaqla yanaşı, onlar arasında drenaj adlanan arx vardır. Həmin arx tullantı sularının yığlması üçündür. Həmçinin, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən mülki qanunvericiliyin tələbinə riayət etməmiş, cavabdehə gölün maneə yaratması barədə hər hansı bildiriş, xəbərdarlıq göndərməli olduğu halda bunu etməmişdir. Sadəcə olaraq məhkəməyə ərizə ilə müraciət etməsi üçün pretenziya məktubu göndərmiş, cavabdehin bu vaxt iddiadan xəbəri olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1122/2024 nömrəli qərarından göründüyü kimi həmin iş üzrə iddiaçı X4 həmin iş üzrə cavabdeh X2 qarşı “cavabdehdən 46 000 maddi ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia rədd edilmişdir. Cavabdeh tərəf qeyd edilən qətnamənin iddiaçı tərəfindən apelyasiya qaydasında mübahisələndirilmədiyini qeyd etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara rəy, qərarlar, icarə müqaviləsi, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olduğundan və bələdiyyə orqanı da mülki dövriyyədə iştirak etmək hüququ olduğundan hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Məcəllənin: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 691.1. Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə hər hansı gün verildikdə; 691.1.2. əmlak kirayəsi haqqı həftələr üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti bazar gününün sonu üçün qüvvəyə minməklə həftənin birinci iş günü verildikdə; 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə 691.3. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində göstərilmiş və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik əşya verildikdən üç, altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların qüvvəsi yoxdur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.4. İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyənləşdirilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş rəylə hazırkı iş üzrə icarə müqaviləsinin əsasını təşkil edən icarə predmetinin “quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişafı” məqsədi ilə uzunmüddətli icarəyə verilməsi məqsədə uyğun hesab edilmiş, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə həmin torpaq sahəsinin cavabdehə icarəyə verilməsi qərara alınmış və həmin torpaq sahəsi Göyçay rayonu Çaxırlı Bələdiyyəsi (icarəyəverən) və Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2006-cı il tarixli 21 saylı icarə müqaviləsi ilə quşçuluq və balıqçılığın inkişafı məqsədilə 99 il müddətinə cavabdehə icarəyə verilmişdir. Bundan sonra Göyçay rayon Çaxırlı Bələdiyyəsi xx.xx.2024-cü il tarixində Göyçay rayon Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli tövsiyyə məktubunu əsas götürərək Çaxırlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarını ləğv etmiş, həmin xx.xx.2024-cü il tarixli qərar Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2751/2024 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, qeyd edilən qərarda Göyçay rayon Çaxırlı Bələdiyyəsinin İİHQ-nun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra ilkin qərarı ləğv etməkdə haqlı olmadığı qeyd edilmişdir. Daha sonra iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 21 saylı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı cavabdehin qanunvericiliyin və icarə müqaviləsinin şərtlərini pozduğunu, ona icarəyəverilmiş torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyini bildirsə də, iş materiallarından göründüyü kimi icarə müqaviləsi bağlandığı tarixdə həmin torpaq sahəsinin “quşçuluq və balıqçılığın inkişafı” məqsədilə istifadə edilməsi məqsədə uyğun hesab edilmiş, həmin torpaq sahəsi bu məqsədlə icarəyə verilmiş, cavabdeh isə həmin torpaq sahəsini hazırkı tarixə qədər məhz bu məqsədlə istifadə edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş rəydən göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin qeyd edilən məqsədlə istifadə edilməsi əsaslı hesab edilərək razılıq verilmişdir. Bundan başqa iş materiallarından aydın olduğu kimi daha sonra araşdırıldıqda həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması müəyyənləşdirilmişdir. Göründüyü kimi iddiaçı bu əsasla cavabdehin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə etmədiyini bildirərək icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarından, eyni zamanda tərəflərin izahatından da aydın olduğu kimi icarə müqaviləsi bağlanarkən müvafiq dövlət orqanları həmin torpaq sahəsinin quşçuluğun və balıqçılığın inkişafı məqsədilə istifadəyə verilməsinə razılıq vermiş, hazırkı tarixdə həmin torpaq sahəsinin bu məqsədlə istifadə edilməsinin torpağın təyinatına uyğun olmadığı qeyd edilərək müqavilənin ləğv edilməsinin tələb edilməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, mövcud vəziyyətdə icarə müqaviləsinin bu əsasla ləğv edilməsi vətəndaşın dövlət orqanına etimadına təsir göstərir. Həmçinin, Mülki Məcəllədə tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi üçün digər tərəfin həmin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bunun bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkün olması qeyd edilmişdir ki, hazırkı işdə cavabdehin torpaq sahəsini müqavilənin şərtlərinə uyğun olaraq istifadə etdiyi, icarə haqqını nəzərdə tutulmuş qaydada ödədiyi və iddiaçıya heç bir icarə haqqı borcu olmadığı aydındır. Bundan əlavə icarəyə verilmiş torpaq sahəsinin sonradan başqa kateqoriyaya aid edilməsi icarə müqaviləsinin ləğv edilməsinə əsas ola bilməz. Bu halda qeyd edilən icarəyə verilmiş torpaq sahəsi dövlət və ya digər ictimai ehtiyac yarandığı hallarla bağlı müvafiq kompensasiya verilməklə qanunla müəyyən edilmiş qaydada geri alına bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hazırkı halda isə cavabdeh 2006-cı ildən iddiaçının onunla razılaşmasına əsaslanaraq sahibkarlıq fəaliyyətini qurmuş və müvafiq işləri həyata keçirməkdədir. İddiaçının iddiasında irəli sürdüyü arqumentlər hazırkı mübahisə üzrə icarə müqaviləsinin ləğv edilməsi üçün əsas deyil, əks yanaşma mülki dövriyyənin iştirakçıları arasında qanunlara və qaydalara etimad hüququ azala bilər və inamsızlıq yarada bilər. Belə ki, cavabdeh torpaq sahəsindən ilkin müəyyənedilmiş təyinata uyğun istifadə edir, icarə haqqını vaxtında ödəyir. Bundan əlavə cavabdeh ekoloji sahədə idarəçiliyi həyata keçirən orqanların qanunla müəyyən edilmiş tələblərinə riayət etmədiyi təqdirdə həmin orqanların müvafiq qanuni təsir və məsuliyyətə cəlb etmə imkanları vardır ki, həmin qanunların tələblərinə uyğun olaraq qeyd edilən orqanlar müvafiq məsuliyyət tədbirlərini tətbiq edə bilər. Bu halın mövcudluğu olsa belə, hazırkı icarə müqaviləsinin ləğvi üçün əsas deyildir. Mülki Məcəllənin: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və.s. Bundan əlavə olaraq məhkəmə hazırkı iş üzrə Göyçay rayonu, Çaxırlı kənd sakinlərinin ərizələrinə münasibətdə bildirir ki, bununla bağlı iş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1122/2024 nömrəli qərarından göründüyü kimi X4 hazırkı iş üzrə cavabdehin həyat yoldaşı X3 tərəfindən ümumi su arxının kəsilərək qeyd edilən gölə yönəldildiyi üçün onun torpaq sahəsində yetişdirdiyi ağaclara, yonca otuna ziyan vurulduğunu iddia etmiş, 46 000 manat dəymiş ziyanın X1 tutulmasını tələb etmiş, lakin həmin şəxsə bu cür ziyanın dəymiş olması sübuta yetirilə bilməmiş və tələb təmin edilməmişdir. Eyni zamanda məhkəmə bu hissədə bildirir ki, həmin şəxlər ərizədə qeyd edilən halların mövcud olması halında iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edə bilərlər. Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yekun olaraq məhkəmə hesab edir ki, iddiaçının “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması” barədə iddia tələbi əsaslı olmadığı üçün rədd edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin Cavabdeh qarşı “Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli, 12 saylı qərarına əsasən Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov