Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-229/2020 22.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsindən irəli gələn ödənilmiş artıq məbləğin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqaviləsindən irəli gələn ödənilmiş artıq məbləğin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Eyni zamanda iddiaçı kağız daşıyıcıda da iddia ərizəsini imzalamamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(025)-2665/2016 nömrəli məhkəmə əmri ilə borclu İddiaçı “Nikoyl” X1 (hüquqi varisi Cavabdeh) xeyrinə 1305 ABŞ dolları əsas, 423 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 1728 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. İddiaçı məhkəmə əmri üzrə kredit borcunu ödədiyini, lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən artıq ödəniş etdiyindən həmin məbləğin ona qaytarılmalı olduğunu əsas gətirərək banka qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, hazırkı mübahisədə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığından və mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalı və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin qaytarılması əsasları dəqiq olaraq müəyyən edilmiş və 152.1.3-cü maddədə göstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, işin yalnız ərazi aidiyyəti üzrə məhkəmədə baxılmalı olmaması iddia ərizəsinin geri qaytarılmasının əsası kimi nəzərdə tutulmuş, məhkəmə aidiyyəti pozulmaqla məhkəməyə verilmiş iddia ərizəsinin onun verildiyi məhkəmədə baxılmalı olmamasına görə geri qaytarılması qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Məhkəmənin qənaətinə görə, işin həmin məhkəmədə baxılmalı olmaması yalnız ərazi aidiyyəti ilə əlaqələndirildikdə iddia ərizəsi icraata qəbul edilərkən mülki məhkəmə icraatını birinci instansiya məhkəməsi qismində həyata keçirən ümumi məhkəmələr və ya kommersiya məhkəmələri arasında işlərə baxılması üzrə qanunla müəyyən edilmiş səlahiyyət bölgüsü pozula bilər. Halbuki, aidiyyət qaydalarının pozulmasına qanunla yol verilmir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsi). Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsindən irəli gələn ödənilmiş artıq məbləğin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-229/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-229/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver