Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-246/2022 02.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “29.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6913,93 ABŞ dolları əsas, 1143,66 ABŞ dolları cərimə, 29.01.2018ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 522,55 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 8580,14 ABŞ dolları pulun cavabdehlərdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 5-MZ-2-0-227-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 biznes – mikro ekspress məqsədilə illik 28% olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq Cavabdeh1 nəzərdə tutulmuş öhdəliyin tam həcmdə icra edilməsi üçün zamin olmuşdur. Tərəflər arasında imzalanmış 25.05.2015-ci il tarixli 29 yanvar 2015-ci il tarixli 5-MZ- 2-0-227-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavəyə əsasən kredit müddəti 36 ay, kreditin bağlanma tarixi 29.01.2018-ci il və kreditin illik faiz dərəcəsi 26 % hesab edilmişdir. Cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** VÖEN üzrə hüquqi şəxsin adı İddiaçı ASC-yə dəyişdirilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 9/957 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 02.06.2020-ci il tarixə əsas borc üzrə 6913,93 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 9/7492 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 20.04.2020-ci il tarixə banka olan əsas borcu 3520,13 ABŞ dolları məbləğindədir. Eyni zamanda 20.04.2020-ci il tarixdən sonra əsas borcdan 587,37 ABŞ dolları ödəniş edilmiş, lakin hazırki hesablamada 20.04.2022-ci il tarixədək olan əsas məbləğ barədə məlumat tələb edildiyindən həmin ödəniş nəzərə alınmamışdır. Zamin olan Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 29.01.2018-ci il müəyyən olunmuşdur. Lakin iddiaçı 1 il ərzində ona qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilməlidir. İddia ərizəsi 2020-ci ildə verilmişdir. Göstərilənlərə əsasən iddia müddətini tətbiq etməklə, iddianın ona aid hissədə rədd olunması və zaminliyinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfə 2015-ci ildə 10000 dollar kredit verilmişdir. Borcu tam ödəməmiş, bu səbəbdən məhkəməyə müraciət etmişlər. Ekspert rəyindən də göründüyü kimi, cavabdeh tərəfin banka 6916 ABŞ dolları borcu vardır. Borc məbləği restrukturizasiya olunaraq onlara kompensasiya verilmiş, lakin yeni güzəştli müqavilə bağlanmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 29 yanvar 2015-ci il tarixdə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Devalvasiya olana qədər ödənişləri olmuş, lakin devalvasiyadan sonra ödəniş etməmişdir. Restrukturizasiyadan sonra ölkə rəhbərinin fərmanına əsasən banka müraciət edərək borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, lakin bank tərəfindən onunla əlaqə saxlayacaqları bildirilsə də, əlaqə saxlanılmamışdır. 2881,74 manat borcunu qəbul edir. Cavabdeh1 məhkəmə iclasında digər cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə və ona əlavə, Bildiriş, Ödəniş cədvəli, ekspertiza rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 5-MZ-2-0-227-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinə və ona əlavəyə əsasən bank tərəfindən Cavabdeh2 10000 ABŞ dolları məbləğində illik 26% olmaqla 36 ay müddətinə kredit verilmiş, sonuncu həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh olan əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 9/7492 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 20.04.2020-ci il tarixə banka olan əsas borcu 3520,13 ABŞ dolları məbləğindədir. Eyni zamanda 20.04.2020-ci il tarixdən sonra əsas borcdan 587,37 ABŞ dolları ödəniş edilmiş, lakin hazırki hesablamada 20.04.2022-ci il tarixədək olan əsas məbləğ barədə məlumat tələb edildiyindən həmin ödəniş nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 3520,13 ABŞ dolları əsas borcdan ödənilmiş 587,37 ABŞ dolları çıxılmaqla 2932,76 ABŞ dolları əsas borc kreditgötürən Cavabdeh2 tutularaq iddiaçı banka ödənilməlidir. İddia tələbinin 1143,66 ABŞ dolları cərimə, 29.01.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 522,55 ABŞ dolları əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə və cavabdehin Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanmasından imtina olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Fərmanın tələblərinə uyğun hərəkətlərin edilməsinə dair iddiaçının iradə ifadəsini əks etdirən onun tərəfindən cavabdehə müraciətini təsdiq edən sübutlar belə mövcud deyildir. İddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1143,66 ABŞ dolları cərimə, 29.01.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış 522,55 ABŞ dolları əldən çıxmış fayda hissəsində rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə borcun cavabdehlərdən, yəni zamindən də tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh2 10000 ABŞ dolları məbləği illik 26% olmaqla, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə kreditin bağlanma, yəni müqavilənin bitmə tarixi 29.01.2018-ci il hesab edilmişdir. Göründüyü kimi, tərəflər arasında 29 yanvar 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, 29.01.2018-ci il tarixdə bitmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti bitdiyindən və bu müddət ərzində zaminə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, 29 yanvar 2015-ci il tarixli müqavilədə zaminliyə münasibətdə müddət göstərilməsə belə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir..... Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 29.01.2018-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 29.01.2019-cu il tarixdə bitmişdir. İddiaçı hazırki iddia tələbi ilə 19.05.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddia tələbi irəli sürmüşdür ki, bununla da zaminə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 2932,76 ABŞ dolları əsas borc kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh2 tutularaq iddiaçı banka ödənilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Zamin olan cavabdehin ona münasibətdə zaminliyə xitam verilməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verən məhkəmə qeyd edir ki, zaminliyə xitam verilməsinə dair müddətlər yuxarıda şərh olunduğu kimi iddia müddəti olmamaqla kəsici müddətdir. Bu səbəbdən də mülki qanunvericilikdə müəyyən olunmuş müddətlər keçdikdə zaminliyə qanunvericiliyin tələbinə əsasən xitam verildiyindən və iddiaçının zaminə qarşı iddia irəli sürmək hüququ mövcud olmadığından müddətin tətbiqinə dair ərizənin verilməsi məsələnin həllinə təsir etmir, belə ərizənin verilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Sonda məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 9/957 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən ekspert rəyində 02.06.2020-ci il tarixə Cavabdeh2 6913,93 ABŞ dolları əsas borcu olduğu və faiz borcu olmadığı qeyd olunmuşdur. İddiaçı bank iddia ərizəsində ilkin olaraq cavabdehlərdən 2283,35 ABŞ dolları əsas borc, 3838,35 ABŞ dolları faiz borcu, 1143,66 ABŞ dolları cərimə borcu və 522,55 ABŞ dolları illik 5 %-lə hesablanmış əldən çıxmış fayda tələb etdiyindən, habelə problemli kreditlərin restruktruzasiyası barədə məlumatda da restruktruzasiya olunduqdan sonra əsas kredit borcunun 3881,70 manat olması qeyd edildiyindən məhkəmə hesab edir ki, qiymət verilən ekspert rəyi ilə iddia ərizəsi və problemli kreditlərin restruktruzasiyası barədə məlumat arasında ziddiyyətlər vardır və ekspert rəyi əsaslı deyildir. Bu səbəbdən həmin ekspert rəyinə sübut qismində qiymət verilməyərək təkrar aparılmış ekspertiza nəticəsində verilmiş 20.12.2021-ci il tarixli 9/7492 nömrəli ekspert rəyinə istinad edilmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı ödədiyi 30 manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. “X3” MMC-dən və 2 dəfə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyləri alınaraq işə baxan məhkəmələrə təqdim edilmişdir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Hazırki iş üzrə “X3” MMC tərəfindən məhkəməyə ekspert rəyi təqdim edilsə də rəyi vermiş ekspertin məhkəmə eksperti şəhadətnaməsi təqdim edilmədiyindən “X3” MMC tərəfindən verilmiş eskpert rəyi sübut kimi qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış təhqiqatın dəyəri olan 300 manat da tutulmamalıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertizaları üzrə 50 manat ekspertiza xərci bununla bağlı vəsatət vermiş İddiaçı ASCdən, digər ekspertiza məhkəmənin təşəbbüsü ilə aparıldığından 200 manat eskpertiza xərcinin 100 manat hissəsi İddiaçı ASC-dən, qalan 100 manat hissəsi Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 2932,76 ABŞ dolları əsas borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizaları üzrə 50 manat ekspertiza xərci İddiaçı ASC-dən, 200 manat eskpertiza xərcinin 100 manat hissəsi İddiaçı ASC-dən, qalan 100 manat hissəsi cavabdeh Cavabdeh2 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-246/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-246/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver