Məhkəmə qərarları › İş №2-2(117)-25/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-25/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-25/2024 26.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “xx.xx.2017-ci il tarixində 005/F nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 əsas borcu 11290.14 manat, faiz borcu 3052.58 manat, dəbbə pulu 4361.57 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələbin İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi; göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 18896.29 manat məbləğin ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatının genişləndirilməsi məqsədilə illik 6 % olmaqla 15 000 manat məbləğində 36 ay müddətinə kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Cavabdeh5 məxsus İsmayıllı rayonu, Bizlan kəndində 0.06 ha torpaq sahəsində yerləşən 73.2 kv.m ümumi, 46.9 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi müəyyənləşdirilmişdir. 5.6-cı bəndinə əsasən müqavilə üzrə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borc alan borc verənə verilmiş kreditin 12%-i miqdarında cərimə faizi ödəməyi öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə 36 ay müddətinə bağlanır və göstərilən müddət bitənə qədər borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə qaytarılmalıdır. xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh5 məxsus İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha olan torpaq sahəsinin dəyəri 23 000 manat razılaşdırılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka predmeti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ipoteka qoyana məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh5, həmin evin yerləşdiyi 0.06 ha olan torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha olan torpaq sahəsi xx.xx.2017-cu il tarixdən 36 ay müddət üçün ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh5 və onun ailə üzvlərinə məxsus ipoteka predmeti olan İsmayıl rayonu Bizlan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun tərkib hissəsi olan tikililərinin ümumilikdə likvid dəyəri 65750 manat məbləğində müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məxsus İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 55 000 manat, likvid dəyəri isə 45 000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/97 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 11248.43 manat, faiz borcu üzrə isə 1235.45 manat müəyyən olunmuşdur. Eyni zamanda həmin hissədə Cavabdeh5 xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət edilən tarixə) banka olan borcu əsas borc üzrə 10833,88 manat, faiz borcu üzrə isə 0 manat müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Bundan əlavə olaraq Şəki Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-2(117)- 25/2024 nömrəli qərarı ilə “Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi” məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3422-9/3573 nömrəli məlumatı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı işi icrasız məhkəməyə qaytarmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 11 290.14 manat əsas, 3052.58 manat faiz, 4361.57 manat dəbbə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, karantin dövründə 77 baş qoyun və 13 baş keçisi zəhərlənmiş, ziyana düşmüşdür. Ailəsində problemlər yaranması səbəbindən borcunu ödəyə bilməmişdir. İsmayıllı rayon Məhkəməsində işə baxıldıqdan sonra 300 manat ödəniş etmişdir. Sonuncu dəfə 23 dekabr tarixində 150 manat ödəniş etmişdir. Bununla bağlı qəbzlər mövcuddur, lakin qəbzlər hazırda onda deyil. Borcunu ödəməkdən boyun qaçırmır, əgər vaxt verilərsə, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən köməklik göstərilməsini və cərimə borcunun azaldılmasını xahiş etdi. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsi, sonrakı ipoteka müqaviləsi, mütəxəssis rəyi, çıxarış, ödəniş qrafiki, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatının genişləndirilməsi məqsədilə illik 6 % olmaqla 15 000 manat məbləğində 36 ay müddətinə kredit verməyi, Borc alan isə krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq Cavabdeh5 məxsus İsmayıllı rayonu, Bizlan kəndində 0.06 ha torpaq sahəsində yerləşən 73.2 kv.m ümumi, 46.9 kv.m yaşayış, 26.6 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi müəyyənləşdirilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 əsas borcu 11290.14 manat, faiz borcu 3052.58 manat, dəbbə pulu 4361.57 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, nəzərdə tutulan kredit müqaviləsi əsasında yaranan borcun sadəcə Cavabdeh5 tələb etməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından aydın olduğu kimi bankla digər cavabdehlər arasında kredit müqaviləsinin təminatı məqsədilə zaminlik müqaviləsi bağlanmamış, həmin cavabdehlər əsas borclunun öhdəliyini təmin etmək üçün üzərlərinə bununla bağlı hər hansısa bir məsuliyyət götürməmişdir. Sadəcə olaraq iş materiallarından görünür ki, həmin cavabdehlər ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlakı ipotekaya qoymuş və əsas borclunun öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi halda tələbin ipoteka predmetinə yönəldilməsinə razılıq vermişdirlər ki, onlar hazırkı işdə sadəcə bu hissədə məsuliyyət daşıyırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən edilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi əsasında yaranan borcu əsas borclu Cavabdeh5 tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə 11290.14 manat əsas borc və 3052.58 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçının tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/97 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh5 xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət edilən tarixə) banka olan əsas borcu 10833,88 manat, faiz borcu isə mövcud deyildir. İddiaçı isə 11290.14 manat məbləğində əsas borc, 3052.58 manat məbləğində faiz borcu tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi əsas və faiz borcu ilə ekspert rəyində müəyyən edilən məbləğ arasında kəskin məbləğ fərqi vardır. Bununla bağı iddiaçı ekspert rəyində qeyd edilən əsas və faiz borcu ilə bağlı münasibətini bildirməmiş, bu məbləğlərin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməmiş, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Ekspert rəyi müvafiq əsaslandırma aparmaqla və ödənişlər nəzərə alınmaqla təfsilatı ilə araşdırma aparılaraq verildiyindən məhkəmə həmin rəydə müəyyən edilmiş məbləği daha mötəbər hesab edir. Ona görə də məhkəmə rəylə razılaşır və həmin rəydə müəyyən edilən əsas və faiz borcuna münasibətdə gəldiyi nəticəni daha əsaslı və qanuni olmasını qəbul edir. Bu səbəbdən rəylə müəyyən olunmuş 10833,88 manat əsas borcun olması və faiz borcunun olmadığı əsas götürüldüyündən məhkəmə hesab edir ki, tələb 10833,88 manat məbləğində əsas borcun Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə 4361.57 manat dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh5 əsas borcun təxminən 5% həcmində yəni, 544 manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsi qanuni və ədalətli hesab edilə bilər. Bundan başqa məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha olan torpaq sahəsinə yönəldilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinin 5.3.1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə təmin edilən öhdəlik icra edilmədikdə, yaxud onun icrası gecikdirildikdə, ipoteka predmetinə tutma yönəltməklə həmin əmlak hesabına tələblərinin və bununla bağlı çəkilmiş bütün xərclərini faktiki təminat məqamında malik olduğu həcmdə ödənilməsini tələb etmək ipoteka saxlayanın hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh5 və onun ailə üzvlərinə məxsus ipoteka predmeti olan İsmayıl rayonu Bizlan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun tərkib hissəsi olan tikililərinin hazırkı likvid dəyəri 65750 manat təşkil etmişdir. Eyni zamanda, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində islə qeyd edilən ipoteka predmetinin likvid dəyərinin 45000 manat olması müəyyən edilir. Məhkəmə ilkin olaraq rəylərə münasibətdə qeyd edir ki, tərəflər qeyd edilən rəylərlə bağlı hər hansı etiraz və ya rəylə razılaşmamanı əsaslandıran arqumentləri məhkəməyə təqdim etməmişdir. Hazırkı iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ASC qeyd edilən qətnaməni mübahisələndirməmiş və həmin qətnamə ilə müəyyən edilən ipoteka predmetinin likvid dəyərinə münasibətdə etirazını bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tarix baxımından daha əvvəl verilmiş rəydə əmlakın likvid dəyərinin daha çox olmasını, zaman etibarı ilə daha sonra verilmiş rəydə isə əmlakın dəyərinin daha az qeyd edilməsini əsaslı hesab etməyərək tərəflərin qeyd edilən hala münasibətdə hər hansı bir etiraz və ya təkliflərinin olmaması nəzərə alınaraq "xxxx" MMC tərəfindən hazırkı iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə hesabata əsasən həmin əmlakın ilkin satış dəyəri 65750 manat müəyyən edilməklə həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması vasitəsilə həmin əmlak boşaldılmalı və əmlakın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Bundan başqa məhkəmə ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əsas götürülməsini ədalətli hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, hazırkı iş üzrə ipoteka premetinin likvid dəyəri 45 000 manat müəyyənləşdirilmişdir ki, "xxxx" MMC tərəfindən bu rəydən əvvəlki tarixə verilmiş mütəxəssis rəyində həmin ipoteka predmetinin məbləği 65750 manat müəyyənləşdirilmişdir. Lakin qeyd edilən əmlakın dəyərinin daha sonrakı tarixə azalması məntiqə uyğun olmadığı üçün məhkəmə yekun olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əsas götürülməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 nömrəli 22 iyun 2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2017-ci il tarixində 005/F nömrəli kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı tərəf kredit borcunun cavabdehdən qaytarılmasını yalnız məhkəmə qaydasında tələb etmiş və məhkəmədən kənar qaydada müqavilənin ləğv edilməsinə yönələn hərəkətlər etməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi xx.xx.2017-ci il tarixində 005/F nömrəli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh5 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən sonuncudan 10833,88 manat əsas borc, 544 manat dəbbə borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin likvid dəyəri 65750 manat müəyyən edilməklə həmin əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh və onunla birlikdə olanların həmin əmlakdan çıxarılması vasitəsilə həmin əmlakın boşaldılması və əmlakın satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməldir. Bundan əlavə məhkəmə cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsi tərəfindən hazırkı işlə bağlı qətnamə qəbul edildikdən sonra ödəniş etdiyini bildirdiyindən və həmin qəbzləri tam olaraq məhkəməyə təqdim etmədiyindən 26 yanvar 2023-cü il tarixə olan borcun tutulması barədə qərarın qəbul edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 146,25 manat olmalıdır ki, iddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmiş və cavabdehdən tələb edilmişdir. İddia tələbi qismən təmin edildiyindən 57.15 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, 89.10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli 005/F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh5 xx.xx.2017-ci il tarixli, 005/F saylı kredit müqaviləsinə əsasən 26 yanvar 2023-cü il tarixə olan 10833,88 manat əsas borc, 544 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat və 89.10 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Borc məbləği Cavabdeh5 məxsus İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha olan torpaq sahəsinə yönəldilsin. Həmin mənzilin likvid dəyəri 65 750 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh5 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Cavabdeh5 məxsus İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0.06 ha olan torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində cavabdeh və onunla birlikdə yaşayanlar həmin əmlakdan çıxarılsın və həmin əmlak boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat pul Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 hesabına (Kod: 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************,Swift BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi Vöen: **********, Hesab:AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar