Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-255/2024 10.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “8431,05 manat məbləğində pul vəsaitinin və 105 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “8431,05 manat məbləğində pul vəsaitinin və 105 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ərzaq məhsullarının satışı ilə məşğuldur. Cavabdehə satış üçün ərzaq məhsulları vermiş, sonradan sayım aparmış və müəyyən eləmişdir ki, cavabdehin 8400 manat borcu var. Borcunu ödəməkdən yayınır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçını Zərdab rayonunun sakini olduğu üçün tanımışdır. Ona da satış üçün ərzaq malları vermişdilər. Danışıqda belə olmuşdur ki, satılan malların qazancından 30%-i ona aylıq əmək haqqı kimi veriləcəkdir. O, onlarla əməkdaşlığa xx.xx.2019-cu ildə başlamışdır. Onlar tərəfindən ona təxminən 12800 manat dəyərində ərzaq məhsulları verilmişdir. Sonra pandemiya dövrü olmuş və həmin dövrdə də müxtəlif məhsullar verilmişdir. Malın xarab, köhnə, tullantı olanları olumuşdu. Bu haqda Toğrula deyəndə, Toğrulda deyirdi ki, Ülviyə deyərəm hesabat vaxtı nəzərə alınar. Lakin onlar heç nəyi nəzərə almamışdılar. İşlədiyi dövrdə evində istifadə etmək üçün 3000 manat dəyərində ərzaq məhsulları götürmüşdür. 3000 manat borcunu etiraf edir və onuda ödəməyə hazırdır. Lakin onlar onun qarşısına 8400 manat dəyərində imzalamağı üçün notarius sənədi qoymuşdular. O da imzalamamışdır. Ondan sonra onu məhkəməyə vermişdilər. Qeyd etmişdir ki, onun 8400 manat yox, 3000 manat borcu var və onu da ödəyəmə hazırdır. Sədrlik edən tərəflərə barışıq təklif etmiş və barışıq sazişi bağlanmasının nəticələrini izah etmişdir. Tərəflər məhkəmə iclası zalında barışığa gəlmiş və barışıq sazişini məhkəməyə təqdim etmişlər. Məhkəmə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Cavabdeh tərəflərin razılaşdırdıqları borc məbləği olan 4000 manat borcdan iddiaçıya 1200 manat pul ödədi və qalıq borcu 2800 manat olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Tərəflər razılaşır ki, Cavabdeh iddiaçıya olan 8431,05 manat borc tələbini azaldılaraq 4000 manat olduğunu təsdiq edirlər. Cavabdeh xx.xx.2024-cü il tarixdə 4000 manat borcdan 1200 manat hissəsini ödəyir. Qalan 2800 manat məbləği isə 7 ay müddətinə bərabər hissələrlə iddiaçıya ödəyəcək.
2. İddiaçı iddiasından imtina edir.
3. Tərəflər bu barışıq sazişini icra etmədikdə qərar məcburi icraya yönəldiləcəkdir. İddiaçı Cavabdeh qarşı “8431,05 manat məbləğində pul vəsaitinin və 105 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov