Məhkəmə qərarları › İş №2-2(117)-256/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-256/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-256/2024 29.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya hesablanmış 914,21 manat borcun silinməsi” tələbi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xxxx” ASC-nin əməkdaşları X1, X2, X3, abonentin nümayəndəsi X4 iştirakı ilə fiziki şəxs (fərdi sahibkar) İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin girişinə quraşdırılmış elektrik sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, elektrik sayğacının giriş yuvasının tamamilə yanıb sıradan çıxması, bir fazlı sayğacın istismara yararsız olduğu müəyyən edilərək 051805 nömrəli akt tərtib edilmiş, iştirakçılar aktı imzalamış və aktın sonunda abonent İddiaçı həmin aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən 243151 nömrəli “sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi” barədə aktla elektrik sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuş, 25 AMP ayırıcı açar qurulmuş və möhürlənmiş, çıxarılan sayğac yoxlanılması üçün göndərilmişdir. İtirilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2022-ci il tarixədək 914,21 manat debitor borcun olması və borcun ödənilməyəcəyi təqdirdə enerji təchizatı xx.xx.2022-ci il tarixdən etibarən dayandırılacağı barədə "xxxx" ASC-nin Zərdab Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən barəsində 914,21 manat debitor borcun hesablanması ilə bağlı heç bir əsas yoxdur. Elektrik enerjisindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadə etmiş və heç bir zaman elektrik sayğacına müdaxiləyə yol verməmişdir. Sayğacın giriş yuvasının yanaraq sıradan çıxmasının səbəbi isə cavabdeh özüdür. Həmçinin qeyd etmişdir ki, sayğac yol kənarında yerləşdiyindən mütəmadi olaraq həmin ərazidən insanlar, avtomobillər və iri buynuzlu heyvanlar hərəkət etdiyindən ona nəzarət etmək mümkünsüz olmuşdur. Odur ki, hazırki tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli, 051805 nömrəli akt, 243151 nömrəli akt, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmas zamanı müəyyən olunduğu kimi xxxx” ASC-nin əməkdaşları X1, X2, X3, abonentin nümayəndəsi X4 iştirakı ilə fiziki şəxs (fərdi sahibkar) İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin girişinə quraşdırılmış elektrik sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, elektrik sayğacının giriş yuvasının tamamilə yanıb sıradan çıxması, bir fazlı sayğacın istismara yararsız olduğu müəyyən edilərək 051805 nömrəli akt tərtib edilmiş, iştirakçılar aktı imzalamış və aktın sonunda abonent İddiaçı həmin aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən 243151 nömrəli “sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi” barədə aktla elektrik sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuş, 25 AMP ayırıcı açar qurulmuş və möhürlənmiş, çıxarılan sayğac yoxlanılması üçün göndərilmişdir. İtirilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2022-ci il tarixədək 914,21 manat debitor borcun olması və borcun ödənilməyəcəyi təqdirdə enerji təchizatı xx.xx.2022-ci il tarixdən etibarən dayandırılacağı barədə "xxxx" ASC-nin Zərdab Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh akt tərtib edilərkən “X1 Qaydaları”nın pozulması faktı olaraq sayğac göstəricisində aşkarlanmış pozuntu nəticəsində itirilmiş enerji sərfinə görə istehlakçı olan iddiaçıya 914,21 manat borc hesablanmış və bunda da haqlı olmamışdır. Belə ki, Elektrik Enerjsisindən istifadə Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən, məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Göründüyü kimi qanunverici həmin bəndlərdə sadalanan hallar mövcud olduğu halda istehlakçıya yenidən hesablaşma aparılmasını bu halların baş verməsində istehlakçının təqsiri ilə əlaqələndirmişdir. Bundan başqa EEİQ-nin 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan norma üç halda, yəni istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda); uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerji təchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ verir. Lakin həmin bəndin tələbinə görə istehlakçının uçot cihazında pozuntular müəyyən edildiyi halda təkrar hesablaşma aparılması enerji təchizatı müəssisəsinə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırki iş üzrə mübahisə predmeti olan akt tərtib edilərkən aşkar edilmiş hal ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacının giriş yuvasının tamamilə yanıb sıradan çıxmış və bir fazlı sayğac istismara yararsızdır. Göründüyü kimi iddiaçının məsuliyyətə cəlb edilməsi üçün EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan hallar mövcud deyildir. Belə ki, sayğac cavabdeh tərəfindən quraşdırılır və elektrik sayğacının giriş yuvasının tamamilə yanıb sıradan çıxması iddiaçının təqsiri ucbatından baş verməmiş və təqsirli olduğu halda təqsirliliyini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, tərtib edilmiş aktda belə halların mövcudluğu əsaslandırılmamışdır. Cavabdeh heç bir hüquqi və qanuni əsas olmadan iddiaçıya borc hesablamışdır ki, göründüyü kimi bunda da haqlı olmamışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə riayət olunmadığından, habelə hesablanmış 914,21 manat borc məbləği qanunsuz hesablandığından iddia təmin edilməli, həmin borc abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilməli 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 914,21 manat borc silinsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar