Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-265/2020 30.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun silinməsi və təmizlik kağızı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit borcunun silinməsi və təmizlik kağızı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının hazırkı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bundan əlavə, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçının sahibkar statusu yoxdur, o, cavabdehdən şəxsi istehlak məqsədilə 6370 USD məbləğində kredit almışdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir və MPMin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından və iddiaçının fərdi sahibkar statusu olmadığından hazırkı tələblə məhkəmə aidiyyəti qaydalarına uyğun ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilir ki, göstərilən qaydada məhkəməyə müraciət edəcəyi təqdirdə iddia tələbi Cavabdeh ASC-yə qarşı yönəldiyindən və sonuncunun hüquqi ünvanı Bakı şəhəri olduğundan, iddia ərizəsi ərazi aidiyyyəti qaydalarına uyğun olaraq verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsindən irəli gələn ödənilmiş artıq məbləğin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2-2(117)-265/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-265/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver