Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-338/2020 30.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı Şəki rayonu Baş Göynük bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Şəki rayonu Baş Göynük bələdiyyəsinin Cavabdeh ASC-yə qarşı “xx.xx.2005ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsi əsasında yaranmış 2700 manat borcun cavabdehdən tutularaq ödənilməsi, 15 ha torpaq sahəsindən cavabdehin istifadə edilməsi qadağan edilməklə torpaq sahəsindən çıxarılma və bələdiyyənin torpaq sahəsindən istifadəsinə cavabdehin maneələrin aradan qaldırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki rayon Baş Göynük Bələdiyyəsi tərəfindən mülkiyyətində olan 15 ha torpaq torpaq sahəsi 50 il müddətinə Cavabdeh ASC-nin icarəsinə verilməsi barədə tərəflər arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, əlavə razılaşma ilə illik icarə haqqının məbləği 450 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon Baş Göynük və Baş Şabalıd kəndləri üzrə torpaq bölgüsü düzgün aparılmamış, torpaq sərhədləri dəqiq müəyyənləşdirilməmiş və bir çox vətəndaşların torpağa mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbli AİK tərəfindən məhkəməyə müraciət edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-108 nömrəli qətnaməsinə əsasən Baş Göynük kəndi üzrə 1-1458-dək olmaqla 1457, Baş Şabalıd kəndi üzrə 1-178-dək olmaqla 177 nəfərə torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ləğv edilmişdir. Həmin ərazidən bələdiyyə mülkiyyətində olan 15 ha torpaq sahəsi Cavabdeh ASC-nin ərizəsi əsasında tut bağı salınması üçün 50 il müddətinə xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmişdir. Buna baxmayaraq, cəmiyyət tərəfindən müqavilə ilə əldə edilmiş hüquqlar Şəki rayon Torpaq şöbəsində qeydiyyata alınmamış, kadastr xəritəsinə işlənməmiş, habelə torpaqdan istifadə ilə bağlı yaranmış icarə haqqı borcu ödənilməmişdir. Eyni zamanda kənd sakinləri həm şifahi, həm də yazılı şəkildə müraciət edərək torpaq sahəsinin təyinatına uyğun istifadə edilməsini xahiş etmişlər. Bu səbəbdən həmin icarə müqaviləsinin ləğv edilməsi borcun ödənilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, bələdiyyənin istifadəsi üçün cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, 15 ha torpaq sahəsi tut bağının salınması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyindən 2700 manat borc yaranmışdır. Dəfələrlə müraciət etmələrinə baxmayaraq borc ödənilməmişdir. Ödəniş qəbzləri bələdiyyənin mühasibatlığında baş vermiş yanğın nəticəsində yandığından icarə müqaviləsi üzrə cavabdeh tərəfindən nə qədər ödəniş edilməsi barədə məlumatları yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, Məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsinin əsaslandırmasını təşkil edən halların mövcudluğuna (torpaq sahəsinin kənd sakinlərinin mülkiyyətinə verilən torpaq sahəsinin olması, Dövlət aktlarının ləğvi) dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin icarə müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.1-ci maddəsinə əsasən icarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385, 386, 421, 423, 424). Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon Baş Göynük Bələdiyyəsi tərəfindən mülkiyyətində olması iddia olunan 15 ha torpaq torpaq sahəsi 50 il müddətinə Cavabdeh ASC-nin icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, əlavə razılaşma ilə illik icarə haqqının məbləği 450 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq həmin müqavilə bağlandığı dövrdə dövlət qeydiyyatına alınma funksiyasını həyata keçirən DTXK-nin Şəki rayon şöbəsi tərəfindən qeydiyyata alınmamış və icarə hüquqları güquqların dövlət qeydiyyatını həyata keçirən daşınmaz əmlkın dövlət reyestri orqanlarında qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, icarə müqaviləsi və icarə hüquqları dövlət qeydiyyatına alınmamış və iddiaçını iddia edilən torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut mövcud deyildir. Belə ki, iddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübut mövcud olmamaqla, icarə verilməsi iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahəsinin harada yerləşməsi barədə sübutlar mövcud olmadığından, habelə icarə müqaviləsi və icarə hüquqları dövlət qeydiyyatına alınmadığından tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmışdır ki, həmin müqavilə tərəflər arasında hüquq münasibətlərini yaratmamış və iddiaçının ərazisində olan hər hansı torpaq sahəsindən cavabdehin istifadəsi qanunsuzdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsi ləğv edilməli və qanunsuz istifadə edilən torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 2700 manat icarə haqqı borcunun ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, qeyd olunduğu kimi tərəflər arasında etibarlı hüquq münasibətləri yaranmadığından cavabdehin iddia olunan torpaq sahəsindən istifadəsi qanunsuz olmuşdur. Bundan başqa, iddiaçı, cavabdeh tərəfindən iddiaçının ərazisində olan torpaq sahəsindən hər hansı formada istifadə etməsini və cavabdeh tərəfindən ona bunun müqabilində pul vəsaitinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, nümayəndəsi məhkəmə iclasında ödəniş qəbzlərinin bələdiyyənin mühasibatlığında baş vermiş yanğın nəticəsində yandığından icarə müqaviləsi üzrə cavabdeh tərəfindən nə qədər ödəniş edilməsi barədə məlumatlarının olmadığını bildirmişdir. Belə olan halda iddiaçı istinad etdiyi halları sübut etməli olduğu halda bunu edə bilməmiş və hazırki vəziyyətdə cavabdehdən tələb etdiyi borcun nəyin əsasında və hansı qaydada hesabladığına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında etibarlı hüquq münasibətləri yaranmadığından, habelə iddia olunan torpaq sahəsi cavabdehin istifadəsinə qanuni əsaslarla verilmədiyindən və iddiaçı tələb etdiyi borcun qanuni əsaslarla tələb etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan əlavə iddia tələbinin bələdiyyənin torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu halların mövcud olmasına dair məhkəməyə sübut təqdim edə bilməmiş və iddia olunanlar yalnız onun mülahizələrini əks etdirir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən pul tələbinə uyğun ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki rayon Baş Göynük Bələdiyyəsi ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsi ləğv edilsin. xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsi əsasında icarəsinə verilmiş 15 ha torpaq sahəsindən Cavabdeh ASC çıxarılsın. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh ASC-dən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-338/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-338/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver