Məhkəmə qərarları › İş №2-2(117)-34/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-34/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-34/2025 30.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 8270 manat əsas borc, 107 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat olmaqla, cəmi 8677 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı 8270 manat əsas borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun və 107 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Kərimli kəndində yaşayır, cavabdehlə dostluq münasibətləri vardır. Onlar birlikdə biznes qurmaq qərarına gəlmiş və Oğuz rayon Qumlaq kəndində yerləşən mağazanı icarəyə götürmüşlər. Həmin mağazanı öz hesabına açmış, orada olan malları özü gətirmiş, atası Araz Haşımov da ona kömək etmiş, mağazaya ümumilikdə 56000 manat xərc çəkmişdir. Vaqif ilkin olaraq onun satıcısı olmuş, sonradan 2022-ci ilin oktyabr ayında Vaqiflə razılaşmış ki, həmin qurulmuş və fəaliyyət göstərən mağazanı cavabdehə tam təhvil verir, cavabdeh isə əvəzində ona 26000 manat verir. Bu zaman cavabdehin mağazada olan, “Akkord” şirkətinə məxsus sementin dəyəri 500 manat və sobanın dəyəri 200 manat olmaqla 700 manat borcu olmuş, həmin borcu özü ödəmişdir. Beləliklə cavabdeh cəmi 26700 manat pul ödəməli olmuşdur. xx.xx.2022-ci ildə həmin puldan 15000 manatını cavabdeh ona vermiş, lakin ondan 2000 manat pul geri alıb ayın sonunadək ödəyəcəyini bildirmişdir. Həmin pul ona 2023-cü ilin iyul ayında qaytarılmışdır. Cavabdeh borcundan 3000 manatını atası Araz Haşımova kartla göndərmiş, onun bank kartına 80 manat ödəmiş, ona 350 manat dəyərində taxıl vermişdir. Bütün bunlardan sonra cavabdehin ona 8270 manat borcu qalmışdır. O, mağazada olan xırda xərcləri istəmir, orada olan əşyalara da iddiası yoxdur. 56000 manat xərcə baxmayaraq 26000 manata razılaşmışdır. Pulun içərisində şirkətlərin də borcları vardır. Cavabdeh qalan pulu ödəməkdən yayınır. Halbuki bununla bağlı sübut, cavabdehlə telefon danışığının səs yazısı mövcuddur. Mağazada 54000 manatlıq mal olaola oranı 15000 manata satması mümkün deyildi. Sahibkar kimi mağazaya pul qoyub, cavabdeh satıcı işlədiyinə görə əldə edilən qazanca onunla şərik olub. Mağazadan istədiyi qədər pul götürə bilərdi, amma etməmişdir. Cavabdeh tərəfindən ümumilikdə 18 430 manat məbləğində vəsait ödənilmişdir. Cavabdehin qeyd etdiyi 2000 manat məbləği 2 dəfə olaraq ödəməsi ilə razılaşmır, bir dəfə 2000 manat ödəmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər Oğuz rayon Polis şöbəsində izahat vermişlər, orada 26000 manat pulla bağlı razılıq olub. Vaqif isə deyir ki, 20000 manata razılaşıblar, lakin Turala təxminən 21000 manat ödəyib. Əgər 20000 manata razılıq olmuşdusa, pulu artıq ödəməli deyildi. 20000 manat məsələsi öz təsdiqini tapmır. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, əvvəllər yük maşını sürmüş, iddiaçı ilə yoldaşlıqları olmuş, hazırda da münasibətləri normaldır. İddiaçı ona təklif etmişdir ki, Oğuz rayonu, Qumlaq kəndində icarəyə götürdüyü mağazada satıcı işləsin. Mağazanı qaydaya salmış, lazımi işləri görmək üçün usta gətirmişdir. İddiaçı iki gün sonra yoxa çıxmış, ona etiraz edib, demişdir ki, belə işləmək olmur. İddiaçı “düzələcək” demişdir. İşləmək üçün atasının adına 15000 manat kredit alıb mağazaya xərcləmiş, firmalara da borc olmuşdur. Qazanc olmamış, ona görə iddiaçıya demişdir ki, 15000 manat krediti bağlasın, mağazanı da özü götürüb işlətsin. İddiaçı adam gətirib hesablatmış, ona təklif etmişdir ki, 30 000 manat müqabilində mağazanı götürüb işlətsin. İddiaçıya 15000 manat verəcəyini bildirmişdir. Onlar sonradan 20000 manata razılaşmışdır. Həmin pulu da iddiaçıya vermişdir. Onun iddiaçıya borcu yoxdur. Əlində malların qəbulu və çıxışı, digər xərclərlə bağlı qeyd kitabçaları var, hamısı iddiaçı tərəfindən yazılmışdır. İddiaçıya 21000 manatdan artıq pul vermişdir. Polis şöbəsində izahatında Tural özü bunu bildirib. xx.xx.2023-cü ildə 10000 manat, sonra 15000 manat kredit götürüb. İddiaçıya verdiyi 15000 manat pulu borc almış, iddiaçı ona 26000 manata təklif etmiş, o isə 20000 manata razılaşmışdır. Pulu artıq verdiyini əvvəl bilməmiş, sonra hesablayanda ona məlum olmuşdur. Şirkət borclarını da özü ödəmişdir. Beləliklə, bu razılaşma vaxtı ilkin olaraq götürdüyü kreditdən 13000 manat, daha sonra iki dəfə 2000 manat olmaqla 4000 manat, 3000 manat iddiaçının atası Araz Haşımova, 80 manat iddiaçının bank kartına, iddiaçının şəxsən özünə 350 manatlıq taxıl, əlavə olaraq iddiaçıya (avtomobil alan vaxtı) 1750 manat pul, cəmi olaraq iddiaçıya 22180 manat məbləğində vəsait ödəmişdir. İddiaçının mübahisələndirdiyi 2000 manatı iki dəfə yox bir dəfə ödəməsi faktı ilə bağlı qeyd edir ki, 2000 manat şəxsən iddiaçının bank kartına, digər 2000 manatı isə iddiaçının anasının telefon zənginə əsasən yanacaqdoldurma stansiyasının yanında Baba adlı şəxs ilə iddiaçının atası Araz Haşımova göndərmiş, iddiaçının atası həmin pulu qəbul etdiyini bildirmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Oğuz Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 101/2-5867/24 nömrəli məktubu əsasında İddiaçı müraciəti əsasında araşdırma aparılmış, izahatlar alınmışdır. Tərəflər qeyd edilən araşdırma zamanı verdikləri izahatlar məhkəmə iclasında verilmiş izahatlara uyğun olmuş, iddiaçı mağazanın içərisində qurulmuş mövcud satış şəraitinin cavabdeh 26000 manat müqabilində satacağı barədə razılaşdıqlarını, cavabdeh isə 26000 manat müqabilində mağazanın satılacağı ilə razılaşmamış, 20000 manat verəcəyini bildirmişdir. Oğuz Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli həmin material üzrə arayışında iddiaçının tələbinə əsasən Oğuz rayonu Qumlaq kəndində yerləşən mağazanın içərisində mövcud satış şəraitinin 26000 manat müqabilində cavabdehə satmaq barədə cavabdehlə razılaşdıqlarını, cavabdehin ona 8270 manat borcunun qaldığını bildirmişdir. Cavabdehin bildirdiyi fakt o olmuşdur ki, iddiaçının mağaza üçün 26000 manat təklif etməsini, lakin onun razılaşmadığını, yalnız 20000 manat verə biləcəyini bildirmiş, hazırkı vaxta kimi iddiaçıya 21170 manat pul ödədiyini bildirmişdir. Oğuz Rayon Polis Şöbəsi iddiaçıya qeyd edilən məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məsləhət bilmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə əvvəllər aparılmış telefon danışıqlarına dair səs yazısı dinlənilmiş, tərəflər qeyd edilən Oğuz rayonu Qumlaq kəndində yerləşən mağazanın mövcud satış şəraitinin satılması ilə bağlı razılaşmanın mahiyyəti və məbləği barədə mübahisə etdiklərini, iddiaçı tələbini qeyd edir, cavabdeh isə qeyd edilən məbləğə etiraz etməsi və borcunun olmamasını bildirir. Məhkəməyə təqdim edilən haqq-hesabın qeydiyyatı kitablarından edilən çıxarışlarda müxtəlif rəngli qələmlərlə yazılmış rəqəmlərdə müvafiq tarixlərdə mağazaya daxil olan və xərclənən vəsaitlərlə bağlı qeydlər aparıldığı, lakin həmin vəsaitin kim tərəfindən götürüldüyü, hansı məqsədlə verildiyi, kimə ödənildiyi, kimin borclu olması müəyyən edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı;………..6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəməyə təqdim edilmiş iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı Oğuz rayonu Qumlaq kəndində mağaza binasını müvafiq istifadəsi üçün icarəyə götürmüş, tərəflər arasında əvvəllər yaxın münasibətlər olduğundan cavabdehə təklif olunmuş ki, həmin mağazada satıcı işləsin, cavabdeh iddiaçının bu təklifini qəbul etmiş və həmin mağazada satıcı işləməyə başlamışdır. Tərəflərin mübahisəsiz bildirdiyinə görə, qeyd edilən mağaza ekspeditor şirkətlər tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilir, mallar satıldıqdan sonra həmin malların dəyəri qeyd edilən ekspeditor şirkətlərə ödənilir və qeyd edilən malların satışı zamanı üzərinə qoyulan artıq məbləğ mağazanın gəliri hesab edilir. Məhkəmə qeyd edir ki, əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilər və alqı-satqı predmeti ola bilər. MM-in: Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Maddə 652. Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir. Maddə 653. Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad əşya göndərməyə borcludur. İşin faktiki hallarına görə bir müddət sonra iddiaçı cavabdehə təklif etmiş ki, müəyyən pul müqabilində (26000 manat) mağazanın tam olaraq idarəçiliyini cavabdehə versin, cavabdehin izahatlarında isə qeyd edilən məbəğlə razılaşmadığı bildirilmiş, yalnız 20000 manat verə biləcəyini, hətta cavabdehin atasının adına kredit götürərək mağazaya sərf etdiyi 15000 manat iddiaçı tərəfindən ona verilərsə, mağazanı ona təqdim etməyi təklif etmişdir. Tərəflərin polis orqanlarında və öz aralarında aparılmış telefon danışıqlarında qeyd edilən məbləğin məhz iddiaçının tələb etdiyi 26000 manat olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə müəyyən edir ki, cavabdeh əvvəl qeyd edilən mağazada satıcı işləsə də, sonradan həmin mağazanın təmir və yenidən qurulmasında maliyyə dəstəyi verməklə, bir növ iddiaçı şərikli fəaliyyət göstərmə, yəni gələn gəliri bölüşdürmə ilə bağlı ilkin fəaliyyət olmuşdur. Sonradan ilkin olaraq iddiaçı, sonra isə cavabdeh müəyyən pul müqabilində mağazanın içərisində olan qurulmuş şəraitin idarəçiliyinin bir-birinə müvafiq məbləğ müqabilində ötürülməsi ilə bağlı bir-birinə qarşılıqlı təkliflər edilmişdir. Məhkəmə tərəfindən tərəflər arasında qeyd edilən mağazanın idarəçiliyinin cavabdehə ötürülməsi müqabilində cavabdehin 26000 manat ödəyəcəyi öhdəliyi üzərinə götürməsi ilə bağlı yazılı və ya şifahi razılaşmanın olduğu müəyyən edilməmişdir. Düzdür iddiaçının etirafına görə cavabdeh tərəfindən ona ümumilikdə 18 430 manat pul ödənilmiş, cavabdeh tərəf isə ümumilikdə 22180 manat ödədiyini bildirmişdir. İddiaçı bildirir ki, mağazanın sementin dəyəri olan 500 manatı və sobanın dəyəri olan 200 manatı ödədiyini bildirmiş, bununla bağlı hər hansı bir qəbz və ya ödəniş sənədi təqdim etməmiş, həmin ödənişin hansı dövrə aid oluğu ilə bağlı iddiaçının hər hansı arqumenti olmamışdır. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya iki dəfəyə ödənilən 4000 manatın, 2000 manat hissəsini iddiaçı etiraf etsə də, digər 2000 manat hissəsini qəbul etməmişdir. Cavabdeh qeyd edilən məbləği yanacaqdoldurma stansiyasının yanında iddiaçının anasının telefon zəngi əsasında Baba adlı şəxs vasitəsilə iddiaçının atasına göndərdiyini və sonradan həmin məbləğin iddiaçıya çatdırıldığını öyrənmiş, digər 2000 manatı isə iddiaçının bank kartına ödədiyini bildirmişdir. Bununla bağlı iddiaçı konkret sübut və arqument irəli sürə bilməmiş, məhkəmənin bank kartından çıxarışın təqdim etməsi ilə bağlı iddiaçı tərəfə təklifi barədə iddiaçı tərəf hər hansı bir sübut təqdim etməmiş, məhkəmə cavabdehin irəli sürdüyü arqumenti daha inandırıcı qəbul etmişdir. Bundan əlavə cavabdeh tərəfindən 1750 manat məbləğin iddiaçı avtomobil alan vaxtı onun bank kartına ödədiyini bildirmiş, cavabdeh həmin məbləğin ödənildiyini bildirsə də, qeyd edilən razılaşmadan əvvəl olduğunu bildirmiş, lakin məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bununla bağlı hər hansı bir sübutu, bank kartından çıxarışları iddiaçı təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mağazaya daxil olan və xaric olan məbləğlərlə bağlı qeydiyyat kitablarından çıxarışlarda konkret kim tərəfindən hansı məqsəd üçün pul və ya mal verməsi, həmçinin malın daxil olmasını və borcun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. MM-in: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (…………) 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Məhkəmə işin faktiki hallarının araşdırılması və həmin münasibətlərə tətbiq edilən normaların tələbləri baxımından belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının müvafiq məbləğ müqabilində Oğuz rayonu Qumlaq kəndində yerləşən mağazanın idarəçiliyinin cavabdehə satılması ilə bağlı razılaşmanın mövcudluğu istisna edilmir, lakin iddiaçı tərəfindən məhz 26000 manat müqabilində qeyd edilən hüququn cavabdehə satılması faktı sübuta yetirilmir. Belə ki, cavabdehin məhkəmə iclaslarından əvvəl polis orqanlarında və tərəflər arasında aparılmış telefon danışıqlarında 26000 manata deyil, 20000 manata razılaşmalarını bildirməsi, hətta 15000 manat götürdüyü kredit məbləğini iddiaçı ödəməsi müqabilində həmin mağazanı iddiaçıya təqdim etməyi bildirməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehin qeyd edilən mağaza üçün iddiaçı ilə 20000 manata razılaşdıqları təqdirdə, hansı səbəbdən 22180 manat ödəməsi ilə bağlı iddiaçının vəkilinin arqumenti əsaslı deyildir. Belə ki, tərəflər arasında hazırkı razılaşmanın mühüm şərti olan qiymətin 26000 manat olması cavabdehin öz dediyi məbləğdən artıq məbləğ ödəməsi faktına əsaslanmaqla təsdiq edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, müəyyən dövriyyədə fəaliyyət göstərən mağaza işlətmişlər, son zamanlar bir növ şərikli gəlir əldə etmişlər. Belə vəziyyətlərdə tərəflər arasında ödənişlərin nağd formada və heç bir rəsmi sənəd, qəbz və ya müqavilə olmadan aparılması nəticəsində artıq ödənişin olması mümkündür. İddiaçı tərəfin hər hansı bir birbaşa və ya yanakı sübutla əsaslandırılma olmadan tərəflərin razılaşdıqları müqavilə qiymətinin məhz 26000 manat olmasını təsdiq etmək mümkün deyildir. Belə vəziyyətdə cavabdehin ən azı bu faktı etiraf etmə faktı məhkəmə iclaslarından əvvəlki rəsmi izahat və danışıqlarda müəyyən edilsəydi mümkün ola bilərdi. Belə vəziyyətdə qarşı tərəfin üzərinə pul öhdəliyinin qoyulması qanunsuz və ədalətsiz olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün məbləğ iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170İddiaçı Cavabdeh qarşı “cavabdehdən 8270 manat əsas borc, 107 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat olmaqla cəmi 8677 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar