Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-36/2024 06.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə ödənilməli olan icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi borc 1832,40 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi borc 7315,30 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-012” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1000 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətinə bağlanır. İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-013” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1300 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətinə bağlanır. 9.3-cü bəndinə əsasən hər iki tərəf digər tərəfi 1 ay əvvəldən xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. İcarəçi bu müqavilə və ya qanunvericiliyin tələblərini pozarsa, icarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 28 iyun 2019-cu il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən xx.xx.2021-ci il tarixdə icarə haqqı vaxtında ödənilmədiyi üçün xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02-07/366/1 nömrəli və 02-07/366 nömrəli maliyyə arayışlarından göründüyü kimi Cavabdeh ayrı-ayrılıqda müxtəlif tarixlərdə 11300 manat və 28000 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən hər iki müqavilə üzrə təqdim edilmiş ödəniş qəbzləri ilə maliyyə arayışlarında olan ödənişləri təsdiq olunur və əksinə cavabdeh tərəfindən ödəniş qəbzləri təqdim edilməyən ödənişlər maliyyə arayışında əksini tapmışdır. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək hər iki müqavilə üzrə icarə haqqını tam ödəməmiş və nəticədə 01 may 2018-ci il tarixli, 14 nömrəli nömrəli icarə müqaviləsi üzrə 1800 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 7044,09 manat ödənilməmiş əsas borcu qalmış və onlara müvafiq qaydada cərimə hesablanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, icarəçi müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: 13 iyul 2023-cü il tarixli, 02-07/366/1 nömrəli maliyyə arayışından görünür ki, 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi borc 1832,40 manat məbləğindədir; -13 iyul 2023-cü il tarixli, 02- 07/366 nömrəli maliyyə arayışından görünür ki, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi borc 7315,30 manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı MMC-nin iddiası ilə razılaşmır. Həmin iddianı qəbul etmir və bununla bağlı kifayət qədər sübutları vardır. Buna görə də İddiaçı MMC-nin ona qarşı olan hazırki iddiasına sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz edir. O, bununla bağlı etiraz göndərmişdir və həmin etirazı ilə bağlı məhkəmə tərəfindən göndərilən məktubla tanış olmuşdur. Hesab etmişdir ki, iddiaçının ərizəsində göstərilənlər tamamilə yanlışdır. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən qeyri-yaşayış sahəsini ona icarəyə verilsə də, soradan dünyada baş vermiş pandemiya səbəbilə ölkədə bütün qeyri yaşayış sahələrinin fəaliyyəti dayandırılmışdır. Hətta avtovağzala aid qeyri yaşayış sahələrinə münasibətdə məhdudiyyət daha kəskin şəkildə tətbiq edilmişdir. Belə ki, pandemiya ilə bağlı qəbul edilmiş qərara əsasən ölkədə şəhərlərarası bütün marşrutların istifadəsi qadağan edilmişdir. Buna görə də nəinki avtovağzallarda yerləşən qeyri-yaşayış sahələri ümumiyyətlə qeyd edilən avtovağzalın özünün fəaliyyəti tam şəkildə dayandırılmışdır. Hətta uzun müddət sonra şəhərlərarası nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, avtovağzallarda yerləşən qeyri-yaşayış sahələrinin fəaliyyətinə daha uzun müddət icazə verilməmişdir. O və digər sahibkarların bununla bağlı icarə müqavilələri üzrə öhdəliklərinin tənzimlənməsi ilə bağlı dövlət tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Yəni digər sahibkarlar kimi o da pandemiya dövründə işləməyən obyekt üçün icarə müqaviləsindən azad olmuşdur. Buna görə də aralarında bağlanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə icarəyə verənin 28 iyun 2019-cu il tarixli 186 nömrəli əmri ilə xitam verilmiş, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə icarəyə verənin 10 oktyabr 2021-ci il tarixli 438 nömrəli əmri ilə xitam verilmişdir. Onu da qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi icarə müqavilələrinə xitam verilməsi barədə əmrlərə və bununla bağlı tərtib edilmiş aktlara diqqətlə nəzər yetirildikdə, müəyyən olunacaqdır ki, qeyd edilən əmrlərdə və aktlarda icarə müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Halbuki, həmin sənədlərdə göstərilməli olan əsas predmet icarə müqaviləsinə xitam verilməsinin əsasları idi. Bütün bunlardan müəyyən edilir ki, bununla bağlı aparılmış sənədləşdirmə işləri formal xarakter daşımışdır. Göründüyü kimi İddiaçı iddiası ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər natamamdır və həmin iddiaya tərəflərin, o cümlədən onun izahatı dinlənilməklə hüquqi qiymət verilməlidir. Bundan başqa İddiaçı hazırki tələbində aralarında bağlandığını iddia etdiyi digər 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsinə istinad edir. Halbuki məhkəmə tərəfindən araşdırılmaqla və sorğu verilməklə müəyyən edilə bilər ki, 01 dekabr 2021-ci tarixdə digər avtovağzallarda olduğu kimi Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində qeyri-yaşayı sahələri pandemiya ilə bağlı qapalı olmuş, yəni fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Belə olduğu halda bu sahədə təcrübəli sahibkar mənim işləməyən bir obyekt üçün icarə müqaviləsi bağlamağım da ağlabatan deyildir. Əsas olaraq məhkəmənin diqqətini iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş zəruri hesab edilən sənədlərə cəlb etmişdir. Diqqətlə nəzər yetirildikdə məhkəmə tərəfindən müəyyən olunacaqdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və zəruri hesab edilən sənədlərdə ona aid imzalar bir-birindən kifayət qədər fərqlənir. Ən əsası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsinə diqqət yetirildikdə, həmin müqavilədəki imzanın ona məxsus olmadığı açıq-aşkar müəyyən edilir. Həqiqətən də həmin imza ona məxsus deyildir. aoanun imzasının əvvəli və sonu həmin müqavilədə göstərilən şəkildə deyildir. Bir daha qeyd edir ki, həmin imzaların ona məxsus olmadığını, bütün imzaların bir-birindən fərqli olmasını, həmin imzaların başqa bir şəxs tərəfindən oxşadılmağa çalışılmaqla çəkildiyini demək üçün xüsusi bilik tələb edən ekspert olmağa ehtiyac yoxdur. Əlbəttə həmin imzanın ona məxsus olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspert tərəfindən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməlidir. Ümumiyyətlə etirazının əsaslı olduğuna dair kifayət qədər əsasları vardır. Lakin digər zəruri halları məhkəmə iclasında göstərəcəyəyini və verilən iddianı bir mənalı şəkildə qəbul etmədiyini bildirmişdir. Eyni zamanda onunla İddiaçı MMC arasında bağlanmış müqavilələr üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı MMC aramızda bağlanmış həmin müqavilələrin tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni onunla İddiaçı MMC arasında bağlanmış müqavilələrin müddətinin bitməsindən 3 ildən çox müddət ötmüşdür. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış 14 nömrəli və 15 nömrəli icarə müqavilələrə əsasən Bakı Beynəlxalq Avtovağzalının ərazisində yerləşən qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. İşlədiyi dövrdə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən müqavilənin ləğv edildiyi xx.xx.2019-cü il tarixinə olan ödənilməmiş borc 1800 manat, digər müqavilə üzrə xx.xx.2021-ci il tarixinə olan borc isə 7044,09 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində əlavə müqavilə bağlanmışdır. Cavabdeh tərəf həmin müqavilədə öz borcunu etiraf etmişdir. Mübahisəli qəbzlər qeyd edilən obyektə aid deyildir. Cavabdeh tərəflə yanacaq doldurma məntəqəsinin daxilində yerləşən digər bir obyektin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin qəbzlər yanacaq doldurma məntəqəsinin daxilində yerləşən obyektin icarə haqqı ödənişləridir. İddia müddətini ötürmədiklərini, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etdiklərini bildirmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə etiraz etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, həqiqətən xx.xx.2018-ci il tarixində 14 nömrəli və 15 nömrəli müqavilələr üzrə qeyri-yaşayış sahəsi icarəyə götürmüşdür. İşlədiyi dövrdə borcunu tam ödəmişdir. Belə ki, hər ayın sonunda borc ödənilmədiyinə görə sayğacdan işığı söndürürdülər və işıq olmadığına görə işləmək mümkün olmurdu. Bu baxımdan da o, borcunu vaxtında tam şəkildə ödəmişdir. Yalnız pandemiya dövründə işləməmişdir. xx.xx.2021-ci il tarixində bağlanmış müqavilədəki imza ona məxsus deyil. Heç bir borcu etiraf etməmişdir. İddianı qəbul etmir. Onun iddiaçı tərəfə borcu yoxdur. O, bir dəfə iddiaçı tərəfindən Bakı Beynəlxalq Avtovağzalına dəvət olunmuşdur. Onlar onun borcunun olduğunu bildirmişlər. O, qəbzləri onlara təqdim etdikdə isə borcunun olmadığını bildirmişlər. Ancaq sonradan yenə də onun işıq borcunun olduğunu bildirmişlər. Qəbzlərin bir qisminin onda olduğunu və məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Onlar “Azərtürk Otomativ” olaraq qeyd edilən obyektdə fəaliyyət göstərmişdir. Sonradan müəssisənin adı dəyişərək Xan Sarayı MMC olmuşdur. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı sonuncu dəfə müqaviləni “İST” şirkəti ilə bağlamışlar. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqavilələri, Subicarə müqaviləsi, Obyektin əməliyyat tarixçələri, Maliyyə arayışları, Aktlar (müqavilələrin bağlanması və xitamı) və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2). İlk öncə məhkəmə tərəflər arasında bağlanmış icarə müqavilələrinin qanuniliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında onların iradə ifadələrinə uyğun müqavilələr bağlanmış, həqiqi hüquqi nətcələr yaratmış və etibarsız olmamaışdır Məhkəmə 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə tələb olunan 1800 manat əsas və 32,40 manat cərimə borcuna münasibətdə hesab edir ki, iddia müddəti ötürüldüyündən tələb bu hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-012” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 28 iyun 2019-cu il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş 1800 manat əsas borcu və 32,40 manat cərimə borcu qalmışdır. Cavabdeh qiymət verilən müqabilə üzrə iddiaçıya borcunun olmadığını iddia etsə də xx.xx.2018-ci il tarixdən müqaviəyə xitam verildiyi 28 iyun 2019-cu il tarixədək təqdim etdiyi ödəniş qəbzləri və iddiaçı tərəfindən qəbul edilən ödənişlərlə müəyyən edilmişdir ki, cavabdehin 01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən də iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Buna baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilələrin müddətinin bitməsindən 3 ildən çox müddət ötmüş və iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı icarə müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, 14 nömrəli icarə müqaviləsi 01 may 2018-ci il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixli sazişlə müqaviləyə xitam verilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icarə obyektinin əməliyyat tarixçəsindən müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə xitam verildikdən tarixdən sonra da davamlı olaraq iddiaçıya ödəniş etmiş və Y012 nömrəli obyekt üçün sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində olmuşdur. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə xitam verildiyi xx.xx.2019-cu il tarixdən deyil, sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi cavabdeh müqavilə xiytm verilməsindən sonra borcunu etiraf edən hərəkətlər edərək iddiaçıya pul ödəmişdir ki, həmin ödənişlər edildiyi tarixlərdə iddia müddətinin axımı kəsilmiş və bundan əvvəlki müddətin nəzərə alınmaması ilə bağlı qanunvericiliyin göstərişi mövcuddur. Bu baxımdan iddia müddətinin axımı sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdə başlamış və üç illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla da tələbin “01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 1832,40 manat əsas və cərimə borcunun tutulması” hissəsinə münasibətdə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də cərimələri əhatə edəcəyindən cərimə borcunun əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bundalardan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımının kəsilməsi və dayandırılmas ilə bağlı Mülki Məcəllənin 379 və 380-cı maddələrində göstərilmiş hallar da mövcud deyildir, iddiaçının mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ildir. Məhkəmə iddia tələbinin 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 7044,09 manat icarə borcu və ona hesablanmış 271,21 cərimə borcuna münasibətdə hesab edir ki, iddiaçı tərəfindən tələbin bu hissəsinə yönəlik iddia müddəti ötürülməmişdir Belə ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı adı göstərilən icarə müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, 15 nömrəli icarə müqaviləsi 01 may 2018-ci il tarixdə bağlanmış və xx.xx.2021-ci il tarixli sazişlə müqaviləyə xitam verilmişdir. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hesablandıqda xx.xx.2024-cü il tarixdə 3 illik iddia müddəti bitəcəkdir. Göründüyü kimi 01 may 2018-ci il tarixli, 15 nömrəli müqavilə üzrə yaranan tələbə münasibətdə iddia müddəti bitməmişdir və ”7044,09 manat əsas borcun tutulması” hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən, sahəsi 136 m2 ölçüsündə olan “Y-013” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən xx.xx.2021-ci il tarixdə icarə haqqı vaxtında ödənilmədiyi üçün xitam verilmişdir. Cavabdeh müqavilə üzrə ödənişlərini lazmınca ödəmədiyindən ödənilməmiş 7044,09 manat əsas borcu qalmışdır ki, bu hal da Y013 nömrəli obyektin əməliyyat tarixçəsi və cavabdehin təqdim etdiyi ödəniş qəbzləri ilə təsdiq edilir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində göstərilmiş ödənişlər iddiaçı tərəfindən qəbul edilən ödənişləri inkar etmir və əksinə iddiaçı tərəfindən qəbul edilərək maliyyə arayışında göstərilən ödənişlərin bir neçəsinə cavabdeh tərəfindən ödəniş qəbzi təqdim edilməmişdir. Cavabdeh borcunun olmadığını iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddiasının əsasını və iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavadeh isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə baxışında cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri iddiaçının qəbul etdiyi məlumatları təkzib etmədiyindən həmin ödəniş qəbzlərini məhkəmə sübut qismində qəbul etmiş və qətnamənin əsaslandırması zamanı həmin qəbzlərə də eyni zamanda istinad etmişdir. Məhkəmə 271,21 manat cərimə borcuna münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, bununla da cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə cavabdehin yazılı müraciətlərində göstərdiyi hallara münasibət bildirilməsini zəruri hesab edir. Cavabdeh İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsində olan imzanın ona məxsus olmadığını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin müqavilədə olan imzanın onun və ya başqa şəxs tərəfindən icra edilməsi mübahisənin həllində əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı həmin müqaviləyə əsasən cavabdehdən borc tələb etmir. Müqavilənin mətnində cavabdeh tərəfindən 7044,09 manat borcun hissə-hissə ödənilməsi ilə bağlı müddəalar mövcuddur. Lakin təqdim edilmiş sübutlar borcu təsdiq etdiyindən 01 dekabr 2021-ci il tarixli, 426 nömrəli subicarə müqaviləsində olan imzanın cavabdehə məxsusluğu ilə bağlı araşdırma aparılmamış və məhkəmə həmin müqaviləni borcun etirafına dair sübut qismində qəbul etməmişdir. Belə ki, cavabdehin tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur və cavabdeh müxtəlif bəhanələrlə məhkəmə araşdırmasını uzatmaq məqsədi güdmüşdür. Cavabdeh ondan borc tələb edilən xx.xx.2018-ci il tarixli 14 və 15 nömrəli müqavilələrin onun tərəfindən imzalandığını etiraf etmişdir. Bundan başqa cavabdeh pandemiya əlaqədar işləyə bilmədiyini və ondan həmin dövrə münasibətdə icarə haqqının tələb edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi ona icarə borcu xx.xx.2020-cü il tarixdə 1300 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə qismən, yəni 866,67 manat məbləğində hesablanmışdır. Göründüyü kimi cavabdehin dəlilləri əsassızdır və ondan tələb edilən borc pandemiyanın qapanma dövrünü əhatə etmir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan cavabdehdən 7044,09 manat əsas borc və 50 manat cərimə məbləği tutulmalı, ddia qalan hissələrdə isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (9147,7) ödənilməli dövlət rüsumu 111,48 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 25,03 manatı iddiaçıdan, 86,45 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 11,48 manat dövlət rüsumu ödənildiyindən ödənilməli 25,03 manat rüsumdan 11,48 manat çıxıldıqda qalan 13,55 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 86,45 manat dövlət büdcəsinə və iddiaçıdan 13,55 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 13,55 manat dövlət rüsumu çıxılmaqla 86,45 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 13,55 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 86,45 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 100 manat dövlət rüsumu bütöv şəkildə cavabdeh olan əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021ci il tarixə 7044,09 manat icarə haqqı borcu və ona hesablanmış 50 manat cərimə borcu, 86,45 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-36/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-36/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver