Məhkəmə qərarları › İş №2-2(117)-404/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-404/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-404/2025 03.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı MMC-nin cavabdeh “X1 CO” W.L.L-ə qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “X1 CO” W.L.L-ə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/GFGaBa/2019 nömrəli müqavilə üzrə ümumilikdə 104.292 ABŞ dolları pul vəsaiti və ödənilmiş 468 manat məbləğində dövlət rüsumunun cavabdeh “X1 CO” W.L.L-dən birdəfəlik qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində qeyd edilib ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı hazırkı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş digər sənədlər kağız daşıyıcıda təqdim edildiyindən iddiaçıya qaytarılmaldıır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh “X1 CO” W.L.L-ə qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********94 nömrəli qəbzlə Asan ödəniş portalı vasitəsi ilə ödənilmiş 468 manat dövlət rüsumu İddiaçı MMC -yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar