Məhkəmə qərarları › İş №2-2(117)-41/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-41/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-41/2024 31.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdеhlər Cavabdeh1 və Cavabdeh 2-dən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 035R********** nömrəli krеdit razılaşması üzrə 16626.12 manat krеdit bоrcu, 2756.11 manat faiz bоrcu və 1108.63 manat cərimə olmaqla, cəmi 20490.86 manat, cavabdеhlər Cavabdeh1, Cavabdeh 2-dən, Cavabdeh3 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 035A********** nömrəli krеdit müqaviləsi üzrə 3983.22 manat krеdit bоrcu, 48.35 manat faiz bоrcu və 0.86 manat cərimə olmaqla, 4032.43 manat məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 210 manatın, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 0.10 manatın tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 035L**********16 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla ******* manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında borcalan uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035S**********02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 035R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,7917 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 20000 manat məbləğində kredit verilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq fərdi mikro kredit məqsədilə 6000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında borcalan xx.xx.2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035G**********01 nömrəli və 035G**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi və kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqavilələri üzrə ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Kredit müqaviləsi, Zaminlik müqavilələri, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 035R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,7917 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 20000 manat məbləğində kredit verilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq fərdi mikro kredit məqsədilə 6000 manat məbləğində kredit verilmişdir. Borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, 035R********** nömrəli krеdit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16626.12 manat krеdit bоrcu, 2756.11 manat faiz bоrcu, xx.xx.2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsi üzrə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3983.22 manat krеdit bоrcu, 48.35 manat faiz bоrcu və 0.86 manat cərimə borcu tutularaq banka ödənilməlidir. Bundan başqa məhkəmə 035R********** nömrəli krеdit razılaşması üzrə 1108.63 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 035R********** nömrəli krеdit razılaşması üzrə 100 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (24523,29) ödənilməli dövlət rüsumu 163,57 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən ödənilməli cəmi 163,57 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı onun tərəfindən ödənilmiş 0,10 manat dövlət rüsumunu tələb etdiyindən ödəniləmli dövlət rüsumundan 0,10 manat rüsum çıxıldıqda qalan 163,47 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməli, 0,10 manat dövlət rüsumu isə iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 210 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh 2-dən müştərək qaydada 035R********** nömrəli krеdit razılaşması üzrə 16626.12 manat krеdit bоrcu, 2756.11 manat faiz bоrcu və 100 manat cərimə borcu, cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və Cavabdeh3 müştərək qaydada 035A********** nömrəli kredit müqaviləsi üzrə 3983.22 manat krеdit bоrcu, 48.35 manat faiz bоrcu və 0.86 manat cərimə borcu, 210 manat mediasiya xərci və 0,10 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 163,47 manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar