Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-420/2022 11.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və DƏDRX-ın 16 Saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,02 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli 26.05.2017-ci il tarixli, Cavabdeh4 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,0050 ha torpaq sahəsinə dair verilmiş **********13 reyestr nömrəli 04.07.2014-cü il tarixli çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0,10 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iş üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və DƏDRX-ın 16 Saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,02 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli 26.05.2017-ci il tarixli, Cavabdeh4 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,0050 ha torpaq sahəsinə dair verilmiş **********13 reyestr nömrəli 04.07.2014-cü il tarixli çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0,10 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə 25.10.2021-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsi hazırki işin ümumi məhkəməyə aid olmaması qənaətinə gələrək 28 fevral 2022-ci il tarixli 2(035)-163/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, DƏDRX-dən alınmış sənədlərə əsasən torpaq sahəsi hər üç cavabdehə sahibkarlıq məqsədi ilə verildiyindən mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1 və 44.2-ci maddələrinə istinad edərək sözügedən məhkəmə qərardadını qəbul etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Zərdab Rayon Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. İşin aidiyyəti üzrə göndərilməsi barədə Zərdab Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırki tələbə tərəflərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Əvvəla məhkəmə onu qeyd edir ki, hazırki iş üzrə Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaqla vergi orqanında qeydiyyata alınmamışdır. Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi isə inzibati orqan olmaqla mübahisə predmeti olan çıxarışlar onun xidməti fəaliyyətinin nəticəində verilmişdir. Bundan başqa digər cavabdehlər Cavabdeh2 və X2 isə fərdi sahibkar statusuna malik fiziki şəxslər olmasına baxmayaraq məhkəmə qeyd edir ki, mübahisənin kommersiya məhkəməsinə aid olması üçün tək subyekt tərkibi deyil, həmçinin mübahisə predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlı olmalıdır. Belə ki, hazırki işin aidiyyətinin kommersiya məhkəməsi olması üçün cavabdehlərlə iddiaçının aralarındakı mübahisə onların birgə sahibkarlıqla bağlı fəaliyyətlərindən irəli gəlməlidir. Lakin hazırki mübahisə tərəflərə ayrılmış torpaq sahələri ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. İddiaçının hazırkı tələblərlə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun hər hansı kommersiya fəaliyyətindən irəli gəlməyərək, qanunla ona verilmiş hüququların həyata keçirilməsi ilə əlaqədardır. Hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və X1 fərdi sahibkar olması işə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmasına dəlalət etmir və mübahisə ümumiyyətlə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, iddia tələbinin predmeti çıxarışların mübahisələndirilməsindən ibarət olduğundan və mübahisə predmeti olan çıxarışlar alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh fərdi sahibkar statusuna malik olsa da mübahisə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığından hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Sonda məhkəmə onu da qeyd edir ki, mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olsa belə, hazırki iş üzrə iddiaçı 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və DƏDRX-ın 16 Saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,02 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli 26.05.2017-ci il tarixli, Cavabdeh4 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,0050 ha torpaq sahəsinə dair verilmiş **********13 reyestr nömrəli 04.07.2014-cü il tarixli çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0,10 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-420/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-420/2022
11.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver