Məhkəmə qərarları › İş №2-2(117)-495/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-495/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-495/2025 21.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 18 913 manat əsas borc, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1 891,3 manat penya və 152,41 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 20 956,71 manat məbləğində borcun tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 324/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsədə, lakin indiyədək 18 913 manat borc qalığını ödəməmişdir. Ona görə də cavabdehdən 18 913 manat əsas borc, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1 891,3 manat penya və 152,41 manat ödənilmiş dövlət rüsumu, cəmi 20 956,71 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 430.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci, 35-ci və 149-cu maddələri göstərilmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(051)-39/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-181/2025 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(051)-39/2023 nömrəli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-495/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İİ. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə fiziki şəxs kimi müqavilə imzalamışlar. Malların təhvilinə dair akt da imzalanmışdır. Mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Əvvəl ümumi məhkəməyə müraciət edərkən cavabdehin VÖEN-i olduğunu bilmirdilər. Sonradan onlara məlum oldu ki, cavabdehin əvvəllər VÖEN-i olmuş sonradan dayandırmışdır. Şəki Apelyasiya Məhkəməsinin qərarından sonra iş baxılmaq üçün bu məhkəməyə göndərilmişdir. Məsələ ilə bağlı Abşeron İcra Probasiya şöbəsində inzibati protokol da tərtib edilərək cavabdeh cərimə edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəf onunla fiziki şəxs olaraq müqavilə bağladığını qeyd edir, həmin müqavilənin məhkəməyə təqdim edilməsini xahiş etdi. O bildirdi ki, Anar adlı şəxs onun adından mal alıb. Möhür və asan imzası onda qalıb. 2021-ci ildə Abşeron rayon X5 bağlı müraciət etmişdir. Nizami rayon Prokurorluğunda hal-hazırda onunla bağlı iş açılıb, araşdırılır. İddiaçı şirkətlə müqavilə bağlamış, lakin heç bir mal təhvil almamışdır. Anar onun kimi digər şəxsləri də aldatmışdır. Malların qəbuluna dair sənədi o imzalamamışdır. İş Mingəçevir şəhər Məhkəməsində olarkən ekspertiza təyin edilmişdir. Həmin ekspertizanın nəticəsi ilə razı deyil. Yenidən ekspertiza təyin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda tikinti ilə məşğul olduğunu, müqaviləni işləmək üçün bağladığını, lakin mal almadığını, malı Anarın götürdüyünü bildirdi. Bundan başqa müqavilədəki imzanın onun imzasına oxşadığını, lakin onun imzası olmadığını bildirdi.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

16. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 324/21 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. 1.3-cü bəndinə əsasən, alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. 2.2-ci bəndinə əsasən, mallar satıcı tərəfindən alıcıya və ya alıcının nümayəndələrinə təhvil verilir. 3.2-ci bəndinə əsasən, alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. 8.1-ci bəndinə əsasən, müqavilə 5 (beş) il müddətinə bağlanılır. Müqavilə müddətinin başa çatmasına ən az 1 ay qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə, eyni şərtlərlə uzadılmış hesab edilir.

17. İşdə olan İddiaçı (şirkətin direktoru X3 şəxsində) və Cavabdeh arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli Öhdəliklərin qarşılıqlı tanınması aktı ilə Cavabdeh İddiaçınə olan borcunun bu aktın imzalanması tarixinə 18913 manat olduğu müəyyən edilmişdir. Həmin akt İddiaçı nümayəndəsinin imzası, möhürü və Cavabdeh imzası ilə təsdiqlənmişdir.

18. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh həmin tarixə kimi 51251.21 manat məbləğində məhsul verildiyi, onun 32338.21 manat məbləğində ödəniş etdiyi, qalıq borcunun 18913 manat təşkil etdiyi qeyd edilmişdir.

19. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 27 fevral 2023-cü il tarixli 4/187 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktında “Alıcı” bölməsində “Jycифoв Eлман Əлиаббас AZE № ******** ***-***-**-**” yazıları və “İmza (möhür)” qrafasındakı imza; 324/21 nömrəli 18 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsində “Jycифoв Eлман Jасамал р. Мəтбуат 37.37. ***-***-**-** AZE № ******** Jycифoв Eлман Əлиаббас” yazıları və “İmza:” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

Vİ. Məhkəmənin mövqeyi:

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

23. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 324/21 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından ibarətdir.

24. İşin mübahisələndirilən hallarına isə cavabdeh tərəfindən 10 noyabr 2021-ci il tarixli Öhdəliklərin qarşılıqlı tanınması aktının imzalanıb-imzalanmaması və malların cavabdeh tərəfindən təhvil alınıb-alınmaması halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

25. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında alqı-satqı müqaviləsini bağladığını, lakin borcun qəbul edilməsi ilə bağlı aktın onun tərəfindən imzalanmadığını və heç bir mal təhvil almadığını, malı başqa şəxsin təhvil aldığını bildirmişdir.

26. Məhkəmə, öhdəliklərin qarşılıqlı tanınması aktının cavabdeh tərəfindən imzalanmasına münasibətdə qeyd edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 27 fevral 2023-cü il tarixli 4/187 nömrəli ekspert rəyi ilə həmin aktda “Alıcı” bölməsindəki imza və yazıların cavabdeh tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilən hala qiymət verərkən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyini əsas götürmüşdür.

27. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdeh tərəf iddia tələbini qəbul etmədiyini bildirmiş, lakin iddia tələbini və iddiaçı tərəfindən təqdim edilən sübutları təkzib edən və əksini təsdiqləyən hər hansısa sübut təqdim etməmişdir.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

29. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

30. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

31. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

32. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə etiraz edərək qəbul etməsə də, dediklərini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

33. Məhkəmə iddia tələbinin “1 891,3 manat penya borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəməyi öz üzərinə götürmüşdür.

34. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...

35. Məhkəmə hesab edir ki, 945.65 manat məbləğində (əsas borcun 5%-i həcmində) penyanın tutulması daha ədalətli, ağlabatan və qanunidir.

36. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 18913 manat məbləğində borc, 945.65 manat məbləğində penya tutularaq iddiaçı olan İddiaçınə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

37. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152.41 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 144.42 manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 7.99 manat hissəsi iddiaçıya aid edilməlidir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2023-cü il tarixli 4/187 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 127 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Vİİİ Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18913 manat məbləğində borc, 945.65 manat məbləğində penya və 144.42 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 127 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X1, kodu: 210005, vöen: **********, müxbir hesab: AZ41NABZ********************, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar