Məhkəmə qərarları › İş №2-2(117)-548/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-548/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-548/2024 11.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi" üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul tələbi" ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və Cavabdeh 11235.40 manat pulun və ödənilmiş 127.74 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli 2(025)-550/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh 11235.40 manat pulun və ödənilmiş 127.74 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh məhkəmənin müvafiq qətnaməsi ilə razılaşmayaraq, işlə bağlı Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1151/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsin müvafiq qərardadından kassasiya şikayəti vermiş və həmin kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verilməsi üçün müddətin bərpası ilə bağlı yenidən Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-556/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də iş Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və 2-2(117)-548/2024 nömrəsi ilə qeydiyyata alınaraq icraata götürülmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ şəhəri, M.P. Vaqif küçəsi, ev 32-də yaşayan Cavabdeh onunla qonşuluqda yaşadığından tanımış və həmin şəxs 2017-ci ilin oktyabr ayında təxminən 3 ay olardı ki, işlətmədiyi bağlı qalmış “Ulduz” marketi şərikli işlətməyi ona təklif etmişdir. O da işə başlamamışdan əvvəl 10.000 manatdan yuxarı malı olan mağazadakı yararsız saxlanılma müddəti ötmüş mallar götürülüb çıxıldıqdan sonra ümümi yerdə qalan malları hesablamış və 5.214 manat 80 qəpik məbləğində olmuş, xx.xx.2017-ci il tarixində mal alınmasına görə 5.000 manat və əlavə olaraq xx.xx.2017-ci il tarixində 5.000 USD (8.485 manat) pul vermişdir. Ümimilikdə, xx.xx.2017-ci il tarixində mağazada olan malın pulu və mal alınmasına görə verilən pul 18.714 manat 80 qəpik təşkil etmişdir. xx.xx.2017-ci ildən 2018-ci ilin iyul ayına kimi “Ulduz” marketi aralarında olan razılaşmaya uyğun Cavabdeh ilə şərikli işlətmiş və mağaza gəlirlə işləmiş, həmçinin həmin şəxs ümumi məbləğdən ödənişlər də etməklə xx.xx.2018-ci il tarixdə ona veriləcək qalıq borc 14.675 manat 40 qəpik təşkil etmişdir. xx.xx.2018-ci il tarixindən aralarında olan razılaşmaya görə mağazanı özü işlətməli və hər ay icarə haqqı ilə birlikdə ümumi borcdan ödənişlər etməli idi. Cavabdeh xx.xx.2019-cu il tarixinədək 866 manat 50 qəpik ödəniş etmiş və ümumi borcu 13.808 manat 90 qəpik olmuşdur. xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək mağaza fəaliyyətini dayandırdığı günə kimi tanış kafeyə verdiyi nisyə 908 manat pulu da həmin borcdan çıxmış və borcu 12.900 manat 90 qəpik olmuşdur. Mağazada olan malları isə (1214 manat 50 qəpik dəyərində olan spirtli işkilər qaytarmaqla və ümumi borcdan çıxılmaqla) həmin şəxs yaxınlıqda olan mağazaya köçürmüş və orada olan mallara görə olan 11.686 manat 40 qəpik borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Onun bu sözünə inanmış və razılaşmışlar. Sonuncu ödənişlər isə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixindək olan borcundan cəmi (43.40+407.60) 451 manat pul qaytarmış və hal-hazıradək 11.235 manat 40 qəpik borcu qalmışdır. Bütün bu alış-verişlər, ödəməli olduğu borcu öz xətti ilə ilə yazılmış dəftərdə də öz əksini tapır. Dəfələrlə borcunu qaytarmasını təkidlə nəzərinə çatdırmağına baxmayaraq, müxtəlif bahanələrlə “kimdənsə alıb verəcəyini, bankdan kredit götürəcəyini və s.” deməsinə baxmayaraq hal-hazıradək pul borcunu qaytarmamışdır. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid edirdi. Artıq məlum oldu ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. İddiaçı da məcbur olaraq şikayət ərizəsi ilə prokurorluğa müraciət edərək Cavabdeh etdiyi hərəkətlər barədə məlumat vermişdir. Şikayəti aidiyyatı üzrə göndərilmiş və Qəbələ RPŞ-si araşdırma aparıldıqdan sonra müvafiq şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirdilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, işdə olan İddiaçı şikayəti əsasında Cavabdeh barəsində Qəbələ rayon Polis Şöbəsində aparılmış araşdırma nəticələrinə dair sənədlərdən görünür ki, İddiaçı məxsus olan “Bərəkət” marketin 2017-ci ildə bağladığını, dükanın bağlı qalmasından 3 ay müddət keçmiş Cavabdeh İddiaçı bağlı qalan dükanı yenidən işlək vəziyyətə gətirərək şərikli işlətməkləri ilə bağlı təklif verdiyini, bu təklifdən sonra onlar şərikli pul qoyaraq dükanı yenidən işlək vəziyyətə gətirdiklərini, 1 ilə yaxın müddətdə dükanın şərikli işlədildiyini, bundan sonra onlar razılaşmasına əsasən İddiaçı dükanı Cavabdeh icarəyə verdiyini və aylıq 400 manat məbləğində ona kirayə haqqı verdiyini və bu kirə haqqından əlavə olaraq satılan malların aylıq pulundan İddiaçı şərikli olduqları zaman verilən pulun əvəzində aylıq pay qaytardıqlarını bildirmişlər. 2020-ci ildə dükan bağlandığı üçün mallar satılmamış və buna görə də şərikli olunduğu zaman qoyulan puldan Cavabdeh İddiaçı 11235 manat 40 qəpik borcu qaldığını İddiaçı izahatına əlavə etmişdir. Aparıİmış araşdırmanın nəticəsində İddiaçı müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olması məlum olmuşdur. Müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi barədə İddiaçı rəsmi cavab məktubu göndərilmişdir. Cavabdeh Qəbələ RPŞ-də verdiyi izahatında qeyd edilir ki, iddiaçı ilə “Ulduz” marketi 2017-ci ildən işlətmiş, həmin müddətdə İddiaçı öz restoranına ərzaq və içki almış, lakin həmin malların dəyərini verməmiş, 1 ay yarım müddətdə 6200 manat dəyərində mal aparmış və həmin puldan hər hansı bir ödəniş etməmişdir. Sonradan 3 gün ərzində ona qeyd edilən marketi boşaltmağı bildirmiş, vaxtı keçmiş mallar yararsız olduğundan atmış, qalanını isə həyətinə boşaltmışdır. Qeyd edilən marketi işlətdiyi dövrdə iddiaçıya 400 manat icarə haqqı ödəmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehə etibar edərək pul vermişdir, cavabdehin borcunun olması borcların qeyd olunduğu dəftərdə yazılmışdır, cavabdeh onu inandırmaq üçün həmin dəftərə qanlı barmaq izlərini basmışdır, iş Qəbələ Rayon Məhkəməsində olarakən cavabdeh borcunun olmasını etiraf etmişdir, lakin sonradan borcunun olmadığını bildirmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda iş materialları kimi maddi sübut qismində məhkəməyə təqdim olunmuş bir ədəd dəftərdən də göründüyü kimi həmin dəftərdə borclar qeyd olunmuş və iki ədəd rəngli barmaq izi basılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə aktları, tərəflərin izahatları, borcların qeyd olunduğu dəftər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul nməbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəflər arasında yaranmış mübahisəyə hüquqi qiymət verərək müəyyən edir ki, tərəflər arasında şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərin yaranması konkret sübutlar təqdim edilmədiyindən sübuta yetirilmir. Lakin, iddiaçı tərəfindən ona məxsus olan “Ulduz” marketin tərəflərin hər ikisinin vəsaiti hesabına birgə işlədilməsi, sonradan isə cavabdeh tərəfindən aylıq kirayə əsasında mağazanın işlədilməsi, mağazada əvvəldən qalan ərzaq məhsullarının da dəyərinin cavabdeh tərəfindən ödəniləcəyini razılaşmış, eyni zamanda əlavə olaraq iddiaçı tərəfindən cavabdehə borc olaraq 5000 manat və 5000 ABŞ dolları məbləğində borcun verildiyi müəyyən edilmişdir. Tərəflərin tərtib etdikləri borc və ya nisyə dəftərləri məhkəməyə təqdim edilmiş, həmin dəftərlərdə iddiaçıya olan xx.xx.2020-ci il tarixə 11234,50 mant məbləğində olması qeyd edilmiş, iddiaçının bildirdiyinə görə həmin borc məbləğinin altında cavabdeh rəngli formada baş barmağını basmaqla iz qoymuşdur. Qeyd edilən halların araşdırılması məqsədi ilə cavabdeh dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də gəlməmiş, bu faktlara münasibətdə əks arqument irəli sürməmişdir.İddiaçı tərəfindən bildirilmişdir ki, həmin vərəqdə olan barmaq izləri cavabdehə məxsusdur və borcunu ödəyəcəyinə inandırmaq məqsədilə basılmışdır. Məhkəmə həmin dəftəri birbaşa sübut qismində qəbul etməsə də, qeyd olunmuş borcun məbləğlərinə görə hesab edir ki, dəftərin cavabdeh tərəfindən yazıldığı inandırıcıdır və əlavə sübut qismində qəbul edilə bilər. Bundan başqa məhkəməyə təqdim olunmuş iki ədəd xx.xx.2017 və xx.xx.2017-ci il tarixli X2 Rayon filialı tərəfindən verilmiş bank qəbzlərində də 2000 ABŞ dollarının və 3000 ABŞ dolları ilə bağlı valyuta mübadiləsi aparıldığı qeyd edilmişdir. Sənədlərdə tərəflərin imzası olmasa da məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən qeyd edilən hər bir arqument əsaslandırılır. Eyni zamanda iş materialları kimi təqdim edilmiş Qəbələ rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən alınmış izahatdan da görünür ki, tərəflər arasında yuxarıda qeyd edilən borc və kirayə ilə bağlı münasibətlərin mövcud olduğu müəyyən edilmişdir. Düzdür tərəflər arasında bağlanmış kirayə və digər müqavilələr məhkəməyə təqdim edilməsə də, aparılmış qeydiyyat dəftərlərindəki məlumatlara əsasən və həmin məlumatların iddiaçı tərəfindən əsaslandırılmaqla irəli sürdüyü arqumentlərlə müəyyən edilir ki, cavabdehin iddiaçıya ödənilməli 11235.40 manat borcu mövcuddur. Məhkəmə tərəflər arasında qeyd edilən mübahisə ilə bağlı təqdim edilən sübutların dolayı sübutlar olmasını bildirir. Lakin, buna münasibətdə cavabdehin bir dəfə də olsun məhkəmədə hər hansı bir səbəb göstərmədən iştirak etməməsini və irəli sürülən arqumentlərə hər hansı bir əks dəlil irəli sürməməsini nəzərə alıb iddianın əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən cavabdehə dəfələrlə müraciət olunsa da, o məhkəmə iclasında iştirak etməmiş, hər hansı bir etirazını məhkəməyə təqdim etməmiş və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, Cavabdeh 11235.40 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 127.74 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 127.74 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11235.40 manat məbləğində pul və 127.74 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar