Məhkəmə qərarları › İş №2-2(117)-551/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-551/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-551/2025 21.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 291.045,92 ABŞ dolları borcun və 784.84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh3 xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən illik 18 %-lə 60 ay müddətinə 636000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Nəticədə "xxxx" İKB ASC İsmayıllı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2013cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsi ilə Cavabdeh3, Ədalət Əsgərovdan, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli 5412-0-408-11 saylı kredit müqaviləsi üzrə 636000 ABŞ dolları əsas kredit borcu, 154897 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu cəmi 792897 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablamaqla alınaraq "xxxx" İKB ASC-yə ödənilməsi, "xxxx" İKB tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 150 manat məbləğin Cavabdeh3, Ədalət Əsgərovdan və Cavabdeh2 tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün aidiyyəti üzrə icra qurumuna göndərilmiş və xx.xx.2022-ci il tarixdə qətnamə qismən icra edilmişdir. Beləliklə xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək X1, Cavabdeh1 və Cavabdeh2 illik 5 %-lə hesablanmış 291045,92 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunmuşdur ki, xx.xx.2024cü il tarixdən 19 may 2025-ci il tarixədək 264 gün keçmiş və hər gün üçün əsas məbləğə görə 5 % olmaqla 27,67 ABŞ dolları borc hesablanmış, nəticədə əlavə olaraq (264 x 27,67= 7304,88) 7304,88 ABŞ dolları borc yaranmışdır. Sonda cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 298350,8 ABŞ dolları borcun və 911,84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

4. İş üzrə Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı olan iddia tələbi müqavilədən irəli gələn tələb olduğundan həmin iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. "xxxx" ASC onadn və digər cavabdehlərdən xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 298350,80 ABŞ dolları borcu tələb edir. "xxxx" ASC-nin iddia tələbindən də görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 12 ilə yaxın müddət keçibdir. Mülki iş üzrə iddia müddətinin keçməsi "xxxx" ASC-nin iddia tələbindən açıq aydın görsənir. "xxxx" ASC ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbini qanunla müəyyən edilmiş müddət ərzində irəli sürməyərək iddia müddətini keçirmişdir. Ona görə də "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və iş materiallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona Cavabdeh3 və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia müddəti keçmişdir. Ona görə də iddiaçı "xxxx" ASC-nin ona Cavabdeh3 və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair 2-2(117)-551/2025 saylı mülki iş üzrə iddia müddəti keçdiyindən həmin mülki işə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İş üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı olan iddia tələbi müqavilədən irəli gələn tələb olduğundan həmin iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. "xxxx" ASC ondan və digər cavabdehlərdən xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 298350,80 ABŞ dolları borcu tələb edir. "xxxx" ASC-nin iddia tələbindən də görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 12 ilə yaxın müddət keçibdir. Mülki iş üzrə iddia müddətinin keçməsi "xxxx" ASC-nin iddia tələbindən açıq aydın görsənir. "xxxx" ASC ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbini qanunla müəyyən edilmiş müddət ərzində irəli sürməyərək iddia müddətini keçirmişdir. Ona görə də "xxxx" ASC-nin ona və digər cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və iş materiallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona Cavabdeh1 və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia müddəti keçmişdir. Ona görə də məhkəmədən iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair 2-2(117)-551/2025 saylı mülki iş üzrə iddia müddəti keçdiyindən həmin mülki işə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini tam müdafiə edir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

9. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(037)-300/2013 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli 5412-0-408-11 saylı kredit müqaviləsi üzrə 636000 ABŞ dolları əsas kredit borcu, 154897 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu cəmi 792897 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablamaqla alınaraq "xxxx" İKB ASCyə ödənilməsi, "xxxx" İKB tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 150 manat məbləğin Cavabdeh3, Ədalət Əsgərovdan və Cavabdeh2 tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi... qət edilmişdir.

10. İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli 2(037)- 300/2013 nömrəli qətnamə əsasında verilən xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, qeyd olunan qətnamə icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir.

11. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixə banka illik 5 %-lə hesablanmış 291045,92 ABŞ dolları borcu vardır.

12. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə aralarında bağlana kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 403411,76 manat ödəniş edilmişdir.

13. İş materiallarında olan 937623 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

14. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-110 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, vəfat etmiş şəxs X3 qanun üzrə vərəsələri qismində Cavabdeh1 və X5 tanınmışdır.

V. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

Vl. Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin kreditor öhdəliyin pozulması nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində borcun yaranmasından irəli gəlir. Belə ki, cavabdehlərə iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 636000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlər öhdəliklərini vaxtında icra etməmiş və nəticədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli 5412-0-408-11 saylı kredit müqaviləsi üzrə 636000 ABŞ dolları əsas kredit borcu, 154897 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu cəmi 792897 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablamaqla alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən qeyd olunan qətnamə üzrə öhdəlik tam icra edilməmiş və nəticədə iddiaçı banka maddi ziyan dəymişdir. Nəticə etibarı ilə qeyd olunan halın baş verməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün 298350,8 ABŞ dolları borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

22. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2013-cü il qətnaməsi ilə işə mahiyyəti üzrə baxılmış və göründüyü kimi iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Hazırki tələbdə həmin müqavilədən irəli gələn faiz borcu tələbidir ki, həmin tələbə də iddia müddətini şamil etsək iddia müddəti ötürülməmiş olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materillarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 tərəfindən "xxxx" ASC-yə aralarında bağlanan kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 403411,76 manat ödəniş edilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə iddia müddətinin axımı kəsilmiş və yenidən 3 illik müddətin axımı başlamışdır. İddiaçı tərəfindən hazırki tələb üzrə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət olunduğunu nəzərə alsaq, 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

23. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 911,84 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİl. Nəticə:

24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün 298350,8 ABŞ dolları borc (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi ilə) və 911,84 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar