Məhkəmə qərarları › İş №2-2(117)-57/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-57/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-57/2025 14.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 9000 manat məbləğində xurma məhsulunun dəyəri olan pulun və iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin noyabr ayında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 xurma məhsulu satmış və cavabdehlər məhsulun dəyəri olan 12200 manat məbləğdən 3000 manatı beh kimi ödəyib qalan 9200 manat məbəği 15 gün müddətinə ödəyəcəklərinə söz vermişlər. Lakin cavabdehlər 200 manatı iki dəfəyə ödəsələr də qalan 9000 manat pulu bu vaxta kimi ödəməmişlər. Bu barədə Göyçay rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsi Göyçay rayon X3 Bölməsində araşdırılmış və cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 izahat verərək ona xurma məhsulunun alqı-satqısından 9000 manat pul borclu olduqlarını etiraf etmişlər. Göyçay rayon X3 Bölməsinin 24 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmağı izah edilmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh5 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Polis şöbəsində verdiyi izahata hər hansı əlavəsi yoxdur, bildirdiyi kimi Qarabaqqal kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Çayarxı kənd sakini X4, Cəyirli kənd sakinləri Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2021-ci ildə şərikli xurma alveri etmişlər. Aldıqları xurmaları Rusiya Federasiyasında Cavabdeh2 və o, satmalı, gəliri bölüşməli idilər. Lakin həmin vaxt COVİD-19 pandemiyası ilə bağlı karantin rejimi olduğundan RF-yə gedə bilməmişlər. Aldıqları malları Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə göndərmişlər. Malın Rusiyada satılmasını orada yaşayan Ağdaş rayonundan olan həmyerlilərə həvalə etmişlər. Həmin vaxt satdıqları xurmada ziyan etmişlər, təəssüf ki, ümumi ziyan 170.000 manat civarında idi. Bundan sonra mal aldıqları şəxslərin pulunun bir qisminin ödənilməsini öz aralarında bölüşdürmüşlər. Hər kəsin öz payına 27.500 manat civarında borc düşmüşüdür. Öz payına və kürəkəni X2 payına düşən borcu ödəmişdir. Belə ki, malın keçirilməsi üçün gömrük xərclərini, yeşik (tara) sexinə verilməli olan borcu tamamilə bağlamışdır. Eyni zamanda, Rəşad Rəsulovun da payına düşən borcu ödəmişdir. Bu minvalla onun və Rəşadın ümumi şəriklərlə ziyanlarına görə düşən borcu tamamilə ödəmişdir. Bütün borcu ödədikdən sonra Cavabdeh3 ona 10.000 manat, Cavabdeh1 da ona 10.000 manat borcu yaranmışdır. Belə ki, öz üzərinə düşən 27.500 manat ziyandan əlavə 20.000 manat artıq ödəmə etmişdir. Bu da Cavabdeh3 və Cavabdeh1 hər birinin payına düşən 10.000 manat pul borcundan yaranmışdır. İddiaçı tanıyır. İddiaçı də həmin vaxt xurma meyvəsi alınmışdı. İddiaçı həyətinə 2021-ci ildə Cavabdeh2la birlikdə getmiş, xurma meyvəsinə baxmış, lakin meyvəni bəyənməmişdir. Buna baxmayaraq, Xanlar başçılıq etməklə digər şəriklər ondan xəbərsiz şəkildə İddiaçı də məhsulunu götürüb yeşikləməklə ümumi malın içərisinə daxil etmişlər. Bu məsələdən yalnız sonradan, yəni mal satıldıqdan və ümumi ziyan müəyyən ediləndən sonra məlumatı olmuşdur. İddiaçı borca görə həyətinə də gəlmişdi. Ona bütün baş verənləri bildirərək izah etmişdir ki, üzərinə düşən borcunu ödəmişdir. Cavabdeh3 təhqiqat zamanı izahatında iddiaçıdan xurma meyvəsinin nisyə alındığını, ziyan etdiklərini, ümumi şəriklərlə birlikdə ziyanı hesablayıb kimə nə qədər ödəyəcəklərini dəqiqləşdirməyi dəfələrlə təklif etsə də, Cavabdeh2 Rusiyada olduğu üçün digər şəriklər də haqq-hesab etməmişlər. Nəticədə İddiaçı pulunu ödəmə öhdəliyinin konkret olaraq kimə düşməsi aralarında həll edilməmişdir. İddiaçı borclu olduqları puldan bir qismi ödənilmiş, 9.000 manat ümumi borcları qalmışdır. İddiaçı ondan pulunu bir neçə dəfə istəyəndə sonuncuya vəziyyəti izah etmişdir. İddiaçı ümumi şəriklərin hər birinin borcu vardır. Halbuki, həmin şöbəyə təqdim edilmiş yazılı izahatımdan da görünür ki, o və Cavabdeh3 tam fərqli məzmunlu izahatlar vermişlər. Təhqiqatçının qeyd edilən qərarda hansı səbəbdən onun izahatı ilə Cavabdeh3 izahatının eynilik təşkil etməsini göstərməsi anlaşılan deyil. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir.

4. Cavabdeh5 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, 2021-ci il tarixdə ona və digər cavabdehlərə xurma məhsulu satmışdır. Lakin o, 2021-ci il tarixdə iddiaçıdan xurma məhsulu almamışdır. 2021-ci il tarixdə o, Rusiya Federasiyasında olmuşdur. Elektron Kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi xarici pasportunun pdf formada surətindən göründüyü kimi 17 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 24 dekabr 2021-ci il tarixdə geri qayıtmışdır. 2020-ci il tarixdə o, iddiaçının həyətində olmuş, onun xurma məhsuluna baxmış, lakin almamışdır. O vaxtdan sonra o, iddiaçını görməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı iddiası həm əsassızdır, həm də iddia müddətini ötürmüşdür. Odur ki, İddiaçı iddia müddətini ötürdüyü üçün onun iddiasına iddia müddəti tətbiq edilsin və iddia əsassız olduğu üçün təmin edilməsin.

5. Cavabdeh4 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, 2021-ci ilin noyabr ayında ona və digər cavabdehlərə xurma məhsulu satmışdır. Cavadehlər birlikdə şərikli xurma məhsulunu iddiaçıdan alıb satmışlar. Qeyd edir ki, iddiaçının iddia ərizəsində yazdıqları yalandır. Belə ki, Cavabdeh5 Elektron Kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi xarici pasportunun pdf formada surətindən göründüyü kimi o, 17 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 24 dekabr 2021-ci il tarixdə geri qayıtmışdır. Əgər Cavabdeh5 2021-ci ilin noyabr ayında Rusiyada olubsa 2021-ci ilin noyabr ayında o necə onunla şərikli mal ala bilər ? Buradan iddianın əsassız olması tam sübut olunur. 2021-ci il tarixdə o, iddiaçıdan xurma məhsulu almamışdır. Düzdür 2020-ci il tarixdə o, iddiaçının həyətində olmuş, onun xurma məhsuluna baxmış, lakin almamışdır. O vaxtdan sonra o, iddiaçını görməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı iddiası həm əsassızdır, həmdə iddia müddətini ötürmüşdür. Odur ki, İddiaçı iddia müddətini ötürdüyü üçün onun iddiasına iddia müddəti tətbiq edilsin və iddia əsassız olduğu üçün təmin edilməsin.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, meyvə alveri ilə məşğuldur. Satmaq üçün yerli və xarici bazarlara meyvə göndərir. Cavabdehlərlə də münasibəti bu səbəbdən yaranıb. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 2020-ci ilin noyabt ayında onun həyətində olmuşlar, orada olan məhsula baxmışlar. Əvvəl məhsulu bəyənmədilər. Sonra xurma almaq qərarına gəldilər. Onlar təxminən 14220 manat dəyərində ondan nisyə məhsul aldılar və getdilər. Sonra 5000 manat və 200 manat gətirib borclarından verdilər. Hal-hazırda ona 9000 manat borcları ödənilməmiş qalıb. Evdə həmin alqı –satqı barədə qeydiyyat apardığı dəftəri var. Amma tərəflər arasında heç bir yazılı sənəd- müqavilə yoxdur, onlar şifahi alqı-satqı etmişlər.

7. Cavabdeh5 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, ümumiyyətlə bu işlərdə əsas təşkilatçılığı edən odur. Belə ki, o borc olaraq 200 000 manata yaxın pul götürmüşdü ki, xurma alveri etsin. 2020-ci il ildə o, Zaur və Xanlar ilə birlikdə gedib İddiaçı həyətində məhsula baxmış, yaxşı olmadığı üçün məhsulu bəyənməmişlər. 2021-ci ildə o Rusiyaya getdi. Ondan sonra da hazırki, cavabdehlər və iddiaçı arasında necə nə cür münasibətlər olub xəbəri yoxdur. İddiaçı tərəflər arasında heç bir yazılı və şifahi razılaşma yoxdur. Bu iddianı da qəbul etmir. Hal-hazırda da işləri yaxşı deyil. Pul götürdüyü şirkətə 85 000 manat borcu qalmışdı. Xurma bağı var idi, onu satıb borcunu ödədi. Həmin xurma alveri zamanı orada olmayıb. O birinci gəlib həmin məhsula baxış keçirib. Sonra məhsulu bəyənmədiyi üçün almamışdır. Digər cavabdehlərə alverlə məşğul olmaq üçün pul verib. Həmin verdiyi pulu da geri ala bilməyib və pulu batıb. Hazırki iddia tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi və iddia əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh4 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, onlar iddiaçının evinə gedib göstərdiyi məhsula baxdılar. Amma məhsul xarab olduğundan bəyənmədilər. Sonra Cavabdeh2 gedib məhsulu iddiaçıdan alıb. Onun bu barədə xəbəri olmamışdır. Onun cavabdeh olan Xanlarla heç bir şəriklik münasibəti də olmayıb. Digər cavabdeh olan Xanların da ona verəcəyi var. İddianı da qəbul etmir. Həmçinin hesab edir ki, İddiaçı iddiası həm əsassızdır, həmdə iddia müddətini ötürmüşdür. Odur ki, İddiaçı iddia müddətini ötürdüyü üçün onun iddiasına iddia müddəti tətbiq edilsin və iddia əsassız olduğu üçün təmin edilməsin. 9.Cavabdeh1 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçıya borcu olduğunu qəbul edir. Onlar arasında xurma alveri olub və iddiaçıya 9000 manat borcu qalıb. Digər cavabdehlərlə birlikdə şərikli mal alıblar. Orada hamı iştirak edib. Xurma alanda 14000 manat borc var idi. Sonra 5000 manat borcdan ödəyiblər, 9000 manat borcu ödənilməmiş qaldı. Digər cavabdeh olan Cavabdeh2 onun atasıdır. Hər ikisinin adından borcu qəbul və etiraf edir. İddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi.

10. Cavabdeh3 məhkəmənin əvvəlki iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı ilə xurma alveri ilə məşğul olmuşlar. Onların iddiaçıya 9000 manat borcu qalıb. Digər cavabdehlərlə birlikdə şərikli mal alıblar. Orada hamı iştirak edib. Xurma alanda 14000 manat borc var idi. Sonra 5000 manat borcdan ödəyiblər, 9000 manat borcu ödənilməmiş qaldı. İddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirdi.

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

III. Tədqiq olunan sübutlar:

12. İş materiallarında olan 24 mart 2024-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Çayarxı kəndində yaşayan Əliyev X5 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Qarabaqqal kənd sakinləri Cavabdeh1 və Cavabdeh2, Cəyirli kənd sakinləri Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ondan 2021-ci ilin noyabr ayında nisyə xurma meyvəsi aldıqlarını, 9000 manat məbləğində borclarının qalmasını, lakin pulu ödəmədiklərini bildirmişdir. Təhqiqat zamanı izahatı alınan Cavabdeh3 öz izahatında bildirmişdir ki, Qarabaqqal kənd sakinləri Cavabdeh2, Cavabdeh1, Cəyirli kənd sakinləri Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə 2021-ci ildə şərikli xurma alveri etmişlər. Aldığı xurmaları Rusiya Federasiyasında Cavabdeh2 və Kamran Abışov satmalı, gəliri bölüşməli olmuşdur. Lakin həmin vaxt “karantin rejimi” olduğundan Xanlar və Kamran Rusiyaya gedə bilməmişlər, satışı tanıdığı şəxslərə həvalə etmişlər. Həmin vaxt satdıqları xurmada ziyan etmişlər, ümumi ziyan 200 000 manata çatmışdır. Bundan sonra mal aldıqları şəxslərin pulunu ödəməyin bir qismini öz aralarında bölüşmüşlər. İddiaçı tanıyır. İddiaçı də həmin vaxt xurma meyvəsi alınmışdır. Azərdən meyvəni Cavabdeh2 və Cavabdeh5 götürmüşdür. Ziyan etdikdən sonra onun öz payına 27 500 manata yaxın ziyanlıq düşmüş və ödəməyi öhdəsinə götürmüşdür. O, ümumi şəriklərlə birlikdə ziyanı hesablayıb kimə nə qədər ödəyəcəklərini dəqiqləşdirməyi dəfələrlə təklif etsə də Cavabdeh2 Rusiyada olduğu üçün haqq-hesab etməmiş, digərləri də haqq hesab etməmişlər. Nəticədə İddiaçı pulunu ödəmək öhdəliyi konkret olaraq kimə düşməsi aralarında həll edilməmişdir. Azərə borclu olduqları puldan bir qismi ödənilmişdir, 9000 manat ümumi borcları qalmışdır. İddiaçı ondan pulunu bir neçə dəfə istəyəndə Azərə vəziyyəti izah etmişdir. İddiaçı ümumi şəriklərin hər birini borcu vardır.

13. Təhqiqat zamanı Cavabdeh1, X1 və Rəsulov X6 Anar Əjdər oğlu ilə eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barələrində cinayət işi başlanması rədd edilmişdir.

İV. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-ci maddəsinə əsasən Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

V. Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə iddia müddəti keçdiyindən rədd edilməlidir.

16. Belə ki, məhkəmə ilk öncə iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, qeyd olunan cavabdehlər və iddiaçı arasında yaranan hazırki mübahisə şifahi nisyə alqı-satqı müqaviləsindən yaranan mübahisədir. İddiaçı cavabdehlərə xurma məhsulunu satmağı, cavabdehlər isə öz növbəsində həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin nisyə alqısatqı müqaviləsinin bağlanması iddiaçının və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatla təsdiqlənir və mübahisələndirilmir. Şifahi alğı-satqı müqaviləsinin bağlanması tərəflərin öz iradə ifadələrini əks etdirdiyindən Mülki qanunvericiliyin normalarına zidd olmamışdır. Bu səbəbdən müqavilə tərəflər arasında bağlanmaqla tərəflərin öz üzərlərinə düşən öhdəlikləri yaranmış, məhz hazırki mübahisə də bu öhdəlikdən irəli gəlmişdir.

17. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəmə iclasında verilən izahatlarda onların iddiaçıya borclarının olduğunu etiraf edirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslıdır və onlardan 9000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

18. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə qeyd edir ki, həmin cavabdehlərə münasibətdə iddia müddəti keçdiyindən rədd edilməlidir.

19. Belə ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və onlara münasibətdə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin axımının başlanğıcı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır ki, tərəflər arasında bağlanan şifahi alğı-satqı müqaviləsinin bağlanma vaxtı 2020-ci ilin noyabr ayına təsadüf edir. Həmin müddətdə də iddiaçı tərəfindən öhdəliyi icra etmək tələbi yaranmışdır. Lakin iddiaçı 22 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini keçirməklə məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdehlər Cavabdeh4 və Cavabdeh5 bununla bağlı məhkəməyə ərizə təqdim etdiyindən iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə rədd edilməlidir.

21. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edildiyindən ödənilmiş 110 manat dövlət rüsumu həmin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

22. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Vİİ. Nəticə:

24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 9000 manat məbləğində bоrc pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar