Məhkəmə qərarları › İş №2-2(117)-572/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-572/2023

02.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-572/2023 02.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X1 Cavabdeh İB-nə qarşı “Oğuz rayonu Kərimli kəndində mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttnin cavabdehin vəsaiti hesabına çıxarılması” tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh İB-nə qarşı “Oğuz rayonu Kərimli kəndində mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttnin cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli 2(054)-159/2023 nömrəli qəradadla işi baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 2-ci bəndində qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edildiyi kimi, Oğuz rayonu Kərimli kəndində yerləşən və İddiaçı mülkiyyətində olan 0,6366 ha torpaq sahəsindən Cavabdeh İB-nə aid qaz xətti keçir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı həmin qaz xəttinin məhz cavabdehin vəsaiti hesabına sonuncu tərəfindən çıxarılmasıdır. Belə olan halda məhkəmə hesab edir ki, abonentləri təbii qazla təchiz etməsi və bu məqsədlə qaz xətlərini çəkməsi qazpaylayıcı Cavabdeh İB-nin vəzifəsi olmaqla sonuncunun hakimiyyət səlahiyyətlərinə aiddir. Tərəflər arasında yaranmış münasibətlər mülki hüquqi əsasa, yəni hər hansı müqavilə münasibətlərinə söykənmədiyindən və qaz xəttinin çəkilməsi və ya yerinin dəyişdirilməsi ilə bağlı cavabdehin hərəkətləri sonuncunun ona Dövlət tərəfindən verilən hakimiyyət səlahiyyətlərinə söykəndiyindən həmin qaz xətləri ilə bağlı yaranan mübahisələrə də yuxarıda qeyd olunduğu kimi inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Sonda məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2204/2022 nömrəli qərardadından görünür ki, iddiaçı hazırki tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, həmin qərardaddan şikayət verilməmiş, qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsi hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə bağlı nəticəyə gəlsə də, qərardaddan şikayət verilməmiş, yuxarı instansiya məhkəməsi tərəfindən qərardadın qanuniliyi yoxlanılmamışdır. Halbuki hazırki məhkəmə hesab edir ki, hazırki iddiaya məhz inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Bundan başqa hazırki iş üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesi ilə bağlı qanunvericiliyin tələblərinə də riayət edilməmişdir. Lakin mübahisənin məhkəmə aidiyyəti kommersiya məhkəməsi olmadığından məhkəmə tərəfindən tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsinə hüquqi qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 Cavabdeh İB-nə qarşı “Oğuz rayonu Kərimli kəndində mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttnin cavabdehin vəsaiti hesabına çıxarılması” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar