Məhkəmə qərarları › İş №2-2(117)-75/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-75/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-75/2025 19.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30981 manat pulun və iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 183 manat dövlət rüsumu və vəkilə ödənilmiş olan 300 manat pulun əvəzinin tutularaq iddiaçı X4 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şəhərində yerləşən özünə məxsus olan VAZ ehtiyat hissələri satışı ilə məşğul olan AVTO-700 adlı mağazası vardır. Cavabdeh həmin mağazadan nisyə antifriz və mağazanın Sumqayıt şəhərində yerləşən anbarından nisyə avtomobil yağları alaraq Respublikanın müxtəlif rayonlarında satışını həyata keçirmiş və aldığı puldan həm özünə qazanc götürmüş, həm də Vüqar Ömərovdan almış olduğu mallarınpulunu geri qaytarmaq öhdəliyi götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və xx.xx.2023-cü il tarixə qədər mağazanın anbarından aldığı 39688.650 manat dəyərində yağın qalıq qalmış 32238.290 manat dəyərində pulunu və xx.xx.2023-cü il tarixdə mağazadan aldığı 1743.500 manat dəyərində antifrizin pulunu qaytarmamışdır. İddiaçı cavabdehdən öhdəliyini həyata keçirməyi tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış, bununla bağlı iddiaçı tərəfindən Göyçay rayon Polis şöbəsinə müraciət edilmiş və araşdırma aparılaraq cinayət işinin başlanmasınn rədd edilməsi barədə qərar qəbul edilmiş, cavabdeh həmin puldan xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 2.000 (iki min) manatını iddiaçı Vüqar Ömərova məxsus olan 4169 7388 4570 7727 nömrəli kart hesabına ödəmişdir. Hazırda cavabdeh iddiaçıya olan 30981 manat borcunu ödəmir. Cavabdeh tərəfindən öhdəliyinin icra edilməsi üçün tərəfindən ona xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş və ona öhdəliyi xatırladılaraq icrası tələb edilsə də, həmin məktuba bu günə qədər cavab verilməmiş və cavabdeh tərəfindən borc məbləğindən heç bir məbləğ ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdeh iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunan məlumata əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölkə sərhəddini keçərək Minsk şəhərinə getmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı tərəf cavabdeh ilə dəfələrlə əlaqə saxlayıb ona olan borcunu ödəməsini bildirmişdir. Lakin cavabdeh iddiaçıdan aldığı mallara görə cəmi 3000 manat məbləğində pul ödəmiş, qalan 30981 manat borcunu ödəməkdən yayınır. Hazırda da cavabdehlə əlaqə saxlaya bilmir. Ötən məhkəmə iclasında şahidlər dindirildi. Cavabdeh polisə verdiyi izahatında da qismən borcunun olduğunu etiraf edir. İddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarında Cavabdeh Polis Şöbəsinə verdiyi izahatda bildirmişdir ki, X5 tanıyır. Vüqar Ömərovla heç-bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin yayında ölkədaxili müxtəlif avto-ehtiyyat hissələri satılan mağazalara və yağdəyişmə servislərinə avtomobil yağı və antifiliz alıb-satmaqla məşğul olmuşdur. Bu səbəblə Göyçay rayon sakini Vüqar Ömərovdan müxtəlif vaxtlarda avtomobil yağı və antifiliz almışdır. Aldığı malların bir qismini nağd bir qismini nisyə götürmüşdür. Nisyə götürdüyü malları müxtəlif rayonlarda yerləşən servislərə və mağazalara vermişdir. Bəzi malların pulunu alsa da ancaq bəzi malların pulunu ala bilməmişdir. Bu səbəbdən də Ömərov Vüqara nisyə götürdüyü malların pulunu qaytara bilməmişdir. Bu barədə qeydiyyat aparmış Ömərov Vüqara təxminən 21 000 manat borcu qalmışdır. Ömərov Vüqara borcunun nə qədər olmasının dəqiqləşdirməmişdir. Ola bilər ki, 33 747 manat olsun. Lakin onun təxmin etməyinə görə borcu 21 000 manatdır. Borcu qaytara bilməməsinin səbəbi mağazalara verdiyi malların pulunu ala bilməməsi olmuşdur.

8. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, X4 olan borcundan 5000 manatını 10 gün ərzində verəcəyini, qalan borcunu isə hissəhissə ödəyəciyini öz öhdəsinə götürmüşdür.

9. İddiaçı tərəfindən tərtib edilmiş hesabat cədvəlindən görünür ki, Cavabdeh tərəfindən alınan mallara görə xx.xx.2023-cü il tarixə son borcu 32238 manat və 1743 manat kimi göstərilmişdir.

10. X7 tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2024-cü il tarixli pretenziya məktubndan görünür ki, o, cavabdehə ona olan 30981 manat borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir.

11. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 2000 manat və xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində pul X4 məxsus 416 73******7227 nömrəli kart hesabına ödənilmişdir

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Sumqayıt şəhərində yaşayır. İddiaçı da Sumqayıtda maşın bazarında sahibkarlıqla məşğuldur. Belə ki, o, avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. O da Vüqarın yanında anbarda antifriz satışına nəzarət edir. Cavabdeh Göyçay şəhərində mağaza işlədir. İddiaçıdan Göyçay şəhərində satmaq üçün nəğd və nisyə qiymətə antifriz almışdır. Sonuncu dəfə xx.xx.2023-cü ildə antifriz götürüb. Tərəflər arasında alqı-satqı olarkən heç bir müqavilə və yazılı sənəd olmayıb. Tərəflər arasında həmişə şifahi razılaşma olub.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Sumqayıt şəhərində yaşayır. İddiaçı qonşusu idi. İddiaçının Göyçayda antifriz satışı üçün anbarı var. O da həmin anbarda iş olandan-olana onun yanında fəhlə işləyir. Cavabdeh gəlib iddiaçıdan bəzən nəğd, bəzən də nisyə qiymətə antifriz alırdı. Aralarında olan haqqhesab barədə dəqiq məlumatı yoxdur. Amma yadında qalan odur ki, Nurlan xx.xx.2023-cü il tarixdə 1655 manat dəyərində götürdüyü antifrizi geri qaytarıb. Tərəflər arasında yaranan mübahisə barədə bildiyi bu qədərdir.

14. Qeyd olunan sübutlar və şahid ifadələri məhkəmə araşdırmasının predmentini təşkil etmişdir. İşin mahiyyəti üzrə baxılmasında həmin sübutlar əsas götürülmüşdür.

İV. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-ci maddəsinə əsasən Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, tərəflər arasında yaranan hazırki mübahisə şifahi nisyə alqı-satqı müqaviləsindən yaranan mübahisədir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda avtomobil üçün antifriz və yağ məhsullarını satmağı, cavabdeh isə öz növbəsində həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin nisyə alqı-satqı müqaviləsinin bağlanması iddiaçı tərəfin məhkəmədə və cavabdehin isə Göyçay rayon Polis Şöbəsinə verdiyi izahatla təsdiqlənir və mübahisələndirilmir. Şifahi alğı-satqı müqaviləsinin bağlanması tərəflərin öz iradə ifadələrini əks etdirdiyindən Mülki qanunvericiliyin normalarına zidd olmamışdır. Bu səbəbdən müqavilə tərəflər arasında bağlanmaqla tərəflərin öz üzərlərinə düşən öhdəlikləri yaranmış, məhz hazırki mübahisə də bu öhdəlikdən irəli gəlmişdir.

18. Məhkəmə qeyd edir ki, Göyçay rayon Polis Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2023cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarda Cavabdeh tərəfindən verilmiş izahatda iddiaçı ilə aralarında şifahi alğı-satqı münasibətinin olduğunu və ona 21 000 manat borcunu olduğunu təsdiq etmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.

19. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclaslarına iştirak etməsə də, polis şöbəsində verdiyi və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarda göstərilmiş izahatı sübut kimi əhəmiyyət daşıyır.

20. Habelə Cavabdeh tərəfindən imzalanmış iltizamla da onun iddiaçıya borclu olduğu təsdiqlənir. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdeh 21 000 manat borcunun olduğunun etiraf etdiyindən iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir.

21. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin qalan 9981 manat pul məbləğinin tələb edilməsi hissəsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, iddiaçı bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbini həmin hissədə sübut edə bilməmişdir. Bu səbəbdən iddia 9981 manat pul məbləğinin tələb edilməsi hissəsinə münasibətdə rədd edilməlidir.

22. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələri yanakı sübut kimi qiymətləndirilir. Yəni iş materiallarında olan başlıca sübutlarla şahid ifadələri öz təsdiqini tapmalıdır. Hazırki mübahisədə də şahidlər tərəflər arasında şifahi alğı-satqı münasibətlərinin olduğunu təsdiq etmiş, lakin cavabdehin iddiaçıya nə qədər borcunun olması barədə dəqiq məlumat verə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadələrini yalnız tərəflər arasında alğı-satqı münasibətlərinin olduğu, cavabdehin iddiaçıdan avtomobil üçün məhsullar aldığı və müəyyən qədər ödəniş etdiyi hissədə sübut kimi qəbul etmək olar.

23. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı ödənilmiş 300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Vəkillər X2 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

25. Hüquqi yardım göstərilməsi haqqında EM-2528VK-11194/24 nömrəli, xx.xx.2024cü il tarixli müqavilədən görünür ki, iddiaçı X7 tərəfindən vəkil Nümayəndə hüquqi yardıma görə 300 manat məbləğində pul ödənilməsi barədə razılıq imzalanmışdır.

26. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin təmin edilən hissəyə münasibətdə ödənilmiş 153 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

27. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 21000 manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 153 manat dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar