Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-886/2024 17.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “25000 manat pulun tutulması”, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “2015-2021- ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi” barədə iddia və qarşılıqlı iddia tələbləri üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən sonuncuya iddiaçı tərəfindən heç bir faiz olmadan xx.xx.2015-ci il tarixədək ödənilməsi şərtilə 30000 manat borc pul verilmişdir. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli kassa qəbzindən görünür ki, 10% beh - 2894.34 manat pul Cavabdeh2 tərəfindən İncə kafesinin özəlləşdirilməsi üçün ödənilmişdir. AR ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2016-cı il tarixli 439665 seriya BEB nömrəli kassa mədaxil order qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 1530 manat pul İncə kafesinin güzəştli satışı məqsədi ilə ödənilmişdir. Reyestrdə 7E-8181 nömrəsi ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 İddiaçı 05 il müddətinə ünvan 1 ünvanında yerləşən “İncə” kafesinin özəlləşdirilməsi ilə bağlı bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda təmsil etməyi, sənədləşdirmə işləri aparmağı, AR ƏMDK yanında DƏDRX-nə sənəd təqdim etməyi, çıxarış almağı, çıxarış aldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı, imzalamağı, notariat kontorunda alqı-satqı, ipoteka müqaviləsini rəsmiləşdirməyi, alqı-satqı müqaviləsi ilə əlaqədar bank əməliyyatlarını aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, Cavabdeh2 X5 ünvan 2 ünvanında istifadədə olan 0,019630 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.1 kv/m olan qeyri-yaşayış binasını 31500 manata satmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, ünvan 2 ünvanında yerləşən İncə kafesinin özəlləşdirilməsi üçün Cavabdeh2 adından X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə 17340 manat pul ödəmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər üzrə Bölməsinin 862 saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Bayramov X1 şəhəri, M.Hüseynzadə küçəsi 10, mənzil 27 ünvanında qeydiyyatsız yaşayır. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ər-arvaddırlar və Mingəçevir şəhəri sağ sahildə yerləşən İnci kafesinin sahibidirlər. Onlar həmin kafeni özəlləşdirib iddiaçıya satmaq istədiklərini bildirmiş, həmin kafenin özəlləşdirilərək iddiaçıya satacaqları vədinin verdiklərindən xx.xx.2025-ci il tarixdə onunla Cavabdeh1 arasında 30000 manat pula dair kredit müqaviləsi Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda rəsmiləşdirməklə bağlanmış və həmin məbləği borc alana tam şəkildə ödədiyini bildirmişdir. Sonradan həmin kafenin güzəştli satışı ilə əlaqədar tələb olunan 1530 manat pulu xx.xx.2016-cı ildə 2984 manat pulu isə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ödəmiş, daha sonra isə 600 manat sonuncuya sənədləşmə ilə əlaqədar pul vermişdir. Ancaq kafeni özəlləşdirdikdən sonra qiymətini artıraraq ondan əlavə pul tələb etdiklərini, onun da həmin pulu ödəməyə imkanı olmadığından pulu olmadığını bildirərək kafeni cavabdehlərə təhvil vermişdir. 2021-ci ildə həmin kafeni satıb, satış pulundan ona 10000 manat, qalan məbləği isə qısa müddətdə qaytaracaqlarını bildirmişdilər. O, 30000 manat pulu bankdan götürmüş, pulu dollarla götürdüyündən maddi ziyan düşmüşdür. Cavabdehlər pulun 10000 manatını qaytarsalar da, qalan məbləği qaytarmamışdılar. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona məxsus kafeni özəlləşdirərək almaq istəmiş və bu məqsədlə xx.xx.2015-ci il tarixdə 30000 manat kredit müqaviləsinin notariat kontorunda rəsmiləşdirilməklə onun həyat yoldaşına həmin məbləğdə borc pul vermiş, sonradan kafenin özəlləşdirilməsi və satışı ilə əlaqədar 1530 manat pulu xx.xx.2016-cı il tarixdə, 2984 manat pulu xx.xx.2016-cı il tarixdə banka onun adından ödəmiş, əlavə olaraq 600 manat digər sənədləşmə ilə əlaqədar pul vermişdir. 2015-ci ildən başlayaraq həmin kafeni işlətməyə başlamışdır. 2021-ci ildə kafenin açarını geri qaytararaq təhvil vermiş və ödədiyi pulları, eləcə də borc müqaviləsinə görə ödədiyi pulları geri tələb etmişdir. 2021-ci ildə həmin kafeni başqa şəxsə sataraq əldə etdiyi 10000 manat pulu onlara ödəmişlər. O, həmin kafeni cavabdehə satdıqdan sonra 2015-ci ildən kafeni işlətməyə başlamış, hər ay kafedə göstərilən xidmətə görə 200-250 manat gəlir əldə etmişdir. Bununla da hər ildə 2500-3000 manat qazanc əldə etməklə 5 il ərzində 10000 manatdan yuxarı gəlir əldə etmiş, belə olan halda 5 il ərzində ona 10000 manatdan yuxarı ziyan dəymişdir. Bundan əlavə mülki işdə olan kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmaqla 6 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixə kimi icra olunmalı idi. Lakin iddiaçı tərəfindən ona qarşı pulun qaytarılması üçün heç bir iddia qaldırılmamış və kafeni işlətməyə davam etmiş, hər ay 250 manat gəlir əldə etmişdir. Pandemiya ilə əlaqədar 2021-ci ilə qədər kafeni işlətdikdən sonra açarları qaytarmış və pulun ödənilməsini tələb etmişdir. Ona görə də məcbur olub həmin kafeni başqa şəxsə əvvəlki dəyərindən ucuz olaraq 10000 manata sataraq onun ödədiyi borc əvəzi olaraq vermişdir. Hazırda 25000 manat puldan onun cavabdehə borcu qalmamış, 5000 manat isə özəlləşdirmə məqsədi ilə onun adından banka özləri ödəmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2015-ci ildə əri iddiaçı ilə cavabdeh Mingəçevir şəhərində yerləşən İnci kafesinin alqı-satqısı ilə bağlı razılığa gəlmişdilər. Bankdan 30000 dollar kredit götürüb kafenin pulunu vermişdilər. Danışığa əsasən 2 ay müddətinə kafeni onun adına sənədləşdirməli idi. 2 aydan sonra heç bir sənədləşmə olmamışdır. Birdən eşitdilər ki, Rusiyaya, ordan da Almaniyaya gediblər. Kafeni geri qaytarıb, pulu istəməyə başladılar. Arvadı Zakirova (Şirinova) İlhamə Xəlifə qızı obyekt əldən getdiyini bildirmişdir. Obyekti sənədləşdirməyə 5000 manat pul lazımdır. Onlar da 5000 manat borc alıb pulu ödəməsi üçün cavabdehin arvadına vermişdir. 2021-ci ildə obyekti sənədləşdirib başqa şəxsə satmışdılar. Biləndən sonra evinə getmişdilər. Onlara 10000 manat vermişdir. Yerdə qalan borcuda 2 aya verəcəyini demişdir. Obyekti 2 aydan sonra təhvil vermişdilər. Qarşılıqlı iddianı da qəbul etmirlər. İddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, nümayəndəsinin izahatına əlavəsi yoxdur. Bankdan kredit götürüb pulu vermişdilər. Dəfələrlə görüşməklərinə baxmayaraq pulu qaytarmamışdır. 30000 ABŞ dolları pulu Cavabdeh1, 5000 manatı isə arvadına vermişdir. İddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, obyekti 30000 ABŞ dollarına iddiaçıya satmaq üçün aralarında razılaşma olmuş, notariusa gedib aralarında 30000 manata kredit müqaviləsi bağlamışdılar. 7 il işlətdikdən sonra obyekti satıb pulu verməsi üçün ona qaytarmışdılar. 5000 manat da arvadının əvəzinə iddiaçı tərəfindən Dövlət Əmlak Komitəsinə pul ödənilmişdir. Obyekti satıb təqribən 18000 manat Əmlak Komitəsinə ödəmişdir. Yerdə qalan puldan da 10000 manat cavabdeh tərəfə qaytarmışdır. Obyekti işlədərdilər vergini də ödəyərdilər. 10000 manat cavabdeh tərəfə qaytardıqdan sonra bildirmişdir ki, qalanını da yavaş-yavaş ödəyəcək. Amma nəzərə alınmalıdır ki, o da obyekti 7 il müdətində işlədib pul qazanmışdır. 7 ildən sonra obyekti qaytarmışdılar. O da obyekti xx.xx.2021-ci ildə dəyər-dəyməzinə satmışdır ki, evləri əldən getməsin onlara 10000 manat pul vermişdir. Borcu qəbul etdiyini, hissə-hissə qaytaracağını bildirmişdir. Amma onlar da obyekti 7 il müddətində işlətmişdir. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə Cavabdeh2 iştirakı olmadan baxmışdır. İş ilkin olaraq Mingəçevir Şəhər Məhkəməsinin icraatında olmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2129/2023 nömrəli qətnaməsi ilə ilkin idda təmin edilmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 25000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qeyd edilən qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-500/2024 nömrəli qətnaməsi ilə iş məhkəmə aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit müqaviləsi, AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər üzrə Bölməsinin 862 saylı xx.xx.2023-cü il tarixli arayışının surəti, Qəbz, Kassa mədaxil orderi, xx.xx.2016-cı il tarixli etibarnamə, xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, 20000 manat pul Cavabdeh1 və 5000 manat Cavabdeh2 tutulmalıdır ki, məhkəmə bütövlükdə cavabdehlərdən 25000 manatın tutulması tələbinə deyil, tələbin “20000 manat pulun Cavabdeh1 tutulması” və “5000 manat pulun Cavabdeh2 tutulması” hissələrinə münasibətdə hüquqi qiymət verir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edildiyi kimi tərəflər qeyri-yaşayış sahəsinin satışı ilə bağlı razılığa gəlmişlər. Bundan sonra tərəflər verilmiş pulu borc müqaviləsi ilə rəsmləşdirmişlər və iddiaçı tərəfindən cavabdehə 30000 ABŞ dolları verilmiş, lakin müqavilədə rəsmləşdirmə Azərbaycan manatı ilə 30000 göstərilmişdir. Bu hallar işin mübahisləndirilməyən halıdır. Məhkəmə qeyd edir ki, tərəflərin razılaşmasının nədən ibarət olması alınmış pulun qaytarılmaması üçün əsas deyildir. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri müqaviləyə əsasən formalaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh aldığı puldan 10000 manatını qaytarmış və onun iddiaçıya 20000 manat borcu qalmışdır. Cavabdeh bu halı inkar etmir, lakin sonuncunun borcu qaytarmaqdan imtinasının səbəbi iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi uzun müddət istifadə edildiyi və qazanc əldə edildilməsidir. Lakin cavabdeh qeyri-yaşayış sahəsində iddiaçının uzun müddət istifadə etməsinin və qazanc əldə etməsini sübut edəcək mötəbər sübutları mövcud deyildir. Şərh olunanalara əsasən məhkəmə hesab edir ki, pul Cavabdeh1 verdiyindən və sonuncu tərəfindən 10000 manat geri qauytarıldığından cavabdehdən 20000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş və işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı tərəfindən arvadı vasitəsi ilə mağazanın sənədləşdirilməsi məqsədi ilə Cavabdeh2 5000 manat pul verilmişdir. Cavabdeh1 məhkəmə iclasında bu halı etiraf etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 5000 manat pul isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, iddia tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakim məhkəmə hesab edir ki, borc cavabdehlərdən müştərək qaydada deyil hər birinə verilmiş pula münasibətdə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia müddətinin keçməsi ilə bağlı cavabdehlərin müraciətinə münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər aralarında xx.xx.2015ci il tarixdə 6 ay müddətə borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfə 30000 manat məbləğində pul vermiş və bundan əlavə 5000 manat Cavabdeh2 verilmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə etibarnamə verilmişdir. Cavabdeh tərəf həmin etibarnamə ilə qeyri yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda təmsil etməyi, sənədləşdirmə işləri aparmağı iddiaçıya tapşırmışdır. Cavabdehlər iddiaçı ilə pulun qaytarılması ilə bağlı şifahi razılığa gəlmişdir. 2021-ci ildə iddiaçıya 10000 manat qaytarıldığını hər iki tərəf təsdiqləmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq borclu borcunu etiraf edən hərəkət etmiş, 10000 manat borcdan ödəniş etmiş, belə olan halda iddia müddətinin axımı həmin hissədə kəsilmişdir. Göründüyü kimi iddia müddəti ötməmişdir. Cavabdeh2 və Cavabdeh1 2015-2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iddiaçılar qarşılıqlı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Cavabdehlərin istinad etdiyi dəlillər, öz izahatından başqa heç bir sübutla təsdiq olunmamış və iddiaçı bu halların həqiqiliyini inkar etmişdir. Cavabdeh tərəf iddiaçının 2021-ci ilə qədər qeyri-yaşayış sahəsində (kafedə) fəaliyyət göstərməsini, Cavabdeh2 əvəzinə bütün vergiləri, rüsumları ödəməsini, həmçinin 2015- 2021-ci illər ərzində İnci kafesində 7 il ərzində hər ay 2500-3000 manat olmaqla, ümumilikdə 25000 manat qazanc əldə etməsini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də tərəflər arasında qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair yazılı razılaşma olmamışdır. Göründüyü kimi qarşılıqlı iddia sübuta yetirilmədiyindən və qarşılıqlı iddia üzrə iddiaçılar öz iddialarını əsaslandıra bilmədiklərindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilərək 20000 manat pul Cavabdeh1, 5000 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, ilkin iddia borcun müştərək qaydada tutulması hissəsində rədd edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğundan və bunu təsdiq edən sənədlərini təqdim etdiyindən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. Həmin qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə ilkin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 165 manat, qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 165 manat təşkil edir. İlkin iddia qismən təmin edilsə də, tələb olunan borc məbləği əsaslı olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 165 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfdən 165 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş 165 manat dövlət rüsumu tutlmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 20000 manat, Cavabdeh2 5000 manat pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə ödənilməmiş 165 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçıalar Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “2015- 2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 manat gəlirin ödənilməsi”nə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-886/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-886/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver