Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-897/2024 07.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “3300 manat pul vəsaitinin və ödənilmiş 53 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçının iddiasına görə cavabdehlərin qəssab mağazaları vardır. İddiaçı Yevlax şəhərində maldarlıqla məşğul olur, yəni heyvanların kəsilib hər kq hesabına qəssablara ucuz qiymətə verilməsi ilə məşğuldur. Qəssablar da hər kq-nın üzərinə pul qoyub satırlar və malın pulunu iddiaçıya ödəyib, xeryini özlərinə götürürlər. Bu sövdələşmə ilə o, işləyir və ailəsinin dolanışığını təmin edir. Qeyd edilən şərtlərlə təxminən 6-7 ay bundan qabaq cavabdehlərə 3 baş mal vermişdir. Lakin hal-hazıradək həmin malların satışından iddiaçıya çatmalı olan 3300 manat pul vəsaitini cavabdehlər ona ödəməmişlər. Cavabdehlər həm öz xeyirlərini, eyni zamanda ona çatmalı olan malın əsas dəyərini də özlərinə götürüb xərcləmişlər. O, dəfələrlə hər iki cavabdehə müraciət edərək ona çatmalı olan məbləği, yəni 3300 manat pul vəsaiti, elə həmin gün, yəni ət məhsulu tamamilə satılıb qurtaran kimi iddiaçıya verməli idilər. İddiaçının ərizəsində bildirdiyinə görə cavabdehlərin hər ikisi iddiaçı qarşısında öhdəlik götürdüyündən hər ikisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliyini yerinə yetirmədiyindən 3300 manat borcları qalmışdır. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri cavabdehlərə xx.xx.2024-cü il tarixdə ünvanları üzrə təqdim edlməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları: iddia ərizəsi və işə baxan məhkəmələrə aid sənədlərdən ibarətdir (qərardad, bildiriş və s). Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk növbədə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 739-cu maddənin 1-ci və 2-ci bəndləri). İddiaçının iddiasına görə o, ətin satışı ilə məşğul olur. 6-7 ay bundan əvvəl iddiaçı cavabdehlər X1 və Cavabdeh2 3 baş mal vermiş, cavabdehlər isə həmin malların satışından 3300 manat pulu iddiaçıya verməli idilər. Lakin cavabdehlər öhdəliyini yerinə yetirməmiş və iddiaçıya 3300 manat borclu qalmışlar. Məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən cavabdehlərə 3 baş mal verdiyini və qarşılığında ona çatmalı olan 3300 manatı iddia etsə də bu halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində iddiasını hər hansı sübutla əsaslandrmamış və iddia ərizəsinə qoşma kimi yalnız şəxsiyyət vəsiqəsinin surətini, dövlət rüsumunun qəbzini və iddia ərizəsinin surətini əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçının hazırki iddiası əsassız sayan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 53 manat təşkil edir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu özünə aid edilməlidir. Nəticəvi hissə: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “3300 manat pul vəsaitinin cavabdehlərdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 53 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-897/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-897/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver